Məhkəmə qərarları › İş №2(054)-345/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-345/2024

05.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-345/2024 05.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən **********00570 abonent koduna vurulmuş 6480 kub.m qazın dəyəri olan 777,60 manat borcun silinməsi tələbinə dair mülki işə 05 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı cavabdeh tərəfindən **********00570 abonent koduna vurulmuş 6480 kub.m qazın dəyəri olan 777,60 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Xaçmaz kəndində yerləşən fərdi yaşayış evi atası X3 mülkiyyətində olmuşdur. Ev xx.xx.2023-cü ildə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən atası tərəfindən ona bağışlanmışdır. xx.xx.2023-cü il tarixdə çıxarış verilməklə 0,22 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə adına qeydə alınmışdır. Həmin evdə ata-anası əsasən yay aylarında yaşamışlar. Atası xx.xx.2024-cü ildə vəfat etmişdir. Evin qaz sayğacı atasının adına sənədləşdirilmişdir. Cavabdehlə atası arasında xx.xx.2016-cı ildə qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh işçiləri tərəfindən istifadə etdikləri qaz sayğacı növbədən kənar dövlət yoxlamasına uyğun olaraq dəyişdirilmiş, yeni sayğac quraşdırılmış və akt tərtib edilmişdir. Aktda sayğacdan qazın keçdiyi və hesablama aparılmadığı qeyd edilmişdir. Həmin vaxt atası xəstə olub, evdə yatıb. Anası akta imza etsə də, aktın məzmunu barədə ona heç bir məlumat verilməyib. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu göstərilmiş, dəymiş ziyanın hesablanmaqla ödənişinin təmin edilməsi tələb olunmuşdur. Həmin akta əsasən guya itirilmiş qazın həcmi 6480 kub.m hesablanmış və atasının adına əsassız olaraq 777,60 manat borc yazılmışdır. Aktla razı deyil, çünki sayğacda aşkar edilmiş qüsurun yaranmasında onun və valideynlərinin heç bir təqsiri yoxdur. Cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilməyib. İstifadə etdiyi qazın pulunu həmişə ödəyib, heç vaxt borcu olmayıb. İddianın təmin olunması, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında atasının adına yazılmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 00229389 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1947-ci ildə Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Xaçmaz kəndidir. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 rayonu Xaçmaz kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evini, X5 və X2 həmin evin yerləşdiyi 0,22 ha torpaq sahəsindən hər birinə düşən 3/8 hissəsini oğulları İddiaçı bağışlamışlar. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Oğuz rayonu Xaçmaz kəndində 0,22 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0,22 ha torpaq sahəsi payı tam olmaqla İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 357834 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış qazın alqısatqısı barədə xx.xx.2016-cı il tarixli, 7965-10-16 saylı müqavilənin surətindən görünür ki, X5 ilə paylayıcı Zaqatala Regional Qİİ arasında bağlanmış müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilməklə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilənin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur və yeni müqavilənin bağlanması tələb olunmur. İşə əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı X9 G-T4 markalı, 10282703 nömrəli mexaniki qaz sayğacı növbədən kənar dövlət yoxlamasına uyğun olaraq Cavabdeh İB-nin nümayəndələri Azər Şəkərəliyevin, Vüsal Lətifovun və Anar Əhmədovun iştirakı ilə çıxarılmış, Elster G-4T 13736669 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Sayğacın quraşdırılma səbəbi iş tapşırığı kimi əvəzetmə olaraq göstərilmiş, aktda sayğacdan qazın keçdiyi, hesablamanı aparmadığı qeyd edilmişdir. Akt istehlakçının nümayəndəsi Nəzakət Yəhyayeva və əməkdaşlar tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5- 12276/Q001 saylı aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı X3 G-4 markalı, 10282703 saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu, istismara yararsız olduğu müəyyən edilmiş, G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi -12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz itkisi 6x12x90=6480 kub.m hesablanmışdır. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********00570 olan X3 mənzilinə xx.xx.2023-cü il tarixdə Elster G4T Diafraqma tipli sayğac quraşdırılmış, 2023-cü ilin noyabr ayı üçün akt üzrə 777,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçıların digər hüquqlarla birgə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının təqdim etdiyi sənədlərə və iddiaçının izahatına əsasən iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı ilə əlaqədar mülki hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olmaqla onun mülkiyyətində olan fərdi yaşayış evində qaz sayğacı quraşdırılmışdır. Həmin dayğac idiaçının xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X3 adınadır. xx.xx.2023-cü il tarixdə həmin qaz sayğacı növbədən kənar dövlət yoxlaması əsasında çıxarılmış, yeni mexaniki sayğac quraşdırılmışdır. Bununla bağlı akt tərtib olunmuş, aktda yeni sayğacın quraşdırma səbəbi əvəzetmə olaraq göstərilmiş, sayğacdan qazın keçdiyi, lakin hesablama aparmadığı qeyd edilmişdir. Çıxarılmış sayğac laboratoriyaya göndərilmiş, tərtib edilmiş aktla istehlakçı X3 G-4 markalı, 10282703 saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzikcızıq izlərinin olduğu, istismara yararsız olduğu müəyyən edilmişdir. Buna uyğun olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt və itirilmiş qazın bərpası üzrə tələb tərtib olunmuş, itirilmiş qaz itkisi cəmi 6480 kub.m həcmində hesablanmışdır. Akta əsasən iddiaçıdan dəymiş 777,60 manat ziyanın ödənilməsi tələb olunmuşdur. İşdə olan abonentin saldosuna əsasən 2023-cü ilin noyabr ayına iddiaçının atasının adına akta görə 777,60 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İddiaçı sayğacda aşkar edilmiş qüsurun yaranmasında onun və valideynlərinin heç bir təqsirinin olmadığını, cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilmədiyini bildirmiş, ondan tələb olunan 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iddiaçının silinməsini tələb etdiyi 777,60 manat cərimənin yazılmasına əsas olmuş faktlarla bağlı iddiaçının təqsirli olduğuna dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və mülki prosessual qanunvericiliyin hazırki iddia üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərində olduğu, lakin cavabdeh tərəfindən sübutların təqdim edilmədiyi, habelə hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmasına dair müddəası nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 217.4-ci maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı atası mərhum X4 hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar