Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-390/2022 26.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, Oğuz rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına 3000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 adlı uşaqları və cehiz əmlakları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2003-cü ildə onun oğlu X5 ilə ailə quraraq Oğuz rayon Bayan kəndində yerləşən və hazırda onun mülkiyyətində olan, 1989-cu ildə saman kərpicdən tikilmiş iki otaqdan, mətbəx və dəhlizdən (həmçinin, 2014-cü ildə tikilmiş talvar və hasardan) ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Oğlu ilə cavabdehin iki uşağı anadan olmuş, onlar arasında bağlanmış nikah 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə cavabdehin Oğuz rayonu Bayan kəndində yerləşən, onun mülkiyyətində olan evdən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. Cavabdeh məhkəmədə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia qaldırdığı vaxt hazırki iddianın predmetinə aid olan və ona məxsus fərdi yaşayış evinin yalnız bir otağında uşaqları ilə birlikdə yaşamış olsa da, məhkəmə qətnaməsi ilə cavabdehin istifadə hüququ tanındıqdan sonra onun həmin evə köçürülməsi təmin edilmişdir. Bu səbəbdən cavabdeh onun özünün mülkiyyətində olan yaşayış evindən nəinki mülkiyyət, heç istifadə hüququnu da sərbəst şəkildə həyata keçirməsinə imkan vermir. Onunla cavabdeh və onun ailə üzvləri arasında olan münasibətlər hazırda gərgin olaraq qalır və onların bir evdə yaşaması qeyri-mümkündür. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı işin məhkəmə baxışı iclasının gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Oğuz rayonu Bayan kəndində yerləşən yaşayış sahəsindən cavabdehin istifadə hüquqlarına ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin uşaqları və cehiz əmlakları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə baxış iclasında hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və həmin iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evi bütövlükdə onun xüsusi mülkiyyətində olmaqla, onunla cavabdeh arasındakı münasibətlər kəskin olduğuna görə cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqlarının qeyd olunan evdə yaşamalarını istəmir. Belə ki, cavabdehin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi nəticəsində o, xüsusi mülkiyyətində olan əmlak üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Onun səhhətində ciddi problemlər vardır. Cavabdehlə mütəmadi olaraq aralarında yaranan mübühisə və münaqişlər də onun sağlamlıq vəziyyətinə daha da ciddi təsir göstərir. O, cavabdehə kompensasiya şəklində birdəfəlik olaraq 5000 manat miqdarında pul ödəməklə onun həmin yaşayış sahəsinə dair yaranmış hüququndan imtina etməsini təklif edir. Cavabdeh isə həmin məbləğlə razılaşmayaraq yaşayış sahəsindən istifadə hüququnun əvəzində ondan daha artıq miqdarda pul tələb edir. Məhkəmə qətnaməsi ilə cavabdehin istifadə hüququ tanınan fərdi yaşayış evi köhnə və təmirsiz olmaqla, Oğuz rayon Bayan kəndində yerləşir və kənd evlərinin kirayə haqqının Oğuz şəhərindəki evlərin kirayə haqqları ilə müqayisə olunması düzgün deyildir. Onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin real olaraq aylıq kirayə haqqının Oğuz rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş mütəxəssisin arayışı ilə 50-60 manat miqdarında olduğu müəyyən edilmişdir. Onların yaşadıqları ərazidə bu cür şəraitə malik yaşayış sahələrinin aylıq kirayə haqqı həmin məbləğdən artıq deyildir. O, cavabdeh və uşaqlarının bundan sonra onunla bir evdə yaşamasını mümkün hesab etmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da iştirak etdiyi məhkəmə iclasında hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin, eyni zamanda, iddiaçının izahatının məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi kənd ərazisində çiy kərpicdən istifadə edilərək tikilmiş evdir. İddiaçı yaşayış sahəsindən cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş istifadə hüquqlarının müqabilində ona əvvəlcə 3000 manat miqdarında kompensasiya ödəyə biləcəyini qeyd etsə də, cavabdehin təkidlərindən sonra onunla razılığa gəlmək üçün hazırda daha artıq miqdarda kompensasiya təklif edir. Həmin məbləğ cavabdehin istifadə hüququnun əvəzində ödənilə biləcək ən yüksək məbləğdir və iddiaçı qeyd olunan məbləği də çətinliklə əldə etmişdir. Cavabdehin həmin yaşayış sahəsindən istifadə etməsi nəticəsində iddiaçı xüsusi mülkiyyətində olan əmlak üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Həmin əsaslara görə iddiaçının izahatında qeyd etdiyi xüsusatlar da nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh hazırki iddia tələbi ilə razı olmadığını bildirdi və məhkəmə baxış iclasında məhkəməyə təqdim etdiyi yazılı etiraz qeydlərinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.2003-cü il tarixdə iddiaçının oğlu X5 ilə ailə qurmuş və onların bu nikahdan iki uşaqları anadan olmuşdur. Anar Şükürovla aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların boşanmadan sonra onun yanında qalmaları və Anar Şükürovdan aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə onun hazırki iddianın predmetinə aid, iddiaçının mülkiyyətində olan evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə iddia tələbi təmin edilmişdir. Bundan sonra o, həmin evə köçürülmüş, lakin qeyd olunan evdən tam istifadə edə bilməmişdir. Məhkəmə qətnaməsi icraya edilən zaman icra məmurları qətnaməni tam şəkildə icra etməmiş və onun yaşayış sahəsinə dair istifadə hüquqları həmin evin digər hissələrinə (hamam, mətbəx) münasibətdə məhdudlaşdırılmışdır. Bir müddət sonra iddiaçı həmin evin bir otağını sökərək yaşamaq üçün yararsız hala salmış, o isə uşaqları ilə birlikdə müəyyən müddət ərzində kirayədə qalmaq məcburiyyətində qalmışdır. O, hazırda da uşaqları ilə birlikdə Oğuz rayonu Bayan kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır və onların başqa yerdə yaşayış sahəsi yoxdur. İddiaçının oğlu, yəni onun keçmiş əri uşaqların saxlanması üçün ona faktiki olaraq aliment ödəmədiyindən o, maddi çəhətdən də çox çətinlik çəkir. İddiaçının ona fərdi yaşayış evindən çıxmasının müqabilində təklif etdiyi 5000 manat məbləğ onun həmin yaşayış sahəsinin kommunal-məişət şəratinə uyğun olan başqa yaşayış sahəsini əldə etməsinə və ya kirayəçi kimi müvəqqəti də olsa, kirayəyə götürməsinə imkan vermir. O, hazırda iddiaçıdan kompensasiya məbləği kimi ən azı 7000 manat tələb edir. Hesab edir ki, ona kompensasiya kimi təklif olunan 5000 manat pulun miqdarı qənaətbəxş deyildir. Ona görə də iddiaçının hazırki təklifini qəbul etmir və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəfindən məhkəməyə tqədim edilmiş və iş materiallarına əlavə edilmiş, Oğuz rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqısatqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda Oğuz rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evlərinin aylıq kirayə haqqlarının 50-60 manat miqdarında olduğu qeyd edilmişdir. Cavabdeh mübahisə predmetinə aid olan fərdi yaşayış evinin kirayə haqqının miqdarı ilə bağlı Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş arayışla razılaşmadığından məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün həmin evin kirayə haqqının miqdarının müəyyən edilməsi ilə əlaqədar “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərmişdir. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli 022/0025 nömrəli mütəxəssis arayışında qeyd edilmişdir ki, Oğuz rayonu Bayan kəndi ərazisində və yaxın ərazilərdə kirayə üçün oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqları 60- 110 manat arasında dəyişir. Hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evinə baxış keçirilərək orta aylıq kirayə haqqının, 80-90 manat həddində olduğu müəyyən edilir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və xx.xx.2015-ci il tarixli 405-48/415 nömrəli Texniki pasport, Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, cavabdeh xx.xx.2003-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla iddiaçının oğlu X5 ilə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il tarixdə X3 və xx.xx.2006-cı il tarixdə X2 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə X5 arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 224 / 2015 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsinə əsasən cavabdehin Oğuz rayon Bayan kəndində yerləşən, hazırki yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh hazırda da uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Oğuz rayonu Bayan kəndində yerləşən, hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən hazırki iş üzrə iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 2/5 hissəsi iddiaçının, qalan 3/5 hissəsi isə onun üç uşağının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan, Oğuz rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehin Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsini, cavabdehin, onun yetkinlik yaşına çatmamış uşaqlarının və əmlakının həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir. İddiaçı hazırki iddia tələblərinin əsasları kimi mübahisə predmetinə aid olan fərdi yaşayış evinin özünün xüsusi mülkiyyətində olması ilə bağlı hüquqmüəyyənedici sənədlərə, həmçinin, həmin evin şəraitinə uyğun olan digər yaşayış sahələrinin kirayə haqqının miqdarı ilə bağlı mütəxəssis arayışına istinad edir. İddiaçı cavabdehlə aralarında kəskin münasibətlər olduğuna görə onunla bir evdə yaşamasının qeyri-mümkün olduğunu bildirir. Cavabdeh hazırki iddia tələbi ilə razı deyil, ona kompensasiya kimi təklif olunan 5000 manat pulun miqdarının qənaətbəxş olmadığını, istifadə hüququnun müqabilində ən azı 7000 manat məbləğində kompensasiya tələb etdiyini, ona görə də iddiaçının təklifini qəbul etmədiyini bildirərək hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçının ona fərdi yaşayış evindən çıxmasının müqabilində təklif etdiyi 5000 manat məbləğin onun həmin evin kommunal-məişət şəratinə uyğun olan başqa yaşayış sahəsini əldə etməsinə və ya kirayəçi kimi müvəqqəti də olsa, kirayəyə götürməsinə imkan vermədiyini, istifadə hüququnun tanındığı yaşayış sahəsdən həmin hüququn əvəzində ona daha yüksək miqdarda kompensasiya ödəniləcəyi təqdirdə çıxmağa razı olduğunu bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, dinləyərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin mübahisə predmetinə olan yaşayış sahəsinə istifadə hüququ Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Şərh olunan əsaslara görə və qeyd edilən hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, mübahisə predmetinə aid olan yaşayış sahəsinə dair yaranmış hüquqlarla bağlı hazırki iş üzrə tərəflər arasında narazılıq və fikir ayrılığı olduğuna görə onların birgəyaşayış qaydalarına riayət etməklə həmin əmlak üzərində öz hüquqlarını birgə həyata keçirmələri praktiki cəhətdən qeyri-mümkündür. Mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) mövcud olduğu halda, cavabdehin isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ yarandığından, mülkiyyət hüququ isə digər hüquqlara, o cümlədən, istifadə hüququna nisbətən daha üstün hüquqi qüvvəyə malik olduğuna görə tərəflər arasında yaranan mübahisələrin həlli üçün cavabdehin yaşayış sahəsinə dair yaranmış hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından iddiaçının (yaşayış sahəsinin mülkiyyətçisinin) məhkəmə qaydasında tələbinə əsasən müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair yaranmış istifadə hüququnun xitam verilməsi üçün ödənilən kompensasiyanın miqdarı elə bir həcmdə müəyyən edilməlidir ki, ona müəyyən müddət ərzində də olsa, başqa yerdə əvvəlki yaşayış sahəsində ona xas olan şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Bu zaman, həmçinin, cavabdehin hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evində uzun müddətdən bəri yaşadığı və bu şəraitə uyğunlaşdığı, habelə, cavabdehin həmin evin yerləşdiyi məkanla bu və ya digər şəkildə bağlılığı da nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evi hazırki vəziyyətdə faktiki olaraq iddiaçı və cavabdehlə onun uşaqları tərəfindən yaşayış sahəsi kimi ayrı-ayrılıqda istifadə edilsə də, bu hal həmin evin ayrı-ayrılıqda iki fərdi yaşayış evi kimi istifadə edilməsinin mümkünlüyü qənaətinə gəlməyə əsas vermir. Məhkəmə mübahisə predmetinə aid olan fərdi yaşayış evinin kirayə haqqının miqdarı ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş arayışla məhkəmənin sorğusu əsasında “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis arayışını işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayış peşəkar mütəxəssis tərəfindən daha dəqiq, ətraflı, habelə, əraziyə yerində baxış keçirilməklə və müqayisəli təhlil aparılmaqla verildiyindən işin faktiki hallarına daha çox uyğundur. Qeyd olunan əsaslara görə məhkəmə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayışı mübahisə predmetinə aid olan fərdi yaşayış evinin yerləşdiyi ərazidəki, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı mövcud bazar qiymətlərinə uyğun olaraq tələb və təklifin həddlərinin müəyyən edilməsi baxımından mötəbər sübut hesab edir. Məhkəmə həmin fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarının, orta hesabla, 85 manat olmasını qəbul edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə aid olan yaşayış sahəsindən cavabdehin istifadə hüquqları, iddiaçının isə mülkiyyət hüquqları, o cümlədən, istifadə hüququ mövcuddur. Hazırki vəziyyətdə isə iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb etdiyindən mübahisə predmetinə aid olan fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarı, orta hesabla, 85 manat miqdarına uyğun olaraq, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququnun əvəzində iddiaçının ona təklif etdiyi 5000 manat məbləğ cavabdehin yaşayış sahəsindən, təxminən, 5 illik (60 aylıq) istifadə hüququnun əvəzinə bərabər olan bir məbləğdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun əvəzində 5000 manat miqdarından daha yüksək kompensasiya məbləğinin müəyyən edilməsi mövcud şərait baxımından evin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Məhkəmə cavabdehin kompensasiyanın miqdarının az olması ilə bağlı izahatında göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi haqqında qüvvədə olan qanunvericilik normaları yaşayış sahəsinin mülkiyyətçisinin qeyd olunan yaşayış sahəsindən istifadə hüququ olan şəxsə həmin istifadə hüququna xitam verilməsinin müqabilində ödədiyi kompensasiyanın miqdarının istifadə hüququ olan şəxsin bu yaşayış sahəsinə bənzər yeni yaşayış sahəsini mülkiyyət hüququ əsasında əldə etməsinə deyil, başqa yerdə əvvəlki yaşayış sahəsində ona xas olan şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsinə yetərli olmasını nəzərdə tutur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evinin, həmçinin, həmin ərazidə yerləşən, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı tələb və təklifin həddləri üzrə orta göstəricilər əsas meyar kimi nəzərə alınmaqla, iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləği cavabdehin hazırda yaşadığı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə imkan verən ağlabatan və qənaətbəxş məbləğ hesab edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının hazırki iddia tələbi təmin edilməlidir. İddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evinə dair cavabdehin Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları və əmlakları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə və işin faktiki hallarına əsasən məhkəmə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu məbləğinin onun özünə aid edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Oğuz rayonu Bayan kəndində yerləşən, xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə dair Cavabdeh Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə tanınmış istifadə hüququna ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 adlı uşaqları və əmlakları ilə birlikdə Oğuz rayonu Bayan kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-390/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-390/2022
26.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver