Məhkəmə qərarları › İş №2(054)-442/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-442/2024

01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-442/2024 01.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesabına işlənmiş 12960 kub.m itirilmiş qazın dəyəri olan 1555,20 manat borcun silinməsi tələbinə dair mülki işə 01 avqust 2024cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı cavabdeh tərəfindən hesabına işlənmiş 12960 kub.m itirilmiş qazın dəyəri olan 1555,20 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə ata evində yaşayır. Evin qaz sayğacı onun adına sənədləşdirilmişdir. Cavabdehlə aralarında xx.xx.2017-ci ildə qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh işçiləri tərəfindən istifadə etdikləri qaz sayğacı növbədən kənar dövlət yoxlamasına uyğun olaraq dəyişdirilmiş, yeni sayğac quraşdırılmış və akt tərtib edilmişdir. Aktda sayğacın hesablama mexanizminin gövdəsindən aralandığı qeyd edilmişdir. Həmin vaxt onun özünü çağırıblar, akta imza edib. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralandığı göstərilmiş, dəymiş ziyanın hesablanmaqla ödənişinin təmin edilməsi tələb olunmuşdur. Həmin akta əsasən guya itirilmiş qazın həcmi 12960 kub.m hesablanmış və adına əsassız olaraq 1555,20 manat borc yazılmışdır. Ona deyiblər ki, sayğaca müdaxilə olub, gəl akta imza et, getməyib. Aktla razı deyil, çünki sayğacda aşkar edilmiş qüsurun yaranmasında onun və digər ailə üzvlərinin heç bir təqsiri yoxdur. Cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilməyib. İstifadə etdiyi qazın pulunu həmişə ödəyib, heç vaxt borcu olmayıb. Evdə odun peçi var, qışda ondan istifadə edirlər. Qazdan isə dördgözlü qaz plitəsi və su qızdırıcı işlətməklə istifadə edirlər. İddianın təmin olunması, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında adına yazılmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vüsal Heydərov xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuş etirazla bildirilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş **********00390 saylı qaz hesabında xx.xx.2024-cü il tarixə 1585,20 manat borc vardır. Həmin borcun 30 manat hissəsi sayğac üzrə, 1555,20 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı 10353428 saylı qaz sayğacına iddiaçının iştirakı ilə baxış keçirilərkən vizual müşahidə edilən müdaxilə ehtimalı müəyyən edilmişdir. Sayğac çıxarılarkən xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və sayğac dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDN-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5- 4533/Q005 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən sol yan hissədən aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır, sayğac istifadəyə yararsızdır. (qaz itkisi, müdaxilə). İddiaçının iştirakı ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmaqla itirilmiş 12960 kub.m təbii qazın dəyəri 1555,20 manat tələb edilmişdir. Sayğacda aşkar edilmiş müdaxilə nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının yalnız istehlakçının özünə müsbət təsiri vardır. İddiaçının müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılması aktını və onda olan qeydləri mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. İddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 8435-01-17 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə paylayıcı Zaqatala Regional Qİİ arasında bağlanmış müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilməklə istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilənin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur və yeni müqavilənin bağlanması tələb olunmur. İşə əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Elster G-T4 markalı, 10353428 nömrəli mexaniki qaz sayğacı növbədən kənar dövlət yoxlamasına uyğun olaraq Cavabdeh İB-nin nümayəndələri Mirbala Məmmədovun, Azər Şəkərəliyevin, Şahin Hacıbalayevin iştirakı ilə çıxarılmış, Elster G-4T 10038009 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Sayğacın quraşdırılma səbəbi iş tapşırığı kimi əvəzetmə olaraq göstərilmiş, aktda sayğacın hesablama mexanizminin gövdəsindən aralandığı qeyd edilmişdir. Akt istehlakçının nümayəndəsi İddiaçı və əməkdaşlar tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK 14-2- 2/3-5-4533/Q005 saylı aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı G-4 markalı, 10353428 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən sol yan hissədən aralandığı, qazın keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi -24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz itkisi 6x24x90=12960 kub.m hesablanmışdır. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent kodu **********00390 olan İddiaçı mənzilinə xx.xx.2023-cü il tarixdə Elster G4T Diafraqma tipli sayğac quraşdırılmış, 2023-cü ilin aprel ayı üçün akt üzrə 1555,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçıların digər hüquqlarla birgə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının təqdim etdiyi sənədlərə və iddiaçının izahatına əsasən iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı ilə əlaqədar mülki hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Oğuz rayon Xaçmaz Qışlaq kəndində qeydiyyatda olmaqla onun yaşadığı fərdi yaşayış evində qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac iddiaçının adınadır. xx.xx.2023-cü il tarixdə həmin qaz sayğacı növbədən kənar dövlət yoxlaması əsasında çıxarılmış, yeni mexaniki sayğac quraşdırılmışdır. Bununla bağlı akt tərtib olunmuş, aktda yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə olaraq göstərilmiş, sayğacın hesablama mexanizminin gövdəsindən aralandığı qeyd edilmişdir. Çıxarılmış sayğac laboratoriyaya göndərilmiş, tərtib edilmiş aktla istehlakçı İddiaçı G-4 markalı, 10353428 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən sol yan hissədən aralandığı, qazın keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna uyğun olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt və itirilmiş qazın bərpası üzrə tələb tərtib olunmuş, itirilmiş qaz itkisi cəmi 12960 kub.m həcmində hesablanmışdır. Akta əsasən iddiaçıdan dəymiş 1555,20 manat ziyanın ödənilməsi tələb olunmuşdur. İşdə olan abonentin saldosuna əsasən 2023-cü ilin aprel ayına iddiaçının adına olan akta görə 1555,20 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İddiaçı sayğacda aşkar edilmiş qüsurun yaranmasında onun və ailə üzvlərinin heç bir təqsirinin olmadığını, cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilmədiyini bildirmiş, ondan tələb olunan 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iddiaçının silinməsini tələb etdiyi 1555,20 manat cərimənin yazılmasına əsas olmuş faktlarla bağlı iddiaçının təqsirli olduğuna dair sübutları məhkəməyə təqdim etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazla sayğacda aşkar edilmiş müdaxilə nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının yalnız istehlakçının özünə müsbət təsiri olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən və mülki prosessual qanunvericiliyin hazırki iddia üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərində olduğu, lakin cavabdeh tərəfindən sübutların təqdim edilmədiyi, habelə hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmasına dair müddəası nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 217.4-ci maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə uyğun olaraq cavabdehdən təmin edilmiş məbləğə əsasən hesablanmış 35,55 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı hesablanmış 1555,20 manat borc silinsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar