Məhkəmə qərarları › İş №2(054)-128/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-128/2022

23.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-128/2022 23.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək qardaşı qızı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildə Laçın rayonu Nağdalı kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Oğuz rayonu Malığ kəndində müvəqqəti məskunlaşıb yaşayır. Onun xx.xx.2003-cü-ci il tarixdə anadan olmuş qardaşı qızı Maraqlı şəxs “Əqli gerilik, qulluq və müalicə tələb edən ağır dərəcəli ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Maraqlı şəxs sağlamlıq imkanları məhdud şəxs kimi xx.xx.2021-ci il tarixədək müavinət ödənilmişdir. Maraqlı şəxs anası Novruzova Saçdı (Saşdı) Sarı qızı xx.xx.2006-cı il tarixdə vəfat etmiş, atası X9 isə xx.xx.2012-ci il tarixdən “Primitiv şəxsdə MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin paranoid pozuntusu”diaqnozu ilə qeydiyyatdadır. Qardaşı qızı Maraqlı şəxs da xəstə olmaqla onun himayəsindədir və Oğuz rayonu Malığ kəndində onunla birlikdə yaşayır. Qardaşı qızı psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Hazırda Maraqlı şəxs pensiya kartının müvafiq orqandan alınması üçün ona qəyyum təyin edilməlidir. Ona görə də hazırda qardaşı qızı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Qardaşı qızı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində işə baxılan şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə psixiatriya ekspertizasının rəyində onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı qeyd edilmişdir. Məhkəmə həmin əsaslara görə məhkəmə iclasının barəsində işə baxılan şəxsin iştirakı olmadan keçirilməsini qərara almışdır. Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X4 məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, Maraqlı şəxs barəsində Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.2007-ci il tarixdə verilmiş 656 nömrəli məcburi köçkün vəsiqəsinin surətlərindən, Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəsinin xx.xx.2022-ci il tarixli 32 nömrəli arayışından müəyyən edilir ki, ərizəçi 1965-ci ildə Laçın rayonu Nağdalı kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Oğuz rayonu Malığ kəndində müvəqqəti məskunlaşıb yaşayır. İş materiallarına əlavə edilmiş, barəsində işə baxılan şəxsə məxsus olan, xx.xx.2020-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, barəsində işə baxılan şəxs xx.xx.2003-cü il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur və Laçın rayonu Şamkənd kəndində qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Oğuz rayonunda məskunlaşıb yaşayır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 131 nömrəli arayışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxs xx.xx.2015-ci il tarixdən Oğuz rayon X1 şöbəsinin “Ruhi-Əsəb” kabinetində “Əqli gerilik, qulluq və müalicə tələb edən ağır dərəcəli ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 130 nömrəli arayışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxsin atası X9 da xx.xx.2012-ci il tarixdən Oğuz rayon X1 şöbəsinin “Ruhi- Əsəb” kabinetində “Primitiv şəxsdə MSS-nin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin paranoid pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli AZ-1 217613 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, barəsində işə baxılan şəxsin anası X6 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan xx.xx.2022-ci il tarixli AZ-T 188447 nömrəli, X7 məxsus olan xx.xx.2022-ci il tarixli AZ-T 188446 nömrəli və barəsində işə baxılan şəxsə məxsus olan xx.xx.2022-ci il tarixli AZ-T 170285 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, barəsində işə baxılan şəxs ərizəçinin qardaşı qızıdır. İş materiallarına əlavə edilmiş Oğuz Rayon İcra Hakimiyyəti başçısının Baş Daşağıl İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/12 nömrəli arayışdan müəyyən edilir ki, Maraqlı şəxs ərizəçinin himayəsindədir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu X11 15 saylı regional ərazi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxsə sağlamlıq imkanları məhdud olan şəxs kimi xx.xx.2021-ci il tarixədək müavinət ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X3” X11 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1155 nömrəli rəyindən müəyyən edilir ki, barəsində işə baxılan şəxsdə ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafını həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Oğuz Rayon Mərkəzi X5 Şəxsin Poliklinika şöbəsinin “Ruhi-Əsəb” kabinetində 2005-ci ildən “Əqli gerilik, qulluq və müalicə tələb edən ağır dərəcəli ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda olması), həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, bir yerdə qərar tutmaması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə dair tənqidi münasibətinin olmaması və sair əlamətlər) sübut edir. Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Maraqlı şəxs psixi vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ərizəçi hazırda barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya da barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, barəsində işə baxılan şəxs ərizəçinin qardaşı qızı olmaqla onunla bir ailədə yaşayır və onun himayəsindədədir. Barəsində işə baxılan şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qanunvericiliyin tələbinə əsasən ərizəçi barəsində işə baxılan şəxsin yaxın qohumu hesab edilməsə də, Maraqlı şəxs anasının vəfat etdiyini, atasının ruhi xəstə olduğunu və barəsində işə baxılan şəxsin məhz ərizəçinin himayəsində olduğunu nəzərə alaraq məhkəmə hazırki işin ərizəçinin tələbi ilə məhkəməyə verilməsini qanunauyğun hesab etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində işə baxılan şəxs “Əqli gerilik, qulluq və müalicə tələb edən ağır dərəcəli ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Onun barəsində Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən məhkəmə hesab edir ki, barəsində işə baxılan şəxs öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizənin təmin edilməsi, barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qardaşı qızı - xx.xx.2003-cü-ci il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş və Oğuz rayonu Malığ kəndində məskunlaşıb yaşayan Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar