Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1809/2025 13.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 iyun 2025-ci il tarixli 392027 saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda Saatlı rayonu Qırağlı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və elektrik enerjisindən smart tipli elektrik sayğacı vasitəsi ilə istifadə edir. O, karta və smart tipli elektrik sayğacına hər ay pul ödəməklə elektrik enerjisindən istifadə edir və bunu təsdiq edən abonent saldosunu da iddia ərizəsinə əlavə etmişdir. 2025-ci ilin noyabr ayında smart tipli elektrik sayğacı üçün karta pul yükləyərkən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona 879 manat borc yazılğıldığı bildikdən sonra, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı şöbəsində olmuş və orada deyilmişdir ki, 21 iyun 2025-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı ünvana gələrək elektrik sayğacına baxış keçirmişlər, ailə üzvlərinə məlumat vermədən onun barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə akt tərtib etmişlər. O, barəsində tərtib edilmiş 21 iyun 2025-ci il tarixli 392027 saylı aktı əldə etdikdən sonra bilmişdir ki, evinə gedən elektik enerjisinin guya sayğacdan kənar xəttlə aparılması aşkar edilmiş və buna görə qeyd edilən akta əsasən ona borc hesablanmışdır. Bundan başqa, həmin aktı tərtib edilərkən iki nəfər hal şahidinin iştirakı da təmin edilməmişdir. O, həmin akt və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, yaşadığı evdə quraşdırılmış elektrik sayğacından hər ay karta köçürdüyü pul məbləğində istifadə etmiş, heç vaxt sayğacdan kənar xəttdən istifadə etməmişdir. Bu hal onu sübut edir ki, barəsində olan 21 iyun 2025-ci il tarixli 392027 saylı akt “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbləri pozulmaqla tərtib edilmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 iyun 2025-ci il tarixli 392027 saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı ərizədə iddiaçının tələbinin əsassız olduğundan təmin edilməməsini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 iyun 2025-ci il tarixli 392027 saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Saatlı rayonu Qırağlı kəndində yerləşən evində quraşdırılan smart tipli elektrik sayğacına baxış keçirilən zaman sayğacdan kənar xəttin aşkar olunması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı (abonent kodu: **********04706) fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının sərfiyyat göstəricisinə uyğun olaraq ödənişlər etmişdir. Həmçinin abonent İddiaçı (abonent kodu: **********04706) itirilmiş enerji dəyəri kimi 25 iyun 2025-ci il tarixə 879,45 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, iddiaçının Saatlı rayonu Qırağlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılan elektrik sayğacı vasitəsi ilə ödənişlər edərək elektrik enerjisindən istifadə etməsi və bu barədə sayğacın mütəmadi olaraq sərfiyyat qeyd etməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi faktını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmiş, 21 iyun 2025-ci il tarixli 392027 saylı akta əsasən hesablanmış borcun əsaslı olması isə məhkəmədə öz təsdiqini tapmamışdır. İddiaçı isə elektrik enerjisindən qanunsuz istifadə etməməsini və 21 iyun 2025-ci il tarixli 392027 saylı aktın əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 iyun 2025-ci il tarixli 392027 saylı akt ləğv edilməli və həmin akta əsasən İddiaçı (abonent kodu: **********04706) abonent hesabına əlavə edilmiş borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 iyun 2025-ci il tarixli 392027 saylı akta əsasən İddiaçı (abonent kodu: **********04706) abonent hesabına əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1809/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1809/2025
13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver