Məhkəmə qərarları › İş №2(054)-76/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-76/2023

26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-76/2023 26.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X23 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı1, onun və iddiaçı Primova Adilyanın nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxslər X4 və X7 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər X8 və X9 qarşı Oğuz rayonu, Qumlaq kəndində yerləşən, mərhum atadan miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,42 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10391 reyestr nömrəli Çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və Primova Adilya cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər X8 və X9 qarşı Oğuz rayonu, Qumlaq kəndində yerləşən, mərhum atadan miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,42 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10391 reyestr nömrəli Çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq qaydada məlumat verilmiş, iddiaçı Primova Adilya məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Oğuz rayon Notariat ofisi xx.xx.2022-ci il tarixli 688 saylı məktubla iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. Digər iddiaçı bacısıdır. Əslində 6 bacı, 3 qardaşdırlar. X2, anası iş üzrə üçüncü şəxs X10r. Atası 1994-cü ildə vəfat etdikdən sonra mərhum atadan miras qalmış evdə qardaşı, hazırki iş üzrə üçüncü şəxs X12 yaşayır. Bir müddət əvvəl mərhum atasından miras qalmış evə getmək istəyərkən qardaşı onları evə buraxmamışdır. X12 nəinki onları, digər qardaş-bacılarını da evə buraxmır. Oğuza gələndə oteldə yaşayırlar. Mərhum atadan miras qalmış evin sənədləri ilə maraqlananda üçüncü şəxs yenə onlara maneə törətmiş və evi öz adına sənədləşdirdiyini və satacağını bildirmişdir. Ailə üzvlərindən heç kim atadan miras qalmış evin satılmasını istəmir. Evdən istifadə etməyə üçüncü şəxs tərəfindən maneə törədilməsinin qarşısını almaq üçün onun adına olan qeydiyyat ləğv olunmalıdır. Üçüncü şəxsin mərhum atadan miras qalmış evə münasibətdə onların mülkiyyət hüquqlarını həyata keçirməyə maneə törətməsinin əsasları məlum deyil. Oğuz rayon Qumlaq kəndində yerləşən həmin evin həyətyanı torpaq sahəsinə də üçüncü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasının hansı əsaslarla həyata keçirilməsi də məlum deyil, çünki üçüncü şəxs Azərbaycan Respublikasının vətəndaşı deyil. Üçüncü şəxsin adına tərtib olunmuş çıxarışın ləğv edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, İdarədən verilmiş 25 iyul 2022-ci il tarixli, **********53 saylı və 27 iyul 2022-ci il tarixli, **********67 saylı məktublarda məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bundan sonra Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi versələr də, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)- 1891/2022 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ailə üzvlərinin xəbəri olmadan mərhum atasından miras qalmış ev 2013-cü ildə anası, iş üzrə üçüncü şəxs Tamara Xəlilova tərəfindən üçüncü şəxs X8 bağışlanmışdır. Lakin evin və torpaq sahəsinin anasının adına hansı hüquq müəyyənedici sənədlər əsasında keçdiyi məlum deyil. Bütün bu məsələlərin aydınlaşdırılması və qiymət verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlu Azərbaycan Respublikasının vətəndaşı deyil. Üçüncü şəxs Osman Xəlilov atanın adına olan ev və torpaq sahəsinin əsassız olaraq anası Tamara Xəlilovanın adına qeydə alınmasına nail olmuş, atası vəfat etdikdən sonra miras əmlaka digər varislərin hüququnun tanınmasına mane olmuşdur. 2013-cü ildə Osman Xəlilov anasının 0,42 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini ona bağışlamasına nail olmuş, nəticədə xx.xx.2014-cü ildə öz adına texniki pasport və çıxarış almışdır. Bütün bu məsələlər iddiaçılara, eləcə də digər bacı-qardaşlara yaxın zamanlarda məlum olmuşdur. Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlu evi və torpaq sahəsini adına qeyd etdirdikdən sonra anası Tamara Xəlilovaya da münasibətini dəyişmiş, hətta onu da evə buraxmamışdır. Hazırda anası onun yanında yaşasa da, Osman Xəlilov onun digər şəxslərlə ünsiyyətinə imkan vermir, onu təsir altında saxlayır. Mübahisəli əmlakın Tamara Xəlilovanın adına reyestrdə qeydiyyata alınması qanunsuz və əsassız olduğundan bağışlama müqaviləsinin bağlanması da qanuni deyl. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X12 izahat verərək bildirmişdir ki, Oğuz rayon Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2012-ci il tarixli, 797 saylı arayışına əsasən və JN-114F saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə X7 mülkiyyətində olan 0,42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3nın adına rəsmiləşdirilmiş və onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq RX ******* seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarış verilmişdir. X3 xx.xx.2013-cü il tarixdə mülkiyyət hüququ ilə özünə məxsus olan əmlakı ona bağışlamışdır. Bağışlanma müqaviləsinə əsasən, Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adıma RX ******* seriyalı, xx.xx.2014-cü il tarixli Çıxarış verilmiş və həmin tarixdə adına fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs X13 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, hazırda oğlu Osman Xəlilovun (Khalılov) yanında yaşadığını, ona Osmanın baxdığını, bütün əmlakının Osmanın olduğunu bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdır. 3-cü şəxslər Osman Xəlilov və Tamara Xəlilovanın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıların mübahisəli torpaq sahəsi və yaşayış evinə dair hər hansı hüququ müəyyən olunmur, iddianı təsdiq edən heç bir sənəd yoxdur, onların belə bir iddianı irəli sürmək üçün subyektiv hüquqları yaranmamışdır. X13 öz mülkiyyətində olan əmlakını azad iradə ifadəsi ilə rəsmi qaydada oğlu X8 bağışlamışdır. Qeyd olunan müqavilə ilə iddiaçıların və ya hər hansı başqa bir fiziki və ya hüquqi şəxsin hər hansı bir hüququ pozulmur. Belə ki, iddiaçılar və üçüncü şəxs Osman Xəlilovun atası 1994-cü ildə vəfat etmişdir. Həmin vaxt torpaq islahatı keçirilmədiyindən 0,42 ha həyətyanı torpaq sahəsi Vəlyəddin Xəlilovun mülkiyyətində ola bilməzdi. Sözügedən torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə X7 mülkiyyətinə verilmiş, adına JN 114F kod 40505018 saylı şəhadətnamə işlənmişdir. Fərdi yaşayış evinə isə hələ Vəlyəddin Xəlilovun sağlığında Tamara Xəlilovanın adına texniki pasport tərtib edilib, yəni onun ərinin buna razılığı olmuşdur. Buna görə də Tamara Xəlilovanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq RX ******* seriyalı, xx.xx.2013-cü il tarixli Çıxarış verilmişdir. Həmin Çıxarış əsasında Tamara Xəlilova xx.xx.2013-cü il tarixdə öz mülkiyyətində olan 0,42 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən, 71,6 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini oğlu Osman Xəlilova bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən, Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinə Osman Xəlilovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına RX ******* seriyalı, xx.xx.2014-cü il tarixli Çıxarış verilmiş və həmin tarixdə onun adına fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Bundan əlavə iddiaçı tərəfin bağışlama müqaviləsi bağlanarkən Osman Xəlilovun Azərbaycan Respublikası vətəndaşı olmadığına dair mülahizələrinə cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən alınmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş arayışla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1465 saylı sərəncamı ilə onun vətəndaşlığına xitam verildiyi müəyyən edilmişdir. Beləliklə, bağışlama müqaviləsi verilərkən Osman Xəlilov Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Osman Xəlilov həmişə anasına lazımi qayğı göstərmiş, onun səhhəti və digər məsələlərlə bağlı problemlərini həll etmiş, indi də anası onunla birgə yaşayır. İddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid X19 izahat verərək bildirmişdir ki, məhkəməyə şahid qismində İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə xahişi ilə dəvət edilmişdir. Şahidlik etmək istədiyi məsələ Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlunun anasını öz evinə buraxmaması ilə bağlıdır. X7 oğlu Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlu onu Oğuz rayon Qumlaq kəndində yaşadığı evə buraxmadığı üçün qızı Primova Adilya başqa ev tapmağını ondan xahiş etmişdi. Tamara xanımın ərzaq tədarükü ilə bağlı məhsulları da o alıb, xərclər isə Primova Adilya tərəfindən ödənilib. Belə ki, qardaşı İsrail Respublikasından gələndə oteldə Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlunun oğlu, İddiaçı2 və X13 ilə rastlaşmışdır. X13 həmin vaxt İsraildən müalicədən qayıdırdı. Adilya anasının müalicəsini Bakı şəhərində davam etdirirdi. X1 maşını ilə Oğuz şəhərinə gələndə Adliya ona anasına ev tapmağını xahiş etmişdi. Tamara xanım əlil arabasında olduğundan yerdən ev tapılmasını xahiş etmişdilər. X7 hazırki iddia qaldırılandan əvvəl, yaxud sonra kəndə aparılması ilə bağlı məlumatı yoxdur. Həmin vaxt Xəlilov (Khalılov) Osman Vəlyəddin oğlunun oğlu iki gün sonra yoxa çıxdığından onu bir daha görməmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci il tarixdə Oğuz rayonu, Qumlaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Qumlaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 15082805 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1939-cu il tarixdə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qumlaq kəndidir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYİ ******* saylı icazə vəsiqəsinin surətindən görünür ki, İsrail dövləti vətəndaşı Khalilov Osman xx.xx.1960-cı ildə Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qumlaq kəndidir. İşə əlavə edilmiş evlənmə haqqında İQ 284251 saylı şəhadətnamənin surətindən görünür ki, 1933-cü il təvəllüdlü X11 və 1939-cu il təvəllüdlü X14 xx.xx.1957-ci ildə evlənmiş, bu barədə Qumlaq kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmiş, evləndikdən sonra ər-arvad Xəlilov familiyasını götürmüşlər. İşə əlavə edilmiş doğum haqqında İE 862194 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1960-cı ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1960-cı ildə 02 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında İİ-JQ 452028 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1994-cü ildə 61 yaşında ölmüş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 9 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 42/2-1969/2023 saylı müşayiət məktubu ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş dekabr 1987-ci il tarixli, 67 inventar nömrəli 2 ədəd texniki pasportun surətindən görünür ki, Oğuz rayon Qumlaq kəndində faktiki 3027,5 kv.m torpaq sahəsində yerləşən, 1976-cı ildə tikilmiş, ümumi sahəsi 72,4 kv.m 3 otaqlı fərdi yaşayış evinə dair həmin sənədlər əvvəlcə X5, daha sonra X7 adına tərtib edilib. Məktubla bildirilir ki, X5 adına daşınmaz əmlaka dair hər hansı bir hüquq müəyyənedici sənəd tərtib edilməmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 114F (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə X15 0,42 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Qumlaq kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 797 saylı arayışının surətindən görünür ki, Qumlaq kənd nümayəndəliyinin 4 saylı təsərrüfatbaşına kitabının 6-cı səhifəsində 284 saylı şəxsi hesab üzrə 0.31 ha həyətyanı torpaq sahəsi və 1976-cı ildə tikilmiş yaşayış evi və həyətdaxili tikililər kənd sakini X7 özünə məxsusdur. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın və 405-5018/67 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Oğuz rayonu Qumlaq kəndində 0.42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı , 71,6 kv.m ümumi, 71.6 kv.m yaşayış sahəsindən, ümumi sahəsi 82,3 kv.m olan həyətyanı tikili və qurğulardan (anbar, talvar, ayaqyolu, qapı, darvaza və hasardan) ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində X7 adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 02 oktyabr 2013-cü il tarixli (texniki səhv olaraq 2012 yazılıb) yaşayış evinin bağışlanması müqaviləsinin surətindən görünür ki, Oğuz rayon Qumlaq kəndində yaşayan X13 xx.xx.2013-cü il tarixli, 7E-3/1945 nömrəli etibarnamə ilə hərəkət edən X16 vasitəsilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı Çıxarışa əsasən Oğuz rayonu Qumlaq kəndində mülkiyyətində olan 0.42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 71,6 kv.m yaşayış sahəsi olan yaşayış evini X8 bağışlamışdır. Bəxşiş olunan əmlak Osman Xəlilov tərəfindən qəbul edilmişdir. İşə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın və 405-5018/67 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Oğuz rayonu Qumlaq kəndində 0.42 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı , 71,6 kv.m ümumi, 71.6 kv.m yaşayış sahəsindən, ümumi sahəsi 82,3 kv.m olan həyətyanı tikili və qurğulardan (anbar, talvar, ayaqyolu, qapı, darvaza və hasardan) ibarət fərdi yaşayış evi və 0,42 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində X4 adına qeydiyyata alınmışdır. Səki İnzibati Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(116)-1891/2022 saylı qərardadından görünür ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı Oğuz rayon Qumlaq kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış yerinə və həmin evin yerləşdiyi 0,42 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-37/2-X906-26-1-08-3350/2023 saylı məktubuna əlavə edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 4465 nömrəli sərəncamı ilə xx.xx.1960-cı ildə Oğuz rayonunda anadan olmuş X4 Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354-cü maddəsinə əsasən: 354.1 əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Qeyd edilən Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.3-cü maddəsinə görə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Göstərilən Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. İddia tələbi üzrə mübahisəli bağışlanma müqaviləsinin tarixinin xx.xx.2013-cü il olması (müqavilədə 2012-ci il kimi yazılıb, lakin bu, müqavilənin mətni ilə təkzib edilir) və torpaq şəhadətnaməsində Tamaranın ata adının İlya yazılması məhkəmə icraatı zamanı mübahisələndirilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların və üçüncü şəxs X4 anası, üçüncü şəxs X18 mülkiyyətində olan, Oğuz rayon Qumlaq kəndində 0,42 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birgə Osman Xəlilova bağışlamış, bundan sonra üçüncü şəxs həmin daşınmaz əmlakı öz adına Dövlət reyestrində qeydiyyatdan keçirərək çıxarış və texniki pasport almışdır. İddiaçı1 Osman Xəlilovun adına tərtib edilmiş həmin sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, Osman Xəlilovun adına olan sənədlərin tərtib edilməsinə əsas daşınmaz əmlakın Tamara Xəlilova tərəfindən ona bağışlanması olmuşdur. Beləliklə məhkəmə iddiaçının iddia vermək üçün subyektiv hüququnun olmadığı nəticəsinə gələrək iddianı mümkün saymamışdır. İddiaçılar hazırki iddia tələbi ilə bağışlanan əmlakın atadan miras qaldığını, lakin üçüncü şəxslərin qanuni əsaslar olmadan atadan qalmış miras əmlakın bağışlanmasına nail olduqlarını bildirərək bağışlanma müqaviləsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bağışlanma predmeti olan fərdi yaşayış evinə 1994-cü ildə vəfat etmiş mərhum Vəlyəddin Xəlilovun mülkiyyət hüququ olmamış, yəni onun adına hüquq müəyyənedici sənədlər qeydə alınmamış, 0,42 ha torpaq sahəsi torpaq islahatı zamanı Tamara Xəlilovanın mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Tamara Xəlilovanın adına tərtib edilmiş texniki pasport da nəzərə alınmaqla həmin əmlak qanuni əsaslarla üçüncü şəxs Tamara Xəlilovanın mülkiyyəti olaraq qeydə alınmış, onun şəxsi iradəsi ilə Osman Xəlilova bağışlanmışdır. Mülki qanunvericiliklə müəyyən edildiyi kimi bağışlanma müqaviləsinin tərəfləri həmin müqaviləni mübahisələndirə bilərlər. Hazırki iş üzrə iddiaçılar sözügedən müqavilənin tərəfləri olmasalar da mülki iş üzrə tərəflərin yaxın qohumluq münasibətində olması və iddia tələbinin qaldırılmasının əsas mahiyyəti (iddiaçılar vərəsəlik hüquqlarının pozulduğunu güman etmişlər) nəzərə alınmaqla onların müqaviləni mübahisələndirməklə bağlı maraqlı şəxs olduqları qəbul edilərək iddia üzrə subyektiv hüquqları olduğundan məhkəmə araşdırmanın həmin istiqamətdə aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Bağışlanma müqaviləsinin ləğv edilməsinə münasibətdə isə məhkəmə bildirir ki, iş üzrə mümkün olan bütün sübutların araşdırılması nəticəsində müəyyən edilənlərə əsasən bağışlanma müqaviləsi mülki qanunvericiliyin tələblərinə tam olaraq əməl etməklə bağlandığından və bağışlayan şəxsin şəxsi iradəsini ifadə etdiyindən müqavilənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və Primova Adilyanın cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər X8 və X9 qarşı Oğuz rayonu, Qumlaq kəndində yerləşən, mərhum atadan miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,42 ha torpaq sahəsinə vahid daşınmaz əmlak kimi üçüncü şəxs X4 adına hazırlanmış xx.xx.2014-cü il tarixli, **********95-10391 reyestr nömrəli Çıxarışın və texniki pasportun verilməsinə əsas olmuş xx.xx.2013-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar