Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-22/2024 07.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 45627 manat məbləğində pulun, avtomobilə dəymiş 2760 manat maddi ziyanın və 236 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair mülki işə 07 avqust 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 45627 manat məbləğində pulun, avtomobilə dəymiş 2760 manat maddi ziyanın və 236 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə əsasən Xaləddin Məhərrəmov adlı şəxs Mingəçevirdə iddiaçının atasına məxsus evdə kirayədə yaşamış, səyyar şəkildə tikinti mallarının paylanması ilə məşğul olmuşdur. 2017-ci ildən iddiaçının onunla münasibəti yaranmışdır. İddiaçı Üçxoz adlanan yerdə yerləşən həyət evinə işıq çəkdirmək istədiyini, buna görə led lampaların lazım olduğunu ona bildirmişdir. Xaləddin isə onu Elnur adlı şəxslə tanış etmişdir. Görüşəndə Elnur pul olsa yaxşı iş qurmağın mümkün olduğunu bildirmiş, o isə fikirləşəcəyini demişdir. 2019-cu ilin aprel ayında Elnur ona zəng edərək görüşmək istədiyini bildirmiş, Xaləddinə bu barədə deyəndə fikri müdafiə etmişdir. Gəncədə görüşəndə Elnur ona tikinti materialları alqı-satqısını genişləndirməyi və şərikli işləməyi təklif etmişdir. Bunun üçün “Ford” markalı maşın və tikinti materialları almaqla bağlı 25000- 30000 manat pul lazım olduğunu bildirmişdir. Sürücü kimi isə Xaləddinin dayısı oğlu İlyası götürəcəyini söyləmişdir. Aralarında qazanc və faizlər, habelə digər məsələlər barədə razılaşma olsa da, sürücünü tanımadığını, bu barədə düşünmək istəyini Elnura bildirmişdir. Mİngəçevirdə Xaləddinlə görüşüb söhbət edəndə o, Elnura inanmağını və İlyası da sürücü kimi məsləhət bildiyini dediyindən ona inanmışdır. Bundan sonra 16200 manata “Ford” markalı maşın almışlar. Bir qədər işlədikdən sonra maşını dəyişmiş, 21000 manata Xaləddindən başqa yük avtomobili almışlar. Elnur danışdıqları kimi hər ay gəlirin 40 faizini, həmçinin onun pulundan müəyyən hissəni qaytarırdı. 2020-ci ildə Elnurla aralarında müəyyən soyuqluq yaranmışdır, belə ki, sentyabr ayında Elnur haqq-hesab edəndə İlyasın malın pulundan 15000 manat mənimsədiyini bilmişdir. Mingəçevirdə Xaləddin, İlyas və o görüşmüşlər. Danışıq zamanı İlyasın Elnura 40000 manata yaxın borcu olduğu aşkar edilmiş, İlyas əskik gələn 15000 manat puldan 2000 manatını atasına borc verdiyini, 4000 manatını ehtiyacları üçün xərclədiyini, 9000 manat dəyərində tikinti materialını Şəmkirdə kirayə qaldığı evdə saxladığını, təqribən 16000 manat pulun isə müştəridə olduğunu bildirmişdir. İlyas bunu Xaləddinin məsləhəti ilə etdiyini söyləmiş, Xaləddin də təsdiq etmişdiir. Sonra Cavabdeh işin hamısını Elnurdan götürmək istədiyini, bu yolla ümumi borcunun Elnurun ona (iddiaçıya) olan borcundan çıxılmasına razılıq verməyini istəmiş, Elnura olan borcunun iddiaçı tərəfindən ödəniləcəyi təqdirdə tezliklə işləyib borcunu ödəyəcəyini bildirmişdir. İlyas hər dəfə yeni mallar sifariş etdikdə 25-40 faiz arası gəlir olacağını da söyləmişdir. İddiaçı həmin gəlirdən 6,5 faiz verməyi, qalan gəliri isə özünə götürməsini İlyasa bildirmişdir. Xaləddin də İlyasa inandığını, işi də yoluna qoyacağını demişdir. Beləliklə Elnurun ona olan 39790 manat borcu İlyasa keçmiş, Elnurun ona cəmi 1500 manat borcu qalmışdır. Elnur bunun əvəzinə İlyasın ona qaytaracağı mallardan verəcəyini bildirmişdir. Həmin malları İlyas Elnurdan almış, bir hissəsi xarab olduğundan İlyas cəmi 800 manat satış elədiyini demişdir. Beləliklə İlyasın ona 40590 manat borcu yaranmışdır. Bundan əlavə İlyas işlətdikləri avtomobilin nasazlığını bildirmiş, Xaləddin avtomobili 20000 manata satmışdır. Sonra birlikdə Bakı şəhərindən “Mersedes Ateko 8162”markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobili 34000 manata almışlar. Avtomobilə İlyasın adına etibarnamə vermişdir. İlyas işlədiyi müddətdə ona hissələrlə pul göndərmiş, pulları toplamış, üzərinə əlavə edərək İlyasa göndərmişdir ki, yenidən mal alsın. Sonra İlyasa 3000, 7900, 5000, 1500, 1000 manat pul vermişdir.Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İlyasa Mingəçevir şəhərində 5000 manat pul vermişdir. Müəyyən məbləğ qaytardıqdan sonra İlyasın ona 45627 manat borcu qalmışdır. Bundan başqa İlyas avtomobildə konstruktiv dəyişiklik etdiyindən ona 2760 manat maddi ziyan vurmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcu qaytarmadığından polis şöbəsinə şikayət etmişdir. Mİngəçevir şəhər polis şöbəsində izahatı alınarkən cavabdehin ona 45627 manat borcu olduğu öz əksini tapmışdır. İddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tələbini iddia ərizəsində geniş şəkildə ifadə etmişdir. Qeyd etdiyi işə başlamasının səbəbi isə övladının xəstəliyi olmuşdur. Onun müalicəyə ehtiyacı vardır. Hətta Turkiyə Respublikasında da müayinə olunmuşdur. Müalicə yüksək miqdarda xərc tələb edir, belə ki, Almaniyada müalicə üçün 200000 evroya yaxın pul tələb olunur. Buna görə fikirləşmişdir ki, tikinti materiallarının satışından lazım olan məbləğdə pul qazana bilər. Nə Elnurla, nə İlyasla aralarında olan razılşma yazılı şəkildə olmamışdır. Ancaq votsap vasitəsi ilə yazışma aparmışlar, belə ki, İlyas pul verdikdə onu yazmış, qalan borcu bildirmişdir. Hətta bir dəfə İlyas ona olan borcunu artıq hesablayaraq ona yazsa da, o cavab yazaraq düzgün məbləği göstərmişdir. Bununla bağlı yazışmaları çap edərək, habelə səs mesajlarını diskə köçürərək ərizəsinə əlavə etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci ildə cavabdeh 150 manat verdikdən sonra borcu 45627 manat olmuşdur. Ondan sonra danışıq və yazışmaları olsa da İlyas borcundan ödəniş etməmiş, həmçinin həmin borcu inkar etməmişdir. Bundan əlavə cavabdeh onun mülkiyyətində olan, işləri həyata keçirmək üçün etibarnamə ilə verdiyi “Mersedes-Benz Ateko 616” markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasını dəyişmiş, avtomatik açılan qapılarını mexaniki qapılarla əvəz etmişdir. Nəticədə ona 2200 manat arxa qapı, 410 manat idarə edici qurğu, 150 manat xidmət haqqı olmaqla cəmi 2760 manat ziyan vurmuşdur. Bununla bağlı Mİngəçevirdə mütəxəssis tərəfindən xx.xx.2023-cü ildə akt tərtib edilmişdir. Cavabdeh avtomaşını girov qoymuşdu, bunu müəyyən edəndən sonra maşını götürüb, bir az əl gəzdirib, amma hələlik qapıları dəyişdirməyib. Elnurla onun arasında heç bir problem qalmamışdır. Onun iddiası Cavabdeh qarşıdır. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, Elnurun borcunu iddiaçı ödəməyib. Onun Elnura olan borcu ödənilib, qəbzləri var idi, müstəntiqə verib, yaxud özündədir, tapsa gətirə bilər. İddiaçı ilə aralarında belə razılaşmışlar ki, gəlirin 6,5 faizi iddiaçıya çatacaq. İddiaçı ona iki dəfə 5000, bir dəfə 8000, bir dəfə 3000 manat olmaqla cəmi 21000 manat pul verib. Onun iddiaçıya 21000 manat, gəlirin 6,5 faizi 1365 manat borcu vardır. Borclar 45000 manata kimi gəlib, sonra ödənilib. Elnurun borcunu qəbul etməyib və ödənilməsini üzərinə götürməyib. Avtomobil məsələsinə gəldikdə isə maşının arxa qapısı elektron idi, sonra xarab oldu, məcburən dəyişmişdir. Həmin qapı 1200 manatdır, yəni mexanizmin dəst qiymətidir. Qapının dəyişilməsinə 700 manat xərc çəkib. Maşın xərcləri onun üzərində olduğundan iddiaçı ilə məsləhət etməyib və icazə almayıb. Əslində səhv edib. Maşına dəyən ziyan 500 manatdır. Beləliklə onun iddiaçıya olan borcu 21000 manat, onun 6,5 faizi 1365 manat, maşına dəyən maddi ziyan 500 manat olmaqla 22865 manatdır. İddianın həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, mübahisəli nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, iş üzrə icraat dayandırılmaqla xx.xx.2023-cü il tarixli, 2(054)-574/2023 saylı qərardada əsasən mülki işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Mülki iş (yeni nömrə 2(054)-22/2024) xx.xx.2024-cü il tarixli, 9/1221 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesb etmişdir. Məhkəmə iclasında iddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatını təsdiq etmiş, ekspertiza rəyinə etiraz etməmiş, əlavə olaraq bildirmişdir ki, onunla cavabdeh arasında olan münasibətlər votsap yazılarında öz əksini tapmışdır, həmin yazılar isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən sübut hesab edilməlidir. İş materiallarına əlavə etdiyi votsapdan çıxarışların fotosurətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh yazdığı mesajda (ismarıc) ona borcundan 250 manat çıxanda qalığın səhvən 26290 manat olduğunu qeyd etmiş, Üzeyir isə onun səhvini düzəldərək borcun 46290 manat olduğunu bildirmiş, o da bunu “düzdür” yazaraq təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli (45500 manat), xx.xx.2021-ci il tarixli (44700 manat) mesajlara cavab olaraq da cavabdeh borc məbləğini təsdiq etmişdir. 09, 10, 19, 22 və 23 oktyabr 2021-ci il tarixlərdə cavabdehin borcundan etdiyi ödənişlər nəzərə alınmaqla onun borcunun 40200 manat olduğunu borcluya yazılı şəkildə bildirmişdir. Oktyabr ayının 27-də 5500 manat əlavə edildikdən sonra borcun məbləği 45700 manat təşkil etmiş, xx.xx.2021-ci il tarixdə borcun son məbləği 45627 manat olmuş, bununla bağlı qeydlər də votsap vasitəsi ilə cavabdehə göndərilmiş, həmin tarixdən sonra cavabdehlə pulla bağlı münasibətləri davam etməmişdir. Beləliklə təqdim etdiyi sübutlardan göründüyü kimi cavabdehin ona 45627 manat məbləğində borcu yaransa da borcun qaytarılması təmin edilməmişdir. Avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyində müəyyən edilənləri qəbul edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində anadan olmuş, yaşayış yeri Mingəçevir şəhəri, Y.Muradov küçəsi, ev 39, mənzil 30-dur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası, Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Xaçmaz kəndidir. Mingəçevir şəhər polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/1877 saylı materialı üzrə işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikasi CM-nin 178-ci maddəsinin tərkib hissəsi olmadiğından cinayət işinin başlanması rədd edilmiş, qərardan müvaliq olaraq ibtidai arasdirmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxari prokurora, yaxud məhkəməyə şikayət etmək, habelə Cavabdeh ilə aralarındakı pul mübahisəsi mülki xarakterli və Azərbaycan Respublikasi MPM-nin 25-ci maddəsinə əsasən mülki mübahisəli məsələlərə baxmaq məhkəmə səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət etmək hüquqlarının olması İddiaçı izah edilmişdir. Cavabdeh HK-1/1877 saylı materialda olan və işə əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli izahatlarından və şübhəli şəxs qismində verdiyi (materialda şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2022-ci il tarixli olsa da izahatın tarixi xx.xx.2022ci il kimi yazılıb.) ifadəsindən görünür ki, o, İddiaçı 2019-cu ildən-Elnur adlı tanışının vasitəsi ilə tanıyıb. 2020-ci ildə Elnurla İddiaçı arasında qazancla bağlı narazılıq olduqdan sonra Eldənizlə birgə işləməyə başlayıb. Belə ki, İddiaçı ona yük maşını ilə birgə 5000 manat pul verərək iş görməyi bildirmiş, pulu 6,5 faizlə geri qaytaracağı barədə razılaşmışlar. Beləliklə o, təsərrüfat mallarının satışını həyata keçirmiş, aldığı pulu faizi ilə geri qaytarmışdır. İddiaçı əlavə 8000 manat da almış, cəmi 13000 manat pulu faizi ilə, yəni 20000 manatdan çox pulu əlbəəl, bir o qədər də kart vasitəsi ilə geri qaytarmışdır. Onun İddiaçı 45627 manat borcu olmayıb, sadəcə onun verdiyi pulun faizini qaytara bilməyib. Faizin məbləğini bilmir. Əvvəllər faiz ödəmiş, sonradan ödəmək istəsə də maddi imkanı olmamışdır. İddiaçı ona sürmək üçün verdiyi avtomobilin yük hissəsinin qapısı xarab olduğundan Eldənizə məlumat vermiş, avtomobilin bütün xərci ona aid olduğundan Eldəniz qapının da onun tərəfindən düzəldilməsini istəmiş, buna görə yeznəsi Elşən Abdullayevdən 700 manat borc pul alaraq maşını düzəltdirmişdir. X1 həmin materialda olan və işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, dayısı oğlu Cavabdeh izahatına uyğun izahat vermiş, onun İddiaçı iş görmək üçün cəmi 13000 manat pul aldığını, əvəzində 25000 manata yaxın əlbəəl, bir o qədər də kart vasitəsilə Eldənizə pul verdiyini, İlyasın pulların qəbzlərini ona göstərdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə olulmuş xx.xx.2024-cü il tarixli, 9/1221 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş, iş materiallarında olan "xxxx" T.X.S. MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Akta əsasən 2008-ci il buraxılışlı “Mersedes-Benz” markalı, “Ateko 616” model, ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təxminən 2000 manat, təmir-bərpa işlərinin qiyməti 150 manat olmaqla cəmi 2150 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Məhkəmə araşdırması ilə müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında 2019cu ildən yaranmış tanışlığa uyğun olaraq tərəflər arasında 2020-ci ildən borc münasibətləri yaranmışdır. Belə ki, iddiaçı cavabdehə verdiyi pulun müqabilində cavabdeh təsərrüfat mallarının satışını həyata keçirməli, iddiaçının verdiyi pulu və həmin pula hesablanmış faizləri (6,5 faiz) ödəməli idi. İddiaçı ilə cavabdeh arasında pulların alınıb qaytarılması votsap yazışmaları ilə həyata keçirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş votsap yazışmalarından çıxarışların foto-surəti öyrənilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh yazdığı mesajda (ismarıc) ona borcundan 250 manat çıxanda qalığın səhvən 26290 manat olduğunu qeyd etmiş, İlyas isə onun səhvini düzəldərək 46290 manat olduğunu bildirmiş, iddiaçı da bunu “düzdür” yazaraq təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli (45500 manat) və xx.xx.2021-ci il tarixli (44700 manat) mesajlarda da cavabdeh borc məbləğini “düzdür” yazaraq təsdiq etmişdir. 09, 10, 19, 22 və 23 oktyabr 2021-ci il tarixlərdə cavabdehin borcundan etdiyi ödənişlər nəzərə alınmaqla iddiaçı borcun 40200 manat olduğunu borcluya yazılı şəkildə bildirmişdir. Təqdim edilmiş votsap yazışmalarına əsasən iddiaçı oktyabr ayının 27-də (2021) cavabdehin borcuna 5500 manat əlavə edildiyini, bundan sonra borcun məbləğinin 45700 manat təşkil etdiyini, xx.xx.2021-ci il tarixdə 325 manat gələndə borcun 46025 manat, xx.xx.2021-ci il tarixdə 45825 manat, xx.xx.2921-ci il tarixdə 85 manat gələndə 45910 manat, xx.xx.2021-ci il tarixdə 65 manat gələndə 45975 manat, xx.xx.2021-ci il tarixdə 250 manat çıxanda 45725 manat, xx.xx.2021-ci il tarixdə 45777 manat, xx.xx.2021-ci il tarixdə 45777-150=45627 manat olduğunu yazmış, borcun üzərinə gəlmiş 5500 manat və sonrakı məbləğlər cavabdeh tərəfindən təsdiq edilməmiş, iddiaçı da bunu cavabdehdən tələb etməmişdir. İddiaçının Mingəçevir şəhər polis şöbəsinə etdiyi şikayətlə əlaqədar araşdırma zamanı cavabdeh iddiaçıdan cəmi 13000 manat (5000 və 8000 manat) pul aldığını qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatla iddiaçının ona iki dəfə 5000, bir dəfə 8000, bir dəfə 3000 manat olmaqla cəmi 21000 manat pul verdiyini, onun iddiaçıya 21000 manat, gəlirin 6,5 faizi olan 1365 manat borcu olduğunu, borcların 45000 manata kimi gəlib, sonra ödənildiyini, Elnurun borcunu qəbul etmədiyini və ödənilməsini üzərinə götürmədiyini bildirmişdir. Beləliklə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş votsap yazışmalarını sübut kimi qəbul edərək bildirir ki, tərəflər arasında borc hüquq münasibətləri yaranarkən qüvvədə olan qanunvericilik (borc müqaviləsinin predmeti 3000 manatdan çox olduqda müqavilə yazılı bağlanmalıdır), habelə cavabdehin polis şöbəsində və məhkəmə iclasında verdiyi izahatları arasında ziddiyyətli məqamlar nəzərə alınmaqla borcun cavabdeh tərəfindən sonuncu təsdiq edilmiş məbləği 44700 manat, 09, 10, 19, 22 və 23 oktyabr 2021-ci il tarixlərdə cavabdehin borcundan etdiyi ödənişlərdən sonra borcun 40200 manat olduğu qəbul edilməli, iddia tələbi həmin məbləğə münasibətdə təmin edilməli, iddiaçının cavabdehə verdiyini bildirdiyi 5500 manat və ondan sonrakı məbləğlər cavabdeh tərəfindən təsdiq edilmədiyindən iddia tələbi 45627-40200=5427 manat hissədə rədd edilməlidir. İddia tələbinin avtomobilə vurulmuş 2760 manat maddi ziyan hissəsinə münasibətdə məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddia tələbinin həmin hissədə qismən-2150 manat məbləğində təmin edilməsini qanunauyğun və ədalətli hesab edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(054)-574/2023 saylı qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1221 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 217,05 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməli, 50 manat ekspertiza xərci isə işin hallarına uyğun olaraq iddiaçı və cavabdehdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 40200 (qırx min iki yüz ) manat borc pul, 2150 (iki min bir yüz əlli) manat avtomobilə dəyən ziyan və 217,05 (iki yüz on yeddi manat beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin 11,50 manat hissəsi İddiaçı, 38,50 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 5427 manat borc pul və 610 manat avtomobilə vurulmuş ziyan, 18,95 manat dövlət rüsumu hissələrində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-22/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-22/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver