Məhkəmə qərarları › İş №2(054)-4/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-4/2022

14.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-4/2022 14.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Sincan kəndində yerləşən, ona məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən lazımi icazə olmadan, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla özbaşına inşa edilmiş tikilinin (tövlənin) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Sincan kəndində yaşayır. Həmin kənddə onunla qonşuluqda yaşayan Cavabdeh həyətində mal tövləsi olmasına baxmayaraq, 2019-cu ildə öz həyətində onun evindən, təxminən, 5-6 metr aralıda qanunsuz olaraq əlavə bir mal tövləsi inşa etdirmişdir. Cavabdeh ikinci tövləni inşa edəndə onunla razılaşmamış və özbaşına tikinti işləri aparmışdır. Hazırda həmin tövlədə 3-4 baş iribuynuzlu mal və 35-40 baş qoyun saxlanılır. Tövlədə saxlanılan heyvanlardan və tövlədən gələn peyin iyindən evdə oturmaq və yaşamaq mümkün deyildir. O, cavabdehdən həmin mal tövləsini sökməsini dəfələrlə xahiş etmiş, lakin cavabdeh tövləni sökməmişdir. Bununla əlaqədar o, Oğuz rayon İcra Hakimiyyətinin Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, Oğuz rayon Memarlıq və Tikinti Şöbəsinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq verilən məktublarda qeyd edilmişdir ki, qanunsuz inşa edilmiş tikilinin sökülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Cavabdeh hazırda həyətində olan əvvəlki tövlədən də istifadə edir. Cavabdeh tərəfindən sonradan qanunsuz inşa edilmiş tikili onun və ailə üzvlərinin maraqlarına ziddi olmaqla onların mənafeyinə toxunur. Həmin tövlədən üfunət iyi gəldiyi üçün onun öz evində rahat yaşaması çətinləşmişdir. Bu səbəbdən o, hesab edir ki, həmin qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə göstərdi ki, cavabdeh həyətində qanunsuz inşa etdiyi tövləni söküb başqa yerdə inşa edəcəyini vəd etsə də, indiyədək vədinə əməl etməmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən Oğuz rayonu Sincan kəndində yerləşən, ona məxsus fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən lazımi icazə olmadan, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla özbaşına inşa edilmiş tikilinin (tövlənin) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Sincan kəndində yaşayır. Hazırda iddiaçının sökülməsini tələb etdiyi tövlə onun özünün xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir və iddiaçının yaşadığı evdən xeyli uzaqdadır. Onun inşa etdirdiyi tövlə binası iddiaçının mənafeyinə hər hansı dərəcədə zərər vurmur, iddiaçının öz evindən istifadə hüquqlarını məhdudlaşdırmır, həmçinin, antisanitariya vəziyyəti də yaratmır. Ona görə də iddiaçının hazırki iddia tələbini qanunsuz və əsassız hesab edir. Qeyd etdiyi əsaslara görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar məhkəmə tərəfindən Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müvafiq sorğular göndərilmişdir. Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilmiş 18.02.2021-ci il tarixli 80 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tövlə, məsafə gözlənilmədiyinə baxmayaraq, heç bir sanitar epidemioloji vəziyyət yaratmır. Oğuz rayon İcra Hakimiyyətindən verilmiş 17.02.2021-ci il tarixli 7/5-179 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş, kənar ölçüləri 6,6 x 11 metr olan tövlə binası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan tikinti obyektidir və həmin maddədə nəzərdə tutulan ölçüləri keçmədiyi üçün onun tikintisi üçün məlumatlandırma icraatı da tələb olunmur. Həmçinin, həmin tikilidən iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış otağının pəncərəsinədək olan məsafə Azərbaycan Respublikası Dövlət Tikinti Normaları 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” Qərarın 4.20-ci bəndinin tələblərinə uyğundur. Eyni zamanda, mülki işin məhkəmə araşdırılması ilə əlaqədar cavabdeh tərəfindən qanunsuz olaraq inşa edildiyi qeyd edilən və sökülməsi tələb edilən tikilinin (tövlə) hansı ərazidə, kimə məxsus torpaq sahəsində inşa edildiyini, tikilinin tikinti-texniki normalarının tələblərinə cavab verməklə inşa edilib-edilmədiyini, həmin tikilinin hazırki vəziyyətdə iddiaçı və ya digər şəxslərin hüquq və mənafeyini pozub-pozmadığını, onların həyatı və ya sağlamlığı üçün hər hansı təhlükə, antisanitariya vəziyyəti yaradıb-yaratmadığını müəyyən etmək məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 22.11.2021ci il tarixli 10/3214 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsində və Oğuz rayon İcra Hakimiyyətindən verilmiş 17.02.2021-ci il tarixli 7/5-179 nömrəli sorğuya cavab məktubunda qeyd olunanları nəzərə alaraq mübahisə predmetinə aid olan tikilinin inşası zamanı tikinti-texniki normalarının pozulmadığı müəyyən olunur. Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilmiş 18.02.2021-ci il tarixli 80 nömrəli sorğuya cavab məktubuna əsasən mübahisə predmetinə aid olan tikilinin heç bir sanitar epidemioloji pozuntu yaratmadığı müəyyən olunur. (Aparılmış ekspertiza tədqiatının dəyəri 50,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş 14.01.2022-ci il tarixli müraciətə cavab məktubundan, rəydən və həmin rəyə əlavə edilən, mövcud tikililərin yerləşməsinə dair sxematik plandan görünür ki, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müvafiq səlahiyyətli şəxslərinin və tərəflərin iştirakı ilə mübahisə predmetinə aid olan tikilinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehin həyətyanı torpaq sahəsində inşa edilmiş köhnə tövlə binası arasındakı məsafə 3,00 metr, yeni tövlə binası arasındakı məsafə 13,80 metr, həmin tövlənin kənarından evin pəncərələrinə qədər olan məsafə isə müvafiq olaraq 15,005 metr və 17,772 metrdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Oğuz rayon İcra Hakimiyyətinin Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.10.2020-ci il tarixli 526 nömrəli arayış, cavabdehə aid şəxsiyyəti təsdiq edən sənədin surəti, JN – 006F (KOD ********) nömrəli və JN – 006F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin surətləri, Oğuz rayon İcra Hakimiyyətinin Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən iddiaçının müraciətlərinə cavab olaraq verilən məktubların surətləri, 03.11.2020-ci il tarixli ödəniş qəbzi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, iddiaçı Oğuz rayonu Sincan kəndində yaşayır. Cavabdeh də həmin kəndin sakinidir. Oğuz rayonu Sincan kəndində iddiaçıya və cavabdehə məxsus olan həyətyanı torpaq sahələri həmsərhəddir. Cavabdeh özünə məxsus olan həyətyanı torpaq sahəsində tövlə binası inşa etdirmişdir. İddiaçı həmin tövlənin sökülməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh tövləni sökməmişdir. Bundan sonra iddiaçı həmin məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət etmiş, onun müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda iddiaçı özünə məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən inşa edilmiş tikilinin (tövlənin) cavabdehin öz vəsaiti hesabına sökülməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi özünə aid həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyan sənədə istinad edir və cavabdeh tərəfindən inşa edilmiş tikilinin (tövlənin) tikinti-texniki norma və qaydalarının tələbləri pozulmaqla ona məxsus evin yaxınlığında, evə yaxın məsafədə yerləşdiyini, həmin tikilinin onun özü və ailə üzvləri üçün antisanitariya vəziyyəti, xoşagəlməz şərait yaratdığını iddia edir. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbi əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının sökülməsini tələb etdiyi tövlə binasının onun özünün xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşdiyini, tikilinin tikinti-texniki normalarına uyğun olduğunu və iddiaçının yaşadığı evdən xeyli uzaqda olduğunu, həmin tikilinin iddiaçının mənafeyinə hər hansı dərəcədə zərər vurmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2 və 57.2.2-ci maddələrinə əsasən tikinti obyekti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1 və 79.1.1-ci maddələrinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Dövlət Tikinti Normaları 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” Qərarın 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa, 15 metrdən, 8-dək tikili olarsa, 25 metrdən, 30-dək tikili olarsa, 50metrdən, 30-dan çox tikili olarsa, 100 metrdən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh tərəfindən inşa edilmiş və iddiaçının sökülməsini tələb etdiyi tövlə binası cavabdehin özünün xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı həmin tikilidən iddiaçının evinə qədər məsafənin 13,80 metr, tövlənin kənarından evin pəncərələrinə qədər olan məsafənin isə müvafiq olaraq 15,005 metr və 17,772 metr olduğu müəyyən edilmiş, həmin tikilinin iddiaçı və ya digər şəxslərin hüquq və mənafeyini pozması, onların həyatı və ya sağlamlığı üçün hər hansı təhlükə, antisanitariya vəziyyəti yaratması, iddiaçının öz evindən və xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb olması, onun normal yaşayış şəraitinə maneə törətməsi halları aşkar edilməmişdir. İddiaçı həmin tikilinin ona məxsus evin yaxınlığında, tikinti-texniki norma və qaydalarının tələbləri pozulmaqla inşa edildiyini, antisanitariya vəziyyəti, xoşagəlməz şərait yaratdığını qeyd etsə də, həmin faktlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tərəflərin izahatlarına və mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən özünə məxsus həyətyanı torpaq sahəsində tövlə binasının inşa edilməsinin iddiaçının mənafeyinə hər hansı şəkildə zərər vurması təsdiq olunmadığından, tövlə binası tikinti-texniki norma və qaydalarının tələblərinə uyğun inşa edildiyindən və həmin tikilinin sökülməsinə hər hansı əsas olmadığından iddiaçının hazırki iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbinin təmin edilmədiyini, habelə iş üzrə ekspert rəyi verilməsi zərurətinin yaranma əsaslarını nəzərə almaqla, iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin də iddiaçıdan tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Oğuz rayonu Sincan kəndində yerləşən, özünə məxsus olan fərdi yaşayış evinin yaxınlığında cavabdeh tərəfindən lazımi icazə olmadan, şəhərsalma və tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla özbaşına inşa edilmiş tikilinin (tövlənin) cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar