Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-183/2022 11.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, onun vəklili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kirayə haqqının ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək 1440 manat kirayə haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,8 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0,10 hektar torpaq sahəsi 14.11.2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin vaxtdan əvvəl də evin əvvəlki sahibinin xahişi ilə qeyd edilən fərdi yaşayış evinə uzun müddət o özü nəzarət etmişdir. Cavabdeh 4-5 il bundan əvvəl onun razılığı ilə həmin fərdi yaşayış evinə köçmüş və hər ay 40 (qırx) manat kirayə haqqı ödəməyi öhdəsinə götürməklə oğlu X2 ilə birlikdə evdə yaşamağa başlamışdır. Cavabdeh bir müddət kirayə haqqını ödəsə də, sonradan kirayə haqqını ödəməkdən və evdən çıxmaqdan imtina etmişdir. O, məcburiyyət qarşısında qalaraq cavabdeh və oğlunun evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmışdır. Oğuz Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2 (054) - 356 / 2020 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh və oğlu 18.01.2022-ci il tarixdə məcburi qaydada evdən çıxarılmış olsalar da, həmin fərdi yaşayış evində yaşadıqları ən azı son 3 il (36 ay) üçün kirayə haqqı ödənilməmişdir. Cavabdehin ona kirayə haqqı kimi ödəməyi öhdəsinə götürdüyü hər ay üçün 40 manat, 36 ay üçün cəmi 1440 manat ödənilməmiş qalmışdır. Cavabdeh 1440 manat kirayə haqqını könüllü olaraq ödəmədiyinə görə o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu, hüquqi yardıma görə vəkilə 100 manat vəsait ödəmişdir. Hazırda o, 1440 manat kirayə haqqı, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat pulu cavabdehdən tələb edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəklili X3 da iddiaçının izahatında göstərdiyi xüsusatlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, onunla iddiaçı arasında kirayə müqaviləsi mövcud olmamışdır. Fərdi yaşayış evini də 18.01.2022-ci il tarixdə boşaldaraq iddiaçıya təhvil vermişdir. O, iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2 (054) - 356 / 2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən hazırki iş üzrə tərəflərin iştirakı ilə tərtib edilmiş 18.01.2022ci il tarixli aktın surətlərindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,8 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0,10 hektar torpaq sahəsi 14.11.2017-ci il tarixdən hazırki iş üzrə iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı hazırki iş üzrə cavabdeh və onun ailə üzvünə qarşı fərdi yaşayış evindən çıxarılma tələbi barədə iddia ilə məhkəməyə müraciət etmiş və onun iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamə əsasında 18.01.2022-ci il tarixdə ailə üzvü ilə birlikdə evdən məcburi qaydada çıxarılmışdır. İş materiallarına əlavə edilmiş 18.03.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı vəkilin göstərdiyi hüquqi yardıma görə ona 100 manat pul ödəmişdir. Hazırda iddiaçı cavabdehin ona 1440 manat kirayə haqqı borcu qaldığını bildirərək həmin məbləği, həmçinin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 35 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulu cavabdehdən tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi yaşayış sahəsinin 14.11.2017-ci il tarixdən etibarən onun xüsusi mülkiyyətində olmasına, həmin yaşayış sahəsinin kirayəyə veriməsi ilə bağlı cavabdehlə aralarında olan danışıq və razılaşmalara, eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə və həmin qətnamə əsasında cavabdehin 18.01.2022-ci il tarixdə ailə üzvü ilə birlikdə evdən məcburi qaydada çıxarılmalarına dair akta istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, onunla iddiaçı arasında kirayə müqaviləsinin mövcud olmadığını bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh və ailə üzvü 14.11.2017-ci il tarixdən etibarən iddiaçının xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdeh və ailə üzvü 18.01.2022-ci il tarixədək həmin evdə yaşamış, həmin tarixdə məhkəmə qətnaməsi əsasında məcburi şəkildə evdən çıxarılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materiallarından görünür ki, hazırki iş üzrə tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsinə dair mülki iş üzrə məhkəmə iclasında cavabdeh özü qeyd etmişdir ki, o və oğlu X2 artıq bir neçə ildir ki, ünvan 1 ünvanında yerləşən evdə yaşayırlar. Həmin vaxtlarda evə hazırki iş üzrə iddiaçı nəzarət etmiş, sonralar isə iddiaçı həmin evin öz mülkiyyətinə keçdiyini demiş və onlar arasında kirayə haqqı ödənilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Onlar kirayə haqqı kimi hər ay 40 manat ödəniləcəyi barədə razılığa gəlmişlər. Həmin vaxtadək isə o, ancaq evin kommunal xərclərini ödəmişdir. O və digər cavabdeh indiyədək də qeyd olunan evdə yaşayırlar, lakin maddi imkanı olmadığından kirayə haqqını iddiaçıya vaxtlı-vaxtında ödəyə bilməmişdir. Son 3-4 ayda isə iddiaçı ondan evdən çıxmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında iddiaçıya məxsus yaşayış sahəsindən hər ay 40 manat ödənilməklə istifadə edilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh 2017-ci ildən sonra da ailə üzvü ilə birlikdə həmin evdə yaşamaqda davam etməklə razılaşmanın şərtlərini, o cümlədən, evdən istifadə haqqının miqdarını qəbul etmişdir. Cavabdeh müəyyən vaxtlarda iddiaçıya bu məbləği ödəsə də, sonradan ödəməmiş, lakin 18.01.2022-ci il tarixədək iddiaçıya məxsus yaşayış sahəsində ailə üzvü ilə birlikdə yaşamaqda davam etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçıya məxsus yaşayış sahəsindən hər ay 40 manat ödənilməklə istifadə edilməsi ilə bağlı tərəflər arasında razılaşma olduğu və cavabdeh bu məbləği ödəmədiyinə görə iddiaçının evin boşaldılması tələbi ilə məhkəməyə müraciət etdiyi, həmin işə baxılarkən cavabdehin özünün də razılaşdırılmış məbləği son vaxtlarda ödəmədiyini etiraf etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, cavabdehin ailə üzvü ilə birlikdə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etdiyi müddət üçün hər ay 40 manat olmaqla hesablanmış məbləğin ödənilməyən hissəsi iddiaçıya dəymiş zərər kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin ailə üzvü ilə birlikdə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etdiyi müddət üçün hesablanmış məbləğin ödənilməyən hissəsini (ayların sayını) müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsinə dair mülki iş üzrə məhkəmə iclasında (Oğuz Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2 (054) - 356 / 2020 nömrəli qətnaməsi) iddiaçı özü qeyd etmişdir ki, son 3-4 ayda cavabdeh, ümumiyyətlə, kirayə haqqı ödəməmiş və hazırki vəziyyətdə (yəni 11.11.2020-ci il tarixə) ona cəmi 15 ay üçün ödənilməmiş kirayə haqqı borcu qalmışdır. Hazrda isə iddiaçı cavabdehin ona ən azı son 3 il (36 ay) üçün kirayə haqqının ödənilməmiş qaldığını bildirir. Həmin mülki işə baxılarkən cavabdeh özü də son 3-4 ayda kirayə haqqını iddiaçıya ödəyə bilmədiyinə görə iddiaçının ondan evdən çıxmasını tələb etdiyini etiraf etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin ailə üzvü ilə birlikdə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etdiyi müddət üçün hesablanmış məbləğin 11.11.2020-ci il tarixədək ödənilməyən hissəsinin, cavabdehin etiraf etdiyi kimi, son 3-4 ay həddində olmasını sübuta yetirilmiş hesab edir. Həmin vaxtdan sonra cavabdehin ailə üzvü ilə birlikdə iddiaçıya məxsus yaşayış sahəsindən onun iradəsi ziddinə istifadə etdiyi müddət isə 14 aydan daha artıq (11.11.2020-ci il tarixdən 18.01.2022-ci il tarixədək) müəyyən edilir. Məhkəmə qeyd olunan xüsusatlara işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək cavabdehin ailə üzvü ilə birlikdə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə etdiyi müddət üçün hesablanmış məbləğin ödənilməyən hissəsini (ayların sayını) yuvarlaq şəkildə cəmi 18 ay həddində müəyyən edilməsini qanuni, əssalı və ədalətli hesab edir. Qeyd olunan əsaslara görə, həmçinin, tərəflər arasındakı danışıq və razılaşmalarla bağlı cavabdehin özünün də etirafını sübut kimi nəzərə alaraq məhkəmə qərara gəlir ki, iddiaçıya məxsus olan yaşayış sahəsindən istifadə ilə əlaqədar iddiaçıya dəymiş zərər kimi ödənilməli məbləğ 18 ay üçün hər ay 40 manat olmaqla, cəmi 720 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin 17,50 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,50 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən evdən istifadə etdiyi müddətə görə cəmi 18 ay üçün hər ay 40 manat olmaqla 720 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin 17,50 manatdan ibarət hissəsi və hüquqi yardıma görə ödənilmiş 100 manat - cəmi 837,50 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin 17,50 manatdan ibarət hissəsi İddiaçı aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-183/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-183/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver