Məhkəmə qərarları › İş №2(054)-536/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-536/2022

17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-536/2022 17.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Cavabdeh qarşı miras əmlakların vərəsələr arasında bölünməsi, miras paylarının müəyyən edilməsi, həyətyanı torpaq sahəsinə giriş-çıxışa məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideynlərindən miras qalan əmlakların qanun üzrə və vəsiyyətnaməyə əsasən vərəsələr arasında bölünməsi, miras paylarının müəyyən edilməsi, həmçinin, özünə məxsus həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən giriş-çıxışa məhdudiyyətin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki tələblərdən biri - miras əmlakların vərəsələr arasında bölünməsi, miras paylarının müəyyən edilməsi vərəsəlik hüququ haqqında mübahisələrdən irəli gələn tələb olmaqla, digər tələb - həyətyanı torpaq sahəsinə giriş-çıxışa məhdudiyyətin aradan qaldırılması mülkiyyət hüququ haqqında mübahisələrdən irəli gələn tələbdir. Hazırki işdə hər iki tələb üzrə eyni şəxslər iddiaçı və cavabdeh qismində qeyd edilmələrinə baxmayaraq, həmin iddia tələbləri məzmun etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İddiaçı isə hər iki tələbi bir ərizədə birləşdirərək iddia icraatı qaydasında (iddia ərizəsi ilə) məhkəməyə müraciət etmiş, bununla da iddia ərizəsinin (ərizənin) qanunvericilikdə nəzərdə tutulmuş formasına riayət edilməmişdir. Bundan əlavə, iddiaçı miras əmlakların vərəsələr arasında bölünməsi, miras paylarının müəyyən edilməsi barədə tələb irəli sürməzdən əvvəl mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair müvafiq sənədləri əldə etməli, zərurət yarandığı halda, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı məhkəməyə xüsusi icraat qaydasında ərizə verməli, yalnız hüquq haqqında mübahisə yarandığı təqdirdə iddia icraatı qaydasında (iddia ərizəsi ilə) məhkəməyə müraciət etməli idi. İddiaçı isə həmin qaydalara əməl etməmiş, bununla da, məzmun etibarilə və mülki işlərin icraatı növü baxımından bir-birindən fərqlənən iki tələbi bir iddiada birləşdirmiş, habelə, məhkəmə tərəfindən işə hansı icraat növündə baxılmasının müəyyən edilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mirasın qəbulu ilə bağlı və miras əmlakda payların müəyyən olunması üçün müvafiq notariat orqanına müraciət etsə də, vərəsələr arasında mübahisə olması əsası ilə deyil, iddiaçının müvafiq sənədlərin (miras qoyanların ölüm haqqında şəhadətnamələri və miras əmlaklara dair mülkiyyət hüququnu təsdiq edən sənədlər) notariat orqanına təqdim etməməsi əsası ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Halbuki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün miras qoyanın ölüm haqqında şəhadətnaməsi və miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlər vacib və zəruri sənədlərdir. İddiaçı qeyd olunan sənədləri hazırki işə də əlavə etməmişdir. Eyni zamanda, iddiaçı miras əmlakın bölünməsi ilə bağlı cavabdehlə razılığa gələ bilmədiyini və həmin mübahisənin məhkəməyə qədər həll edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə) müraciət etməsini və ya həmin orqanda mübahisənin həll edilməsinin mümkün olmamasını təsdiq edən sənədləri də iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, hazırki iddia ərizəsində sübutların siyahısı, işdə iştirak edən şəxslərin (o cümlədən iddiaçının özünün) şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə, iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər qanunamüvafiq şəkildə iddia ərizəsinə əlavə edilmədiyinə, habelə, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyinə və bir-biri ilə əlaqədar olmayan iki tələbi bir iddiada birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya hazırki qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələblərlə əlaqədar ayrı-ayrılıqda aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı miras əmlakların vərəsələr arasında bölünməsi, miras paylarının müəyyən edilməsi, həyətyanı torpaq sahəsinə giriş-çıxışa məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar