Məhkəmə qərarları › İş №2(055)-188/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-188/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-188/2023 06.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, iddiaçı X2, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X7 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1036.80 manat cərimənin silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclasında iddiaçı X7 iddiasını müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Saatlı rayon Sarıcalar kəndində yaşayır. Cavabdeh “Azəriqaz” X5 X11 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri onun evinə quraşdırılan qaz sayğacına baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 27 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edərək köhnə qaz sayğacını çıxararaq yeni qaz sayğacı ilə əvəz etmişlər. Həmin aktda köhnə sayğacın çıxarılma səbəbi kimi sayğacın giriş borusunun deşik olması qeyd edilmişdir. Cavabdeh “Azəriqaz” X5 X11 İdarəsinin Saatlı xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına görə 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktla ona məxsus olan qaz sayğacının giriş membranının deşici alətlə deşilməsi, xətaların normadan artıq olması, sayğacın mnimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin mnimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən olunmuş və ona həmin akt əsasında itirilmiş təbii qazın bərpasına görə 8640m3 və ya 1036.80 manat borc hesablanmışdır. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o, fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmiş, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmiş və cavabdeh “Azəriqaz” X5 X11 İdarəsinin Saatlı rayon xidmət sahəsinin nəzarətçisinə bu barədə məlumat vermiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X8 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Saatlı rayon Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində X7 və onun ailə üzvləri yaşayır. İddiaçı X2 yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı açılaraq Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən qaz sayğacının giriş membranının deşici alətlə deşilməsi, xətaların normadan artıq olması, sayğacın mnimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin mnimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən olunmuş, faktla bağlı “Azəriqaz” X5 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən iddiaçının fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə 8640m3 qaz sərfiyyatı hesablanmışdır. Bundan sonra itirilmiş təbii qazın bərpası üzrə hesablanmış 8640m3 qaz sərfiyyatı iddiaçı X2 Saatlı XSnin abonent bazasındakı **********04420 nömrəli abonent koduna (abonent saldosuna) 1036.80 manat borc əlavə edilmişdir və həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 27 sentyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X2 Saatlı rayonu, Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi sayğacın giriş borusunun deşik olması, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı X2 fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********04420) qaz sayğacının giriş membranının deşici alətlə deşilməsi, xətaların normadan artıq olması, sayğacın mnimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin mnimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması aşkar edildiyindən dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Azəriqaz» İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 01 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X4 (abonent kodu: **********04420) itirilmiş təbii qazın bərpası üzrə 8640m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, abonent X4 (abonent kodu: **********04420) 2022-ci ilin sentyabr ayında itirilmiş təbii qazın bərpası üzrə 8640m3 təbii qaz sərfiyyatı və itirilmiş təbii qazın dəyəri kimi 1036.80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi,dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, iddiaçı X2 yaşadığı Saatlı rayon Sarıcalar kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı «Azəriqaz» İstesalat Birliyinin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən itirilmiş qazın bərpası üzrə 8640m3 təbii qaz sərfiyyatı hesablanmış və həmin itirilmiş təbii qaz sərfiyyatına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçı X1 1036.80 manat borcun ödənilməsi tələb edilir. Ona görə də, iddiaçı X7 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə məhkəmədə iddia qaldırmışdır. X7 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı məhkəmədə qismən sübut edə bilmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstesalat Birliyinin nümayəndəsi 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatnın 8640m3 və ya 1036.80 manat olmasını məhkəmədə qismən sübut edə bilmişdir, eyni zamanda həmin ziyanın əsaslı olması barədə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim olunan sübut məhkəmədə qismən öz təsdiqini tapmışdır. Belə ki, işdə olan abonentin saldosu ilə müəyyən edildi ki, abonent X2 evində işlədilən qaz işlədicilərinə görə 30 sentyabr 2022-ci il tarixli akta əsasən 8640m3 təbii qaz sərfiyyatına əsasən 1036.80 manat borc hesablanmışdır. Həmçinin də işin araşdırılan halları ilə müəyyən edildi ki, qaz sayğacı X2 təqsiri üzündən zədələndiyi təqdirdə itirilmiş qazın bərpası üzrə hesablanmış qaz sərfiyyatının neçə gün müddətinə və ya itirilmiş qazın dəyərinin nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktı əsasında iddiaçı X2 evində işlədilən qaz işlədicisinə görə itirilmiş qazın bərpası üzrə hesablanmış qazın dəyəri 1036.80 manatdan 216 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli, ******* saylı aktı əsasında iddiaçı X2 (abonent kodu: **********04420) yaşadığı Saatlı rayon Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 1036.80 manat borc 216 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktı əsasında iddiaçı X2 (abonent kodu: **********04420) yaşadığı Saatlı rayon Sarıcalar kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə təbii qazın dəyəri kimi hesablanmış 1036.80 manat borc 216 manatadək azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar