Məhkəmə qərarları › İş №2(055)-161/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-161/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-161/2024 06.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Babayev Mahir Ağababa oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, evinə quraşdırılmış qaz sayğacının sərfiyyatına uyğun ödənişlər edərək təbii qazdan istifadə edir. Cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri onun evinə quraşdırılan qaz sayğacına baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 24 iyul 2023-cü il tarixli, ******* saylı akt tərtib edərək köhnə qaz sayğacını çıxararaq yeni qaz sayğacı ilə əvəz etmişlər. Həmin aktda köhnə sayğacın çıxarılma səbəbi kimi sayğacın növbəti dövlət yoxlaması göstərilmişdir. Daha sonra cavabdeh “Azəriqaz” İstehsalat Birliyi onun barəsində tərtib etdiyi 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktla sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar ediliyi və sayğacın istismara yararsız olduğu müəyyən olunmuş və həmin akt əsasında da ona itirilmiş təbii qazın bərpasına görə 6480m3 qaz sərfiyyatı və ya 777.60 manat borc hesablanmışdır. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər. O, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona köhnə sayğacda nöqsan olması barədə heç bir xəbərdarlıq edilməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və sayğac növbəti dövlət yoxlanılması üçün açılaraq laboratoriyaya göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar ediliyi və sayğacın istismara yararsız olması aşkar edilmişdir. Faktla bağlı “Azəriqaz” X1 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə hesablanmış 6480m3 qaz sərfiyyatı və ya 777.60 manat borc İddiaçı Saatlı XS-nin abonent bazasındakı abonent koduna (abonent saldosuna) əlavə edilmişdir.Həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 24 iyul 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi sayğacın növbəti dövlət yoxlaması qeyd edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 sentyabr 2023cüil tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı evində quraşdırılan köhnə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar ediliyi və sayğacın istismara yararsız olduğu müəyyən edildiyindən dəymiş maddi ziyanın hesablanması qeyd edilmişdir. İşdə olan “Azəriqaz” İB-nin Salyan Regional Qİİ tərəfindən verilən dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi mövcud qaz işlədicilərinə görə 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 6480m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 6480m3 qaz sərfiyyatı yəni, 777.60 manat cərimə əlavə edilmişdir. İddiaçı evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün iddiaçı “Azəriqaz” İstehsalat Birliyi təbii qazın talanması ilə əlaqədar cavabdeh İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. İş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evi təbii qazla təmin edən xətt üzərində sayğac küçədə quraşdırılmışdır. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, istehlakçının sayğaca müdaxiləsinə dair mötəbər sübutlar verilmədiyindən və itirilmiş qazın dəyəri kimi hesablanmış 6480m3 təbii qaz sərfiyyatı və ya 777.60 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından iddiaçıdan həmin ziyanın alınması üçün «Qazdan istifadə qaydalarının pozulması haqqında» 29 sentyabr 2023-cü il tarixli, ******* saylı akt əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********04020) əlavə edilmiş borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilsin, həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********04020) əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-161/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 06 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi Babayev Mahir Ağababa oğlunun iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 sentyabr 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilsin, həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********04020) əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar