Məhkəmə qərarları › İş №2(055)-1039/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1039/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1039/2025 24.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək onun abonen hesabına artıq hesablanmış 429,13 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ailəsiylə birlikdə Qırağlı kəndində yaşayır və yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edir. Uzun illərdir ki, istifadə etdiyi qaz sərfiyyatını vaxtlı-vaxtında ödəmişdir. Lakin yaxın vaxtlarda cavabdeh təşkilat onas səhv borc hesablayaraq evinə nəql edilən qazı dayandırmışdır. O, yaranmış borcun səhv hesablanması barədə cavabdeh təşkilatın rayon şöbəsinə bildirsə də onlar ona heç bir məhəl qoymamışlar. Bu cür hallar əvvəllərdə ona qarşı cavabdeh təşkilat tərəfindən edilsə də, sonda o, həqiqəti üzə çıxardığından səhv hesablanmış borcu sildirə bilmiş, lakin bu dəfə cavabdeh təşkilat ona heç bir halda borcu silməyəcəyini bildirmişdir. Qeyd edir ki, cavabdeh təşklatın təqdim etdiyi xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, 2023-cü il ərzində ümumilikdə 356,84 manatlıq qaz sərfiyyatı istifadə etmiş və bunun əvəzində 600 manat pul ödəmişdir. Lakin ona həmin il 231,34 manat borc hesablanmışdır. Bundan başqa saldolara diqqət yetirdikdə görmək olur ki, keçən ildən qalan borc yeni ilə keçdikdə heç bir əsası olmadan artırıq borc yazılır. Yəni keçən ilin dekabr ayından qalan borc, yanvar ayında heç bir əsası olmadan artırılır. O, cavabdeh təşklatın əməkdaşlarına bu barədə bildirs də, cavabdeh təşkilatın əməkdaşları bu barədə ona heç bir aydınlıq gətirə bilməmiş, əksinə ona narazılığı varsa məhkəməyə müraciət etmək hüuquqnun olmasını bildirmişlər. Hesab edir ki, Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozularaq səhv qaz sərfiyyatı hesablanmış və onun evinə nəql edilən qaz axını qanunsuz olaraq dayandırılmışdır. Odur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı artıq hesablanmış borcun silinməsini xahiş edirəm. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, iddianı qəbul etmirlər. İddiaçı əvvələr istifadə etdiyi qazın borcunu ödəmişdir. 2021-ci və 2022-ci illərdə İddiaçı tərəfindən ödəniş olunmamışdır. İddiaçı artıq sərfiyyat və borc heablanmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı təbbi qazdan istifadə etdiyi üçün 2020-ci il üçün 343,60 manat borc hesablanmış və həmin il iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Növbəti illərdə də, hesablanmış borc tam şəkildə deyil, kəsirlə ödəniş həyata keçirilmişdir. Nəticədə də, ildən-ilə borc yığılmışdır. İddiaçı, cavabdeh təşkilat tərəfindən ona səhv borc hesablandığını göstərsə də, bunu təsdiq edəcək hər hansı bir sübütü məhkəməyə təqdim etməmişdir. Odur ki, belə olan halda iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, şərh olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdehnə qarşı artıq hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar