Məhkəmə qərarları › İş №2(054)-424/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-424/2023

22.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-424/2023 22.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sərfiyyatın və 953,06 manat borcun silinməsi tələbinə dair mülki işə Oğuz şəhərində 22 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (cavabdeh) qarşı xx.xx.2023-cü il tarixli, 033102 saylı akt əsasında hesablanmış sərfiyyatın və 953,06 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Cavabdehin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı Ağdam rayonu Boyəhmədli kəndində anadan olub, məcburi köçkündür, ünvan 1 ünvanında yerləşən şəxsi mülkündə yaşayır. Evin elektrik sayğacı iddiaçının özünün adınadır. Sayğac smart tiplidir. xx.xx.2023-cü il tarixdə iddiaçının qonaqları gəlib. Sayğacda pul qurtardığından işıq sönüb, gələn qonaqlardan biri iddiaçıdan xəbərsiz əlavə qoşulma edib ki, işıq yansın, sonra yadından çıxıb qalıb. İddiaçı bu məsələni bir neçə gün sonra bilib. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı kənar xətt aşkar olunub, bu barədə akt tərtib olunaraq kənar xətt ləğv edilmiş, izolyasiyası pozulmuş xətt yenisi ilə əvəz edilmişdir. İddiaçı akta imza etməyib. İddiaçı və ailə üzvlərinin qoşulmaya heç bir müdaxiləsi olmasa da iddiaçı tərəfindən kənar xəttin həqiqətən mövcudluğu qəbul edilməklə hesab edilir ki, tələb olunan məbləğ həddən artıq çoxdur, çünki kənar xətt cəmi 3 gün mövcud olmuşdur. Cavabdeh tərəfindən isə 210 günlük sərfiyyat hesablanmaqla 953,06 manat borcun ödənilməsi tələb olunur. İddiaçı bir aylıq sərfiyyatın pulunu ödəməyə etiraz etmir. Nəzarətçilər ayda bir dəfə monitorinq keçirirlər. Kənar xəttin mövcudluğunun 6-7 ay sonra müəyyən edilməsi anlaşılmazdır. İddiaçı xx.xx.2023-cü il tarixdə 4 manat, xx.xx.2023-cü il tarixdə 6 manat ödəniş edib. Kənar qoşulmada iddiaçının təqsiri olmadığına dair digər sübutlar təqdim edə bilmirlər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini dinləyib, işdə olan sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən, habelə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Oğuz rayon bölməsinin xx.xx.2023-cü il tarixli, 103 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, Ağdam rayonu Boyəhmədli kəndindən məcburi köçkün kimi Oğuz şəhəri, Cavanşir küçəsi ev 54-də yaşayır. İşə əlavə edilmiş NDM 033102 saylı, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Oğuz rayonunda yerləşən evində EEİQ riayət olunması yoxlanılarkən P**********5 nömrəli elektrik sayğacının sxemindən kənar xəttin olduğu aşkar edilmiş, kənar xəttin ləğv edilməsi, izolyasiyası pozulmuş faza xəttinin yenisi ilə əvəz edilməsi tələb edilmiş, akt "xxxx" ASC-nin nümayəndələri A.Ə.Məmmədov və Ə.Q.Eyniyev tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin “Şimal-Qərb” RETSİ-nin Akt komissiyasının sədrinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbinin surətindən görünür ki, Oğuz rayonunda abonent İddiaçı fərdi yaşayış evinə məxsus P**********5 nömrəli sayğacın sxemindən kənar xəttin olduğu aşkar edilmiş, NDM 033102 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən 7762 kvt.saat enerji üçün 953,06,24 manat (tarif 0,08 manat olmaqla 800 kvt.s üçün 64 manat, tarif 0,09 manat olmaqla 400 kvt.s üçün 36 manat, tarif 0,13 manat olmaqla 6562 kvt.s üçün 853,06 manat) dəyər hesablanmış, kənar xəttin ləğv edilməsi tələb edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 0059A saylı xəbərdarlığın surətindən görünür ki, 033102 saylı akta əsasən yaranmış 953,06 manat borcun ödənilməsi abonent İddiaçı tələb edilmiş, əks halda xx.xx.2023-cü il tarixdə saat 10:00-da xəbərdarlıq edilmədən elektrik enerjisinin verilişinin dayandırılacağı bildirilmişdir. Abonent İddiaçı işə əlavə edilmiş elektron dövriyyə cədvəlindən görünür ki, abonentin xx.xx.2023-cü il tarixə 033102 saylı akt üzrə borcu 953,06 (64+853,06+36) manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Tərəflərin təqdim etdiyi sənədlərə və iddiaçı tərəfin izahatına əsasən iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı ilə əlaqədar mülki hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Oğuz şəhərində özünə məxsus fərdi yaşayış evində yaşayır.Evin elektrik sayğacı özünün adınadır.Sayğac smart tiplidir.İddiaçının nümayəndəsinin izahatına görə xx.xx.2023-cü il tarixdə iddiaçının qonaqları gəlib. Sayğacda pul qurtardığından işıq sönüb, gələn qonaqlardan biri iddiaçıdan xəbərsiz əlavə qoşulma edib ki, işıq yansın, sonra yadından çıxıb qalıb. İddiaçı bu məsələni bir neçə gün sonra bilib. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı kənar xətt aşkar olunub, bu barədə akt tərtib olunaraq kənar xətt ləğv edilmiş, izolyasiyası pozulmuş xətt yenisi ilə əvəz edilmişdir. İddiaçı akta imza etməyib. İddiaçı hesab edir ki, kənar xətt 3 gün ərzində qoşulu qalmasına baxmayaraq əsassız olaraq ona 7 aylıq borc hesablamaqla ondan tələb edilir. İddiaçı nümayəndəsi vasitəsilə şifahi şəkildə borcun bir aylıq hesabata əsasən müəyyən edilməsinə və ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı tərəfindən onun təqsirli olmasını istisna edən, habelə kənar xəttin cəmi 3 gün ərzində mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi X1 imzası ilə daxil olmuş etirazla ona əlavə edilmiş sənədlərdə göstərilmiş məlumatları qiymətləndirməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında müəyyən edilənlərə əsasən iddiaçı tərəfindən kənar xətdən istifadə edilməklə elektrik enerjisindən istifadə işin mübahisələndirilməyən halıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı tərəfindən isə sübutlar təqdim olunmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 217.4-ci maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 07 iyun 2023-cü il tarixli, NDM 033102 saylı akt əsasında hesablanmış sərfiyyatın və yazılmış 953,06 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən sürəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar