Məhkəmə qərarları › İş №2(055)-1/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1/2025

06.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1/2025 06.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat kompensasiya verməklə, onun mülkiyyətində olan Saatlı rayonu, Qara Nuru kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, bacısı İddiaçı mülkiyyətində Saatlı rayonu, Qara Nuru kəndində yerləşən fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evini ********** nömrə ilə qeydiyyata aldıraraq bu barədə ARƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh onun qardaşıdır. Hazırda qardaşı Cavabdeh bacısının mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Cavabdeh mütəmadi olaraq bacısını və evinə gələn qonaqlarını narahat edir və birgə yaşayış qaydalarına əməl etmir. Dəfələrlə evdə münaqişə və mübahisə yaratmışdır. Cavabdeh spirtli işki qəbul edərək evdə tez-tez dava-dalaş salır. Ailədə heç kimə nə qadına, nə uşağa və nə də böyüyə hörmət etmir. Cavabdehlə bir evdə yaşamaq mümkün deyildir. Bacısənın mülkiyyətində olan fərdi yaşayış evindən istədiyi kimi istifadə edə bilmir. Cavabdeh bacısının mülkiyyət hüququnu və birgə yaşayış qaydalarını mütəmadi olaraq pozur. Qeyd edir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 18 may tarixli 05 nömrəli qərarına əsasən Cavabdeh mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0,58 ha torpaq sahəsi verilmişdir. Bu barədə olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətini iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli ev onun atasına məxsus olub. Sonradan isə bacısı öz mülkiyyətinə keçirib. O, həmin evdə doğulmuş və yaşamışdır. Onun da həmin evdə yaşamaq hüququ vardır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********53-10301 olan çıxarışa əsasən Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, 0,19997 ha olan torpaq sahəsinin və üzərində inşa edilmiş 172,6 kvadratmet olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-63/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh mərhum atası X1 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Saatlı RİHB-nın Qara Nuru kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Saatlı rayonunun Qara Nuru kəndində yerləşən fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 50-100 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-cü maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İddianın əsasını kompensasiya ödənilməklə cavabdehin fərdi yaşayış evinə dair istifadə hüququna xitam verilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, birinci növbədə məhkəmə tərəfindən cavabdehin fərdi yaşayış evindən istifadə hüququnun yaranması müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, bu mərhələdə AR MPM-nin 217.2-ci maddəsinin tələbinə uyğun olaraq, tərəflər arasındakı yaranmış mübahisəyə tətbiq edilməli olan hüquq norması tapılmalıdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, mübahisəli fərdi yaşayış evi 1972-ci ildə inşa edilmiş və cavabdehin mərhum atası X1 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda alınmış və sonuncunun sahibliyində olmuş və övladı olan cavabdeh də daimi qeydiyyata alınmaqla, orada yaşamışdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində icarədarın ailə üzvü hesab olunan şəxslərin əhatə dairəsi göstərilmişdir, qeyd edilən müddəadan da göründüyü kimi Cavabdeh ailə üzvü olmaqla onun fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-63/2023 saylı qətnaməsi ilə, Cavabdeh mərhum atası X1 adına Saatlı rayonunun Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, fərdi yaşayış evi ilk öncə cavabdehin atasının sahibliyində olmuşdur, cavabdeh həmin fərdi yaşayış evində doğulmuş və uşaqlıqdan hazırki vaxta qədər də orada yaşamışdır. Sonradan mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətinə keçmişdir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə hesab edir ki, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı, fərdi yaşayış evindən istifadə hüquqlarına görə cavabdehə ümumilikdə 1500 manat kompensasiya təklif edir. Cavabdeh isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır. Lakin iddiaçının təklif etdiyi 1500 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ fərdi yaşayış evindən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Belə ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. Digər bir tərəfdən, məhkəmə Saatlı RİHB-nın Qara Nuru kənd İƏD üzrə nümayəndəliyinin məktubunda qeyd olunmuş kirayə haqqına təxmini uyğun olaraq 4000 manat məbləğində kompensasiya ödənilməsini iddiaçıya təklif etsə də, iddiaçı qeyd edilən məbləğdə kompensasiyanın ödənilməsinə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan qəbzlərdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu, 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmadığından dövlət rüsumu və müdiasiya xərci İddiaçı aid edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu, 50 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar