Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1309/2023 18.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2023-cü il tarixli 034340 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00180) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, ailəsi ilə birlikdə yaşadığı Saatlı rayon Nərimankənd kəndində yerləşən fərdi yaşayış evində X1 edir. Evdə yalnız işıq lampalarından, soyuducu və televizordan istifadə edirlər. Maddi vəziyyətləri çətin olsa da, işlətdikləri elektrik enerjisinin haqqını ödəyirlər. Lakin onlara məlum olmayan səbəbdən və xəbərləri olmadan 14 sentyabr 2023-cü il tarixdə eyni tarixli 034340 saylı akt əsasında faktiki olaraq onun istifadəsində və adında olan elektrik sayğacına yüksək məbləğdə borc yazılmışdır. Həmin məbləğdən müəyyən qədər ödəsə də, hazırda borc qalmaqdadır. Maddi imkanı yaxşı olmadığı üçün həmin borcu ödəməkdə çətinlik çəkir. O və ailə üzvləri elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Lakin əvvəldən sayğac quraşdırılarkən elektrik dirəyindən sayğaca gələn kabeldən əlavə, digər iki kabel də quraşdırılmış, lakin həmin kabellər yenidən elektrik dirəyinə qayıtmışdır. O da həmin elektrik dirəyinə qayıdan kabellərdən əlavə xətt çəkmişdir. Yəni o, sayğacdankənar xətt çəkməmiş, sayğaca gəlib birləşən kabellərdən əlavə xətt çəkmişdir. Hesab edir ki, cavabdeh təşkilatın 14 sentyabr 2023-cü il tarixli 034340 saylı aktı və həmin akta əsasən hesablanmış borc əsassızdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2023-cü il tarixli 034340 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00180) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 14 sentyabr 2023-cü il tarixli, 034340 saylı aktdan görünür ki, X1 qaydalarına uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman istehlakçı İddiaçı evinin sayğacdankənar xətt vasitəsi ilə qidalandırılması aşkar edilmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, ampermaşa vasitəsi ilə ölçü aparılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı (abonent kodu: **********00180) itirilmiş enerji dəyəri kimi ümumilikdə 942,48 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 sentyabr 2023-cü il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdən görünür ki, abonent İddiaçı elektrik sayğacına baxış keçirilən zaman abonentin evinin sayğacdankənar xətt vasitəsi ilə qidalandırıldığı aşkarlanmışdır və ona 942,48 manat borc hesablanmışdır. Kənar xəttin ləğv olunması qeyd olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisindən sayğacdankənar qanunsuz elektrik xətti vasitəsi ilə istifadə etdiyi üçün X1 qaydalarının pozulmasında məsuliyyət daşıyır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından başqa, iddia tələbinin əsasında duran aktın və həmin akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu, iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etmədiyini təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının izahatı isə özüözlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iddiaçının və cavabdehin nümayəndəsinin təqdim etdikləri DVD və CD disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkilişdə göründüyü kimi, elektrik dirəyindən sayğaca gələn elektrik xəttindən əlavə olaraq iddiaçıya məxsus yaşayış evinə elektrik xətləri çəkilərək istifadə olunur. Ampermaşa vasitəsi ilə sayğacdan axan yük ölçülmüş və sayğacdan axan yükün 0,8 amper, sayğacdankənar xətdən axan yükün isə 3,8 amper olduğu müəyyən edilmişdir. İddiaçı izahatında elektrik dirəyindən sayğaca gələn iki kabelin yenidən elektrik dirəyinə qoşulduğunu, lakin bu barədə məlumatı olmadığını və onun heç bir müdaxilə etmədiyini bildirsə də, videoçəkilişdən görünür ki, iddiaçı həm sayğac vasitəsi ilə, həm də sayğacdankənar xətdən istifadə etməklə X1 etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli 034340 saylı akt və həmin akta əsasən iddiaçının abonent hesabına əlavə edilmiş borc əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2023-cü il tarixli 034340 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00180) əlavə edilmiş borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2023-cü il tarixli 034340 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00180) əlavə edilmiş borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1309/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1309/2023
18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver