Məhkəmə qərarları › İş №2(054)-545/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-545/2025

25.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-545/2025 25.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən hesabına əsassız işlənmiş 1440 kub metr itirilmiş qazın dəyəri olan 172,66 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İB Zaqatala RQİİ-nin Oğuz xidmət sahəsinin nümayəndələri 20 iyul 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanındakı yaşayış evimdə qaz xəttinə qoşulmuş **********2 nömrəli qaz sayğacını açıb götürərək qaz xəttinə 10286970 nömrəli yeni qaz sayğacı quraşdırmışlar. Bu barədə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmiş, aktda istehlakçı qismində o imza etmişdir. Qaz xəttindən açılan **********2 nömrəli qaz sayğacını növbəti yoxlama üçün göndərmişlər. Yoxlama zamanı **********2 nömrəli qaz sayğacının hesablama mexanizminin nisbi xətayla işlədiyi sayğacdan keçən qazın sərfini qeydə almadığı aşkar edilmişdir. "Azəriqaz” İB Zaqatala RQİİ-nin Oğuz xidmət sahəsinin nümayəndələri 10 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanındakı yaşayış evinə yenidən gələrək təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023- cü il tarixli, ******* saylı akt tərtib etmişlər, həmin akta əsasən xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 172,66 manat dəyərində 1440 kub metr itirilmiş qazın hesabına işlənilməsi qərara alınmışdır. O, istifadə etdiyi qazın pulunu həmişə ödəmişdir. Qazdan istifadəyə görə borcu yoxdur. Cavabdeh "Azəriqaz” İB 172,66 manat dəyərində 1440 kub metr kub metr itirilmiş qaz hesabına qanunsuz və əsassız işləmişdir. O, qeyd edilən sayğaca heç bir müdaxilə etməmişdir. Bu səbəbdən **********2 nömrəli qaz sayğacının hesablama mexanizminin nisbi xətayla işlədiyi sayğacdan keçən qazın sərfini qeydə almadığı ilə bağlı üzərinə maddi məsuliyyət qoyulmasından narazıdır və buna etiraz edir. Hazırkı iddia tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, "Azəriqaz” İB Zaqatala RQİİ əsassız olaraq hesabına 1440 kub metr itirilmiş qazın dəyəri kimi 172,66 manat məbləğində pul işləmişdir. O həmin məbləğin hesabından silinməsini istəyir. Qeyd edilən məsələ hazırda yalnız məhkəmə qətnaməsi ilə həyata keçirilə bilər. Qeyd etdiyi hal onun hazırki iddia tələbinin əsaslı olduğunu sübut etməyə kifayət edir. Qanunvericiliyin tələblərinə və yoxlama zamanı baş vermiş faktiki hallara əsaslanaraq bildirir ki, nəzarətçilər onun evində təbii qazdan istifadə qaydalarını yoxlayan zaman məsələyə qərəzli yanaşmışlar, sayğacın hesablama mexanizminin plasmas qapağının şüşəsinin çatlaması barədə akt tərtib edərək imza etmişlər. Odur ki, qeyd olunan səbəblərdən mübahisələndirdiyi qərarın heç bir hüququ qüvvəsi ola bilməz. Ona görə həmin qərar əsasında hesablanmış borc onun hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh məhkəməyə göndərdiyi etirazında bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 172.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00160 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 174.55 manat borc vardır. Həmin borcun 1.75 manat hissəsi sayğac üzrə, 172.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********2 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı **********2 nömrəli sayğacı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 10286970 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 7930/Q001 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 4 m3, orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 1440 m3 (və ya 172.80 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Nəzərinizə çatdırıram ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli Qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakımız olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 172.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilmiş, sayğacın minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin keçən qazı qeyd etməməsi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1440 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00160 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2024-cü ilin fevral ayına akt əsasında 172,8 manat zərər hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, sayğacın hesablama mexanizminin alt hissəsində dəlik müəyyən olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla (akt əsasında) 172,8 manat məbləğində zərər hesablanmışdır. Hazırda iddiaçı tələbində 172,66 manat hesablanmış zərərin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsirinin müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 172,8 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. İddiaçı isə hazırda 172,66 manat debitor borcun silinməsini tələb edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 172,66 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00160 olan sayğaca) xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 172,66 manat məbləğində borc silinsin. 30,0 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar