Məhkəmə qərarları › İş №2(055)-132/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-132/2024

26.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-132/2024 26.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 noyabr 2023-cü il tarixli 034777 saylı aktının ləğv edilməsi və həmin akta əsasən mərhum atası X1 abonent hesabına (abonent kodu: **********4) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və mərhum atası X1 adına olan sayğac vasitəsi ilə X2 edir. Evinə əvvəllər mexaniki sayğaclar quraşdırılsa da, hazırda smartkart tipli elektrik sayğacı quraşdırılmışdır. Evdə yalnız işıq lampalarından, soyuducu və televizordan sitifadə edirlər və maddi vəziyyətləri çətin olsa da, işlətdikləri elektrik enerjisinin haqqını ödəyirlər. Onlara məlum olmayan səbəbdən və xəbərləri olmadan 14 noyabr 2023-cü il tarixdə 034777 saylı akt əsasında faktiki olaraq onun istifadəsində olan, lakin mərhum atası X1 adına olan elektrik sayğacına yüksək məbləğdə borc yazılmışdır. Hesab edir ki, cavabdeh təşkilatın 14 noyabr 2023-cü il tarixli 034777 saylı aktı və həmin akta əsasən hesablanmış borc əsassızdır. O və ailə üzvləri sayğaca müdaxilə etməmişlər və həmin borcun necə yaranması onlara məlum deyildir. Yalnız 2010-cu ildə su daşqını baş verən zaman "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətindən qurunt sularının çəkilməsi məqsədi ilə sayğacdankənar əlavə xətt quraşdırılmışdır və bu vaxta qədər mövcud olan həmin xətdən mütəmadi olaraq deyil, sadəcə qurunt sularını həyətdən kənarlaşdırmaq üçün istifadə edir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 noyabr 2023-cü il tarixli 034777 saylı aktın ləğv edilməsi və həmin akta əsasən mərhum atası X1 abonent hesabına (abonent kodu: **********4) əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı 31 yanvar 2024-cü il tarixli məktubda iş üzrə məhkəmə baxışının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 oktyabr 2023-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik sayğacı X1 adınadır və həmin sayğacda X2yə görə aylıq sərfiyyat qeyd olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X2 Qaydaları”nın pozulması haqqında 14 noyabr 2023-cü il tarixli, 034777 saylı aktdan görünür ki, X2 qaydalarına uyğun olaraq X1 adına olan ********** seriya nömrəli elektrik sayğacına baxış keçirilən zaman abonentin elektrik sayğacının arxa hissəsindən deşik açmaqla sayğacdankənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, ampermaşa vasitəsi ilə ölçü aparılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı 31 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə sübutlarını - 14 noyabr 2023-cü il tarixli 034777 saylı aktı, əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə 24 noyabr 2023-cü il tarixli tələbləri və İddiaçı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən aparılmış videoçəkilişi əks etdirən DVD diski məhkəməyə təqdim etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə 24 noyabr 2023-cü il tarixli tələblərdən görünür ki, ********** seriya nömrəli elektrik sayğacına baxış keçirilən zaman abonentin elektrik sayğacının arxa hissəsindən deşik açmaqla sayğacdankənar xətdən istifadə etdiyi aşkar edilmiş, həmin qüsura görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 14 noyabr 2023-cü il tarixli 034777 saylı akt tərtib edilmiş və **********4 nömrəli abonent hesabına 1119,24 manat borc yazılması və kənar xəttin ləğv olunması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X2 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisindən sayğacdankənar qanunsuz elektrik xətti vasitəsi ilə istifadə etdiyi üçün X2 qaydalarının pozulmasında məsuliyyət daşıyır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından başqa, iddia tələbinin əsasında duran aktın və həmin akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu, iddiaçının sayğacdankənar elektrik xəttindən istifadə etmədiyini təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının izahatı isə özüözlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə baxışı zamanı izahatında elektrik sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini və cavabdeh təşkilat tərəfindən əsassız olaraq akt tərtib edilərək borc yazıldığını göstərsə də, eyni zamanda bildirmişdir ki, 2010-cu ildə su daşqını zamanı onun həyətində yığılan qurunt sularının təmizlənməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun yaşadığı evə quraşdırılmış elektrik sayğacından kənar əlavə xətt çəkilmişdir, həmin xətt hazırki vaxtadək mövcuddur və qurunt sularının təmizlənməsi üçün həmin xətdən istifadə edir. İddiaçının göstərdiyi hallar, yəni onun sayğaca heç bir müdaxilə edilmədiyini deməsinə baxmayaraq, sayğacdankənar çəkilmiş əlavə xətdən istifadə etdiyini bildirməsi özü-özlüyündə ziddiyyət təşkil edir və onun sayğaca heç bir müdaxilə olunmaması ilə bağlı göstərdiklərini şübhə altına alır. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi DVD diskə baxış keçirilmiş və videoçəkilişdə göründüyü kimi, iddiaçıya məxsus evə quraşdırılmış ********** seriya nömrəli elektrik sayğacından axan yük ampermaşa vasitəsi ilə ölçülmüş, sayğacın giriş xəttindən 16,3 amper, çıxış xəttindən isə 1,1 amper yük axması, sayğacın arxa hissəsindən divarı deşməklə sayğacdankənar xəttin çəkilməsi, abonentin sayğacdankənar xətdən istifadə etməsi müəyyən edilmişdir. İddiaçı izahatında sayğaca heç bir müdaxilə etmədiyini bildirsə də, videoçəkilişdən görünür ki, iddiaçı həm sayğac vasitəsi ilə, həm də sayğacdankənar xətdən istifadə etməklə X2 etmişdir. Beləliklə, məhkəmə cavabdehin təqdim etdiyi DVD diski İddiaçı sayğacdankənar xətdən istifadə etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli 034777 saylı akt və həmin akta əsasən hesablanmış borc əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 noyabr 2023-cü il tarixli 034777 saylı aktının ləğv edilməsi və həmin akta əsasən mərhum atası X1 abonent hesabına (abonent kodu: **********4) əlavə edilmiş borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14 noyabr 2023-cü il tarixli 034777 saylı aktının ləğv edilməsi və həmin akta əsasən mərhum atası X1 abonent hesabına (abonent kodu: **********4) əlavə edilmiş borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar