Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-59/2022 22.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçılar X1 və İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehin ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar öz iddia tələbilərini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıların, onların ailə üzvlərinin, həmçinin, cavabdehin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiaçıların payı digər ailə üzvlərinin də payları da daxil omaqla, 175 kv.metrdən, cavabdehin payı isə cəmi 25 kv.metrdən ibarətdir. Həmin torpaq sahəsində əvvəllər mövcud olmuş fərdi yaşayış evini İddiaçı2 23.03.1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Oğuz Rayon Məhkəməsinin 01.04.2009-cu il tarixli qətnaməsi ilə cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və cavabdeh uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Sonradan cavabdeh qeyd olunan evi sökərək yerində yeni yaşayış evi inşa etdirmişdir və hazırda da həmin evdə yaşayır. 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdehin cəmi 25 kv.metrdən ibarət torpaq payı olmasına baxmayaraq 0,02 hektar həyətyanı torpaq sahəsi bütövlükdə cavabdehin faktiki istifadəsindədir. Cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmasına onların razılığı olmamışdır. Cavabdehin İddiaçı2 məxsus evi qanunsuz olaraq sökməsi ilə əlaqədar maddi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə 18.02.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən 10.243,86 manat maddi zərər məbləği tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Onlarla cavabdeh arasında uzun illərdir davam edən məhkəmə mübahisələri nəticəsində qəbul edilmiş qətnamələrin məzmunundan da aydın olur ki, cavabdeh onlara qarşı əsassız olaraq əmlak və torpaq iddiaları ilə bü gün də məhkəmələrə müraciət etməkdə davam edir. JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsi cavabdehin qanunsuz olaraq inşa etdirdiyi tikililərin altında yerləşən torpaq sahəsidir. JN-292B nömrəli Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsi də onların ailə üzvlərinin, həmçinin, cavabdehin ümumi birgə mülkiyyətindədir. Buna baxmayaraq, cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN - 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsində cəmi 125 kv.metr payı olduğuna görə qeyd olunan 0,10 hektar torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb etmişdir. Həmin iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Onlar JN - 292A nömrəli Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində özlərinə məxsus olan cəmi 175 kv.metr torpaq sahəsi ilə JN - 292B nömrəli Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsində cavabdehə məxsus 125 kv.metr torpaq sahələrinin dəyişdirilməsi barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh buna razı olmadığına görə həmin iddia məhkəmə tərəfindən təmin edilməmişdir. JN - 292A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla mülkiyyətçilərin hər birinin naturada yeri bəlli deyildir. Bu da onu deməyə əsas verir ki, kazırki vəziyyətdə birgə mülkiyyətçilər 0,02 hektar həyətyanı torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər. Onlar özləri də torpaq sahələrinin dəyişdirilməsini cavabdehə dəfələrlə təklif etsələr də, cavabdeh bu təkliflə razı olmamışdır. Ona görə də məcburiyyət qarşısında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar X1 və İddiaçı2 öz iddia tələblərini müdafiə etdiklərini bildirdilər və məhkəmə iclasında ayrı-ayrılıqda həmin tələbin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Digər İddiaçı3 məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə işə həmin iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı3 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırki iş üzrə iddiaçılar ona qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Oğuz Rayon Məhkəməsinə 25.01.2021-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir və qeyd olunan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və artıq rəy də verilmişdir. Belə olan halda, hazırki iş üzrə iddiaçılar Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında deyil, onların mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra əldə etdikləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əsasında məhkəməyə müraciət edə bilərlər. Oğuz Rayon Məhkəməsinin 01.04.2009-cu il tarixli qətnaməsi ilə onun ünvan 2 ünvanında yerləşən, İddiaçı2 adına olan bir otaqlı evdə yaşayış sahəsindən istifadə hüququ tanınmış və uşaqları ilə birlikdə həmin evə köçürülmüş, lakin sonradan həmin ev sökülərək yerində yeni yaşayış sahəsi inşa edilmişdir. O, qeyd olunan ərazidə yeni yaşayış sahəsi inşa etdirdiyini inkar etmir, ancaq həmin yaşayış sahəsinin JN - 292A nömrəli Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində yerləşib-yerləşmədiyini də dəqiq bilmir. İlk olaraq JN - 292A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin harada, hansı ünvanda yerləşdiyi, daha sonra da onun inşa etdirdiyi evin yerləşdiyi ünvan müəyyən edilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, həmin sənəddə göstərilən, Oğuz şəhəri ərazisində yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi hazırki iş üzrə iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin (cəmi 8 nəfər) ümumi birgə mülkiyyətindədir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi və ya digər hər hansı tikilinin olub-olmaması barədə əraziyə baxış keçirməklə məlumat verilməsi üçün Oğuz Rayon Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş 18.03.2022-ci il tarixli mütəxəssis rəyi və yerquruluşu planından görünür ki, mübahisə predmetinə aid olan əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində tikili mövcuddur və həmin tikili cavabdehin istifadəsindədir. Məhkəmə araşdırması zamanı iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, mübahisə predmetinə aid olan 0,02 hektar həyətyanı torpaq sahəsi hazırki iş üzrə iddiaçılar da daxil olmaqla, cəmi 8 nəfərin ümumi birgə mülkiyyətindədir və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş, hazırda da onun istifadəsində olan tikili mövcuddur. Hazırda iddiaçılar JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsini tələb edirlər. İddiaçılar öz iddia tələblərinin əsası olaraq 0,02 hektar həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə və həmin torpaq sahəsində tikili mövcud olmasına dair mütəxəssis rəyinə istinad edir, cavabdeh tərəfindən qeyd olunan tikilinin inşa olunmasına onların razılığının olmadığını bildirirlər. Cavabdeh iddia tələbini qəbul etmir və həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq JN - 292A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin harada, hansı ünvanda yerləşdiyi, daha sonra da onun inşa etdirdiyi evin yerləşdiyi ünvanın müəyyən edilməli olmasını, iddiaçıların Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında deyil, yalnız mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra əldə etdikləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əsasında məhkəməyə müraciət etmələrinin mümkünlüyünü bildirir. Eyni zamanda, cavabdeh qeyd olunan ərazidə yeni yaşayış sahəsi inşa etdirdiyini inkar etməmiş, ancaq həmin yaşayış sahəsinin JN - 292A nömrəli Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində yerləşib-yerləşmədiyini dəqiq bilmədiyini qeyd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,02 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, hazırki vəziyyətdə həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının naturada yeri bəlli deyildir. Bu da onu deməyə əsas verir ki, 0,02 hektar həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçiləri hazırki vəziyyətdə həmin torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər. Məhkəmə iddiaçıların JN - 292A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin harada, hansı ünvanda yerləşdiyi müəyyən edildikdən sonra, həmçinin, Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında deyil, yalnız mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra əldə etdikləri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əsasında məhkəməyə müraciət edə bilərcəkləri barədə cavabdehin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, tərəflərə məxsus, mübahisə predmetinə aid olan 0,02 hektar torpaq sahəsinin harada yerləşdiyi və eyni zamanda, həmin torpaq sahəsində tikili olması faktı mütəxəssis rəyi ilə təsdiq edilmiş, 0,02 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması isə iş materialları ilə müəyyən edilmişdir. 0,02 hektar torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçılar da daxil olmaqla 8 nəfərin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir və həmin şəxslərin hər biri qeyd olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarına malikdirlər. İddiaçı2 hazırki iş üzrə cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 18.02.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin məzmunundan da görünür ki, cavabdehin hazırki iddianın predmetinə aid olan 0,02 hektar torpaq sahəsində yerləşən evi qanunsuz olaraq sökməsi ilə əlaqədar ondan 10.243,86 manat maddi zərər məbləği tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən yeni yaşayış evinin də məhz həmin torpaq sahəsində inşa edildiyi həmin qətnamə ilə müəyyən edilmişdir. Mübahisə predmetinə aid olan tikilinin həmin torpaq sahəsinin hüdudları daxilində hansı hissədə inşa edilməsindən asılı olmayaraq həmin tikili qeyd olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərinin hər birinin maraq və mənafelərinə, hüquqlarına toxuna bilər. Cavabdehin iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallar isə hər hansı şəxsin, o cümlədən, iddiaçıların öz hüquqlarının məhkəmə müdafiəsi təminatından istifadə etmək imkanlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehlin dəlillərinə tənqidi yanaşır. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan 0,02 hektar həyətyanı torpaq sahəsinin, iddiaçılar da daxil olmaqla, 8 nəfərin ümumi birgə mülkiyyətində olması təsdiq edilsə də, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşasına iddiaçıların razılığının olması iş materialları və işin faktiki halları ilə müəyyən edilməmişdir. 0,02 hektar həyətyanı torpaq sahəsi hazırda da iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq cavabdehin həmin torpaq sahəsində (və ya bir hissəsində) hər hansı tikili inşa etməsi birgə mülkiyyətçi kimi iddiaçıların da mülkiyyət hüquqlarına təsir etmiş və onların əmlak üzərindəki mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar və onların ailə üzvlərinin, həmçinin, cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilsə də, iddiaçılar məhkəməyə müraciət etmək üçün ödədikləri 100 (bir yüz) manat dövlət rüsumu məbləğini tələb etmədiklərindən dövlət rüsumu məbləği iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə iddiaçılar tərəfindən ödənilmiş 95 (doxsan beş) manat müayinə və tədqiqat xərcinin də iddiaçılara aid edilməsini qanunamüvafiq hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar X1, İddiaçı2, İddiaçı3 və onların ailə üzvlərinin, həmçinin, Cavabdeh ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililər cavabdehin öz vəsaiti hesabına sökülsün. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği, həmçinin, 95 (doxsan beş) manat müayinə və tədqiqat xərci iddiaçılara aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-59/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-59/2022
22.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver