Məhkəmə qərarları › İş №2(054)-401/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-401/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-401/2023 18.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 18 iyul 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 1268A (kod ********) saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1969-cu ildə Oğuz rayonu Muxas kəndində anadan olmuşdur. X4 ilə birgə nikahından 1994-cü ildə Bahar adlı qızı doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində ona, ərinə və övladına 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 1268A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. Həyətyanı torpaq sahəsində yerləşən evə dair çıxarış almaq üçün aidiyyəti orqana müraciət edərkən məlum olmuşdur ki, torpaq şəhadətnaməsində onun atası barəsində məlumat Şövqü əvəzinə Şöhrət kimi qeyd edilmiş, qızı Aygünün soyadı isə Kərimli əvəzinə Kərimova yazılmışdır. Bu da mülkiyyətçi kimi onların hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini qeydiyyatdan keçirə bilmirlər.Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər Ərizəçi2 anası-Ərizəçi1 izahatını təsdiq edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçi Bahar arvadı, Aygün isə qızıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində ona, arvadına və qızı Aygünə 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 1268A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. Həmin həyətyanı torpaq sahəsində tikilmiş evdə yaşayırlar, lakin ev qeydiyyatdan keçməyib.Evin sənədləşməsi zamanı müraciət edərkən məlum olub ki, şəhadətnamədə arvadına dair məlumat Ərizəçi1 Şöhrət qızı, qızı Aygünün soyadı isə Kərimova kimi yazılıb. JN 1268A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqətən ərizəçilərə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1969-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1969-cu ildə Oğuz rayonu Muxas kəndində anadan olmuş, bu barədə Oğuz rayon Muxas kənd sovetində vətəndaşlıq aktlarının doğum kitabında xx.xx.1969-cu ildə 21 nömrə ilə qeyd edilmiş, atası X5, anası X6r. İşə əlavə edilmiş nigahın bağlanması haqqında V-JQ 384751 saylı şəhadətnamənin surətindən görünür ki, X4 və X8 xx.xx.1991-ci il tarixdə nigah bağlamış, bu barədə Oğuz rayon VVAQ şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 127 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Kərimov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XVİİİ-JQ 433050 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 233 nömrə ilə qeyd edilmiş, atası X4, anası Ərizəçi1dır. İşə əlavə edilmiş JN 1268A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X2, Ərizəçi1 Şöhrət qızına və X3 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68- 12/2-381/2023 saylı arayışından görünür ki, JN 1268A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Ərizəçi1 Şöhrət qızı və X1 yazılmış şəxslər Ərizəçi1 və Ərizəçi2dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 75 saylı qərarına əsasən 0,05 ha həyətyanı torpaq sahəsi JN 1268A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə və onların ailə üzvünə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 1268A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,05 ha torpağın mülkiyyətə verilməsinə dair JN 1268A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar