Məhkəmə qərarları › İş №2(054)-420/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-420/2022

19.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-420/2022 19.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN – 279H, JN – 279F və JN – 279G (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər hazırki ərizə və ona əlavə edilmiş sənədlərlə öz tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, xx.xx.1979-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə X1 ərə getmiş, lakin nikah qeyd edildikdən sonra soyadını dəyişməmişdir. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. Ərizəçi2 xx.xx.1980-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur, hazırda isə ünvan 1 ünvanında yaşayır. O, xx.xx.1997-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə X4 ərə getmiş, nikah qeyd edildikdən sonra ərinin soyadına uyğun olaraq “İsmayılova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Ağakişiyeva” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı İsmayılova (Ağakişiyeva) Elnurə Azad qızı kimi qeyd edilmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,14 hektar və 0,19 hektar və 0,07 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN – 279H, JN – 279F və JN – 279G (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə Ərizəçi1 soyadı “Ağakişiyeva” kimi, Ərizəçi2 adı isə “Elnarə” kimi yazılmışdır. Adı çəkilən sənədlərdə onların soyad və adlarının düzgün qeyd edilməməsi həmin sənədlərdə göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan sənədlərə düzəliş edilməsi və həmin hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktını təsdiq edən sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Həmin hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, iddia ərizəsində qeyd edilən hüquqmüəyyənedici sənədlərdə onun soyadının, qızının isə adının düzgün qeyd edilməməsi texniki bir səhvdir. Adı çəkilən sənədlərdə onun soyadının, qızının isə adının düzgün qeyd edilməməsi onların həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə və qeyd olunan sənədlərdə göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. Qeyd olunan sənədlərə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda həmin sənədlərə düzəliş edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qeyd etdiklərinə əsasən həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi2 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, Ərizəçi1 izahatının məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, adı çəkilən sənədlərdə onun adı “Elnurə” əvəzinə səhvən “Elnarə” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 məxsus olan, xx.xx.1922-ci il tarixdə verilmiş 131/12 nömrəli doğum haqqında və 72/12 nömrəli nikah haqqında akt qeydlərinə dair arayışlardan, xx.xx.2012-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1960-cı il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. O, rəsmi nikah qeyd edildikdən sonra soyadını dəyişməmişdir. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 məxsus olan, xx.xx.2022-ci il tarixdə verilmiş 130/12 nömrəli doğum haqqında və 73/12 nömrəli nikah haqqında akt qeydlərinə dair arayışlardan, xx.xx.2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1980-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur, hazırda isə ünvan 2 ünvanında yaşayır. O, rəsmi nikah qeyd ediləndən sonra ərinin soyadına uyğun olaraq “İsmayılova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Ağakişiyeva” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı İsmayılova (Ağakişiyeva) Elnurə Azad qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli JN – 279H, JN – 279F və JN – 279G (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayon Qumlaq kəndində yerləşən 0,14 hektar və 0,19 hektar və 0,07 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə Ərizəçi1 soyadı “Ağakişiyeva” kimi, Ərizəçi2 adı isə “Elnarə” kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/25-243 nömrəli arayışlarda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə Ərizəçi1 soyadı, digər Ərizəçi2 isə adı texniki səhvlərlə yazılmışdır. Qeyd olunan nümayəndəliyin ərazisində X2 və X3 adlı şəxslər yaşamırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********04 nömrəli müraciətə cavab məktubundan görünür ki, Ərizəçi1 hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda onun müraciətinin müsbət həll edilməsi mümkün olmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayon Qumlaq kəndində yerləşən 0,14 hektar və 0,19 hektar və 0,07 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə Ərizəçi1 soyadı, digər Ərizəçi2 isə adı texniki səhvlərlə yazılmışdır. Hazırda ərizəçilər həmin hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə Ərizəçi1 soyadı, digər Ərizəçi2 isə adının düzgün qeyd edilməməsi onların həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənədlərdə düzəliş edilməsi, eyni zamanda, ərizəçilərin bu sənədlərin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ərizəçilərə məxsus olması, lakin həmin sənədlərdə Ərizəçi1 soyadı, digər Ərizəçi2 isə adının düzgün qeyd edilməməsi iş materialları ilə təsdiq olunduğundan, habelə, hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədlərin ərizəçilərə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Oğuz rayon Qumlaq kəndində yerləşən 0,14 hektar və 0,19 hektar və 0,07 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN – 279H, JN – 279F və JN – 279G (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar