Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-377/2022 14.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı oğunun iştirakı ilə İddiaçı oğunun Cavabdehnə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən onun hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 216,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Yemişənli kəndində yaşayır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin tabeçiliyində olan X1 İstismar İdarəsinin Oğuz sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş, istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmişdir. Baxış zamanı sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarda əzik-cızıq izləri olması, nəticədə qaz itkisinin yaranması bildirilmişdir. Yoxlamanın nəticələrinə dair akt tərtib edilmiş və həmin sayğac götürülərək qaz xəttinə yeni sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən ona göndərilmiş xx.xx.2021-ci il tarixli tələbnamə ilə 2160 kub metr itirilmiş təbii qazın dəyəri olan 216,00 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Cavabdeh təşkilat tərəfindən cəmi 2160 kub metr itirilmiş qaz və həmin miqdarda təbii qazın dəyəri olan 216,00 manat onun hesabına əsassız olaraq işlənmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun barəsində verilmiş xx.xx.2021-ciil tarixli akt əsasında onun hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 216,00 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödəmişdir. Buna baxmayaraq, guya sayğaca müdaxilə edildiyinə görə onun hesabına 216,00 manat debitor borcu yazılmışdır. O, qaz sayğacına heç bir müdaxilə etməmişdir. Sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfində zədənin nə vaxt və hansı şəraitdə yaranması barədə hər hansı məlumatı yoxdur. Qaz sayğacının yoxlanılması barədə tərtib edilmiş akta imza etməkdən də imtina etmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş tərtib edilərək ona təqdim edilir. Lakin nəzarətçi də belə bir qüsur aşkar etməmişdir. Əgər sayğacda aşkar edilmiş qüsur çoxdan olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Onun sayğacda olan nasazlıqdan əvvəlcədən məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixli akt əsasında heç bir qanuni əsas olmadan ona 2160 kub metr təbii qaz sərfiyyatı hesablanmış və həmin sərfiyyata uyğun olaraq onun hesabına 216,00 manat miqdarında debitor borcu daxil edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 216,00 manat debitor borc silinməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və vəsatət təqdim edilməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli aktın, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamənin surətləri və abonentin xx.xx.2022ci il tarixli saldosu ilə müəyyən edildi ki, iddiaçı Oğuz rayonu Yemişənli kəndində yaşayır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin X1 İstismar İdarəsinin Oğuz sahəsinin əməkdaşları tərəfindən Oğuz rayonu Yemişənli kəndində iddiaçının yaşadığı fərdi yaşayış evinin təbii qaz xəttinə qoşulmuş qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Köhnə qaz sayğacı yoxlanılmış, yoxlamanın nəticələrinə dair tərtib edilən xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarda əzik-cızıq izləri olması aşkar olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akt əsasında xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmişdir. İddiaçıya tələbnamə göndərilərək 2160 kub metr itirilmiş təbii qazın dəyəri kimi 216,00 manat debitor borcun ödənilməsi ondan tələb edilmişdir. Hazırda iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun barəsində verilmiş xx.xx.2021-ci il tarixli akt əsasında hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın və onun dəyəri olan 216,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq və tam şəkildə ödədiyini, sayğacda olan qüsurdan məlumatı olmadığını, sayğaca mütəmadi olaraq nəzarətçi tərəfindən baxış keçirildiyini, lakin nəzarətçinin də belə bir qüsur aşkar etmədiyini bildirir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca istehlakçı tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı olaraq baxış keçirilmiş və həmin əməkdaşların sayğacda yaranan qüsuru vaxtında görmək imkanları olmuşdur. İddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə edildiyi sübuta yetirilməmiş, həmin hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qərarıın 4.7-ci bəndində qeyd edilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qərarın 4.9-cu bəndində qeyd edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndində qeyd edilmişdir ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavənin 2.1.9-cu bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifələridir. Həmin Əlavənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Qaz sayğacına cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq hər ay baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə, qısa müddət ərzində 2160 kub metr miqdarında, yəni 216,00 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəməyə təqdim edilmiş “Abonentin saldosu”ndan da görünür ki, hazırki iş üzrə iddiaçının yaşadığı evdə əvvəlki sayğac yeni sayğacla əvəz edildikdən sonra əvvəlki illərin və son ilin uyğun dövrlərində sərf edilmiş təbii qazın həcmində artım müşahidə edilməmişdir. Təbii qazın həcmində artım müşahidə edilmədiyindən, iddiaçının təbii qazdan sui-istifadə edilməsi məqsədi ilə və ya digər hər hansı məqsədlə sayğaca müdaxilə etməsi, bununla da mənfəət əldə etmək niyyətində olması da məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılan sayğaca istehlakçı tərəfindən müdaxilə edildiyi sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2021-ciil tarixli akt əsasında onun hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 216,00 manat debitor borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 378-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı oğunun barəsində verilmiş xx.xx.2021-ciil tarixli akt əsasında İddiaçı oğunun hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 216 manat debitor borc silinsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-377/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-377/2022
14.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver