Məhkəmə qərarları › İş №2(054)-278/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-278/2022

08.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-278/2022 08.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli JN - 181 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və xx.xx.2000-ci il tarixli JN - 248A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Ərmənət kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Sincan kəndində yaşayır. O, xx.xx.1990-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə X1 adlı şəxsə ərə getmiş və onun soyadına uyğun olaraq “Zülfüqarova” soyadını qəbul etmişdir. Nikaha daxil olanadək isə onun soyadı “Məmmədova” olmuşdur. Hazırki vəziyyətdə onun şəxsiyyət vəsiqəsində və özünə məxsus olan digər sənədlərində adı, soyadı və ata adı Zülfüqarova (Məmmədova) İntizar Məmməd qızı kimi yazılmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,71 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN - 181 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 0,12 hektar həyətyanı torpaq sahəsinə dair xx.xx.2000-ci il tarixli JN - 248A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun soyadı “Zülfüqarova” əvəzinə səhvən “Zülfiqarova” kimi, ata adı isə “Məmməd qızı” əvəzinə “Mehdi qızı” kimi yazılmışdır. Həmin sənədlərdə onun soyadı və ata adında səhvlərin olması qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq reyestr əməliyyatlarının aparılmasına maneə törədir. O, həmin sənədlərdə soyadında və ata adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırki vəziyyətdə ərizədə qeyd etdiyi hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd etdiyi hüquqmüəyyənedici sənədlərdə onun soyadının “Zülfiqarova” kimi, ata adının isə “Mehdi” kimi yazılması texniki bir səhvdir. Onların ailəsində və yaxın qohumlarında “Mehdi” adlı şəxs olmamışdır. Həmin sənədlərin ona məxsus olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. Ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədlərə düzəliş edilməsi həmin sənədlərdə göstərilən torpaq sahələrinə mülkiyyət sənədləri əldə edilməsi üçün lazımdır. Qeyd etdiklərinə əsasən ərizənin təmin edilməsi, həmin hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, xx.xx.1969-cu il tarixdə verilmiş AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.1990-cı il tarixdə verilmiş V- ЖГ 384016 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2000-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Ərmənət kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Sincan kəndində yaşayır. Ərizəçi xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ərinin soyadına uyğun olaraq “Zülfüqarova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Məmmədova” olmuşdur. Ərizəçiyə məxsus sənədlərdə soyadı, adı və ata adı Zülfüqarova (Məmmədova) İntizar Məmməd qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli JN - 181 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və xx.xx.2000-ci il tarixli JN - 248A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətlərindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən 1,71 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,12 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə ərizəçinin soyadı “Zülfüqarova” əvəzinə səhvən “Zülfiqarova” kimi, ata adı isə “Məmməd” əvəzinə “Mehdi” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 136 və 137 nömrəli arayışlarda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə Ərizəçi soyadı, adı və ata adı texniki səhv olaraq “X2” kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********08 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi özünə məxsus hüquqmüəyyənedici sənədlərdə soyadında və ata adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə ərizəçinin soyadı, adı və ata adı “Ərizəçi” kimi qeyd edilməli olduğu halda, səhvən “X2” kimi qeyd edilmişdir. Hazırda ərizəçi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edlmiş faktiki hallarından görünür ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə ərizəçinin soyadının və ata adının düzgün qeyd edilməməsi ərizəçinin həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərdə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədlərin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olduğu, lakin həmin sənədlərdə onun soyadı və ata adının düzgün qeyd edilmədiyi iş materialları ilə təsdiq olunduğundan, habelə, hazırki vəziyyətdə həmin sənədlərə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən 1,71 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,12 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli JN - 181 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və xx.xx.2000-ci il tarixli JN - 248A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar