Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-616/2022 23.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN - 076A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hər iki ərizəçi eyni sənədlə əlaqədar məhkəməyə müraciət etmiş olsalar da, iş materiallarından görünür ki, ərizəçilərdən yalnız Ərizəçi1 məhkəməyə müraciət etməzdən əvvəl hüquqmüəyyənedici sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi üçün müvafiq orqana müraciət etmiş və həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş, həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Digər Ərizəçi2 isə belə məzmunlu müraciətlə müvafiq orqana müraciət etməsini, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmiş olmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasını təsdiq edən sənəd hazırki işə əlavə edilməmişdir. Bu isə qeyd olunan hüquqi əhəmiyyətli faktın Ərizəçi2 münasibətdə mütləq şəkildə məhkəmədə müəyyən olunmalı olduğunu deməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bununla yanaşı, qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, ərizəçilərə izah edilir ki, ərizənin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən hər bir tələb üzrə ayrı-ayrılıqda məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-616/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-616/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver