Məhkəmə qərarları › İş №2(054)-209/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-209/2022

01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-209/2022 01.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Oğuz şəhəri Axundov küçəsi ev 19 ünvanında yaşayır. 18.08.2021-ci il tarixdə Cavabdeh İB-nin tabeçiliyində olan X1 İstismar İdarəsinin Oğuz sahəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş, istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmişdir. Yoxlamanın nəticələrinə dair akt tərtib edilmiş və həmin sayğac götürülərək qaz xəttinə yeni sayğac quraşdırılmışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra cavabdeh tərəfindən ona göndərilmiş 28.10.2021-ci il tarixli tələbnamə ilə 4320 kub metr itirilmiş təbii qazın dəyəri olan 432,00 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Həmin tələbnamədə sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi qeyd edilmiş və ona məlum olmuşdur ki, guya sayğaca müdaxilə etdiyinə görə onun hesabına 432,00 manat debitor borcu yazılmışdır. Cavabdeh tərəfindən cəmi 4320 kub metr itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 432,00 manat onun hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun barəsində verilmiş 28.10.2021-ci il tarixli akt əsasında onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, yaşadığı evə, təxminən, 5 il əvvəl sayğac quraşdırılmışdır. 2021-ci ilin avqust ayında qaz xəttinə yeni sayğac quraşdıraraq köhnə sayğacı çıxarmışlar. Yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun olaraq ödəmiş, hərdənbir cüzi gecikmələr olmuşdur. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Sayğacın hesablama mexanizminin plasmas qapağında zədənin nə vaxt və hansı şəraitdə yaranması barədə hər hansı məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi də belə bir qüsur aşkar etməmişdir. Əgər sayğacda aşkar edilmiş qüsur çoxdan olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Onun sayğacda olan nasazlıqdan əvvəlcədən məlumatı olmamışdır. 28.10.2021-ci il tarixli akt əsasında heç bir qanuni əsas olmadan ona 4320 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 432,00 manat miqdarında debitor borcu daxil edilmişdir. Sayğac dəyişdirilərkən qoşulmuş yeni sayğac da mart ayından etibarən smart tipli sayğacla əvəz edilmişdir. Hazırda təbii qazın dəyəri üçün etdiyi ödənişin yarısı onun hesabına işlənmiş debitor borc üçün silinir. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilərkən sayğacın zədələndiyi müəyyən edilmişdir. Qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağı alt hissədən deşici alıtlə deşilmişdir (qaz itkisi, müdaxilə). Qaz sayğacına qəsdən müdaxilə olunması və nəticədə təbii qazdan qanunsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin dəyərinin gizlədilməsinə yönəldilmiş qəsddən irəli gəlir. Qeyd olunan əsaslara görə iddiaçının hazırki iddia tələbini əsassız hesab etdiyini bildirərək həmin tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 21.10.2021-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18.08.2021-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə 22.10.2021-ci il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.10.2021-ci il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair 28.10.2021-ci il tarixli tələbnamənin surətləri və abonentin 01.06.2022-ci il tarixli saldosu ilə müəyyən edildi ki, iddiaçı Bakı şəhərində qeydiyyatda olsa da, faktiki olaraq Oğuz şəhəri Axundov küçəsi ev 19 ünvanında yaşayır. İddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadə ilə əlaqədar müqavilə bağlanmışdır. Cavabdeh İB-nin X1 İstismar İdarəsinin ünvan 1 ünvanında iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə qoşulmuş qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Köhnə qaz sayğacı yoxlanılmış, yoxlamanın nəticələrinə dair tərtib edilən 28.10.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədən deşildiyi aşkar olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 28.10.2021-ci il tarixli akt əsasında 28.10.2021-ci il tarixli tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 4320 kub metr müəyyən edilmişdir. Həmin tələbnamə iddiaçıya göndərilərək itirilmiş təbii qazın dəyəri kimi 432,00 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş 28.10.2021-ci il tarixli akt əsasında hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 432,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbinin əsası kimi yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca ən geci ayda bir dəfə nəzarətçisi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən etirazda iddia tələbinin əsassız hesab edildiyi qeyd edilmiş və həmin tələbin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinin, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların, dəymiş ziyanın bərpasına dair tələbnamənin surətlərini, abonentin saldosunu məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilmiş və həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Qaz sayğacına cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq hər ay baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə, qısa müddət ərzində 4320 kub metr miqdarında, yəni 432,00 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan da görünür ki, hazırki iş üzrə iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, cavabdehin qeyd etdiyi kimi, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılan sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçı barəsində verilmiş 28.10.2021-ci il tarixli akt əsasında onun hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432-220ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş 28.10.2021-ci il tarixli akt əsasında İddiaçı hesabına işlənmiş 4320 (dörd min üç yüz iyirmi) kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 432 (dörd yüz otuz iki) manat debitor borc silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar