Məhkəmə qərarları › İş №2(055)-1016/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1016/2023

16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1016/2023 16.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 601913 saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır və həmin evdə su xəttinə quraşdırılmış su sayğacının sərfiyyatına uyğun ödənişlər edərək sudan istifadə edir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun istifadəsində olmayan, mülkiyyət hüququ əsasında arvadı X3 məxsus olan və X1 istifadə etdiyi, təxminən 20 kv.m sahəsi olan çayxanaya görə 2052 manat cərimə onun adına olan sayğaca yazılmışdır. Aktın yazılması barədə ona məlumat verilməmiş, aktı imzalamamışdır. Bundan başqa, həmin çayxana təxminən saat 08-dən 17-ə kimi işləyir. Çayxananın aylıq su sərfiyyatı da təxminən 3-5 manat təşkil edir. Belə olan halda, hətta qanunsuz olaraq sudan istifadə edilsə belə, itirilmiş su sərfiyyatı 2052 manat təşkil edə bilməz. Ona görə də göstərdiklərini nəzərə alaraq idianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, sözügedən çayxana iddiaçının arvadı X3 məxsus olmaqla təxminən 20 kv.m sahəsi vardır.Həmin çayxana onun tərəfindən aylıq 160-180 manat ödənilməklə icarəyə götürülmüşdür.Aktın yazılması barədə ona məlumat verilməmiş, aktı imzalamamışdır.Bundan başqa, həmin çayxana təxminən saat 08dən 17-ə kimi işləyir. Çayxananın aylıq su sərfiyyatı 3-5 manat təşkil edir. Belə olan halda, hətta qanunsuz olaraq sudan istifadə edilsə belə, itirilmiş su sərfiyyatı 2052 manat təşkil edə bilməz. Akt yazılarkən onun da xəbəri olmamış və aktın nüsxəsi verilməmişdir. İşdə olan və məhkəmə iclasında elan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 601913 saylı aktdan görünür ki, baxış keçirilən zaman obyektin sayğacdan kənar birləşmə vasitəsilə qanunsuz olaraq sudan istifadə etdiyi aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonent kartından görünür ki, istehlakçı (abonent) İddiaçı adına 2052 manat borc əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci maddəsinə əsasən STKMin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Həmin qərarın 3.1.2-ci maddəsinə əsasən STKM-in smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmədə iddiaçının izahatı, şahid ifadəsi və işin digər araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının abonent hesabına əsassız olaraq borc əlavə edilmişdir və iddiaçı məhkəmə iclasında həmin borcun əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktı ləğv edilməli və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktı ləğv edilsin və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-1016/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 601913 saylı aktı ləğv edilsin və həmin akta əsasən İddiaçı abonent hesabına əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar