Məhkəmə qərarları › İş №2(054)-193/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-193/2022

30.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-193/2022 30.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək qardaşı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonu Zəylik kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Böyük Söyüdlü kəndində məskunlaşıb yaşayır. Onun xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu Zəylik kəndində anadan olmuş qardaşı Maraqlı şəxs 2000-ci ildən Oğuz rayon X1 Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “Əqli gerilik, ağır dərəcəli davranış pozuntuları ilə və kənar şəxsin qulluğuna ehtiyacı olması” diaqnozu ilə qeydiyyatdadır və xəstəliyə görə birinci dərəcəli müddətsiz əlildir. Maraqlı şəxs sağlamlıq imkanları məhdud olan və əmək qabiliyyətsiz şəxsdir. Qardaşı Maraqlı şəxs xəstə olmaqla onun himayəsindədir. Onların valideynləri - anası X3 xx.xx.2006-cı il tarixdə, atası X5 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Qardaşı psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Ona görə də hazırda qardaşı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Qardaşı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində işə baxılan şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə psixiatriya ekspertizasının rəyində onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığı qeyd edilmişdir. Məhkəmə həmin əsaslara görə məhkəmə iclasının barəsində işə baxılan şəxsin iştirakı olmadan keçirilməsini qərara almışdır. Oğuz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X6 məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, Maraqlı şəxs barəsində Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, xx.xx.2016-cı il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş AA 191676 nömrəli məcburi köçkün vəsiqəsinin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1981ci il tarixdə Kəlbəcər rayonu Zəylik kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Böyük Söyüdlü kəndində məskunlaşıb yaşayır.. İş materiallarına əlavə edilmiş, barəsində işə baxılan şəxsə məxsus olan, xx.xx.2013cü il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.2008-ci il tarixdə verilmiş AA 191436 nömrəli məcburi köçkün vəsiqəsinin surətlərindən, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 53 nömrəli arayışından müəyyən edilir ki, barəsində işə baxılan şəxs xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu Zəylik kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Böyük Söyüdlü kəndində məskunlaşıb yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixli V-ЖГ 391474 nömrəli və xx.xx.1981-ci il tarixli Vİİ-ЖГ 357255 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, barəsində işə baxılan şəxs ərizəçinin qardaşıdır. Onların valideynləri X5 və X3 adlı şəxslərdirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 360271 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İİ 224270 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, ərizəçinin və barəsində işə baxılan şəxsin valideynləri - X3 xx.xx.2006-cı il tarixdə, X5 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 09836 nömrəli əlillik vəsiqəsinin surətindən müəyyən edilir ki, barəsində işə baxılan şəxs birinci dərəcəli müddətsiz əlildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il 10/25-125 nömrəli arayışlardan müəyyən edilir ki, barəsində işə baxılan şəxs Oğuz rayonu Böyük Söyüdlü kəndində hazırki iş üzrə ərizəçinin himayəsində yaşayır. İş materiallarına əlavə edilmiş “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 459 nömrəli aryışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxs 2000-ci ildən Oğuz rayon X1 Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “Əqli gerilik, ağır dərəcəli davranış pozuntuları ilə və kənar şəxsin qulluğuna ehtiyacı olması” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu X11 1 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, barəsində işə baxılan şəxs birinci dərəcəli əlildir və ona sosial müavinət ödənilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X4” X11 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1706 nömrəli rəyindən müəyyən edilir ki, barəsində işə baxılan şəxsdə ağır dərəcəli əqli gerilik müəyyən edilir. Maraqlı şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də Maraqlı şəxs psixi vəziyyətinə görə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Maraqlı şəxs sağlamlıq vəziyyəti onun məhkəməyə gəlməsinə və məhkəmə iclasında iştirakına imkan vermir. Ərizəçi hazırda barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya da barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, barəsində işə baxılan şəxs ərizəçinin qardaşı olmaqla onunla bir ailədə yaşayır və onun himayəsindədədir. Barəsində işə baxılan şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində işə baxılan şəxs “Əqli gerilik, ağır dərəcəli davranış pozuntuları ilə və kənar şəxsin qulluğuna ehtiyacı olması” diaqnozu ilə qeydiyyatdadır və o, xəstəliyə görə birinci qrup müddətsiz əlildir. Onun barəsində Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən məhkəmə hesab edir ki, barəsində işə baxılan şəxs öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizənin təmin edilməsi, barəsində işə baxılan şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqda qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qardaşı - xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu Zəylik kəndində anadan olmuş və həmin kənddə yaşayan Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar