Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-196/2023 07.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyul 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən abonent hesabına (**********02600) yazılmış ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 13 mart 2022-ci ildə “Azəriqaz” X4 xidmət sahəsinin işçiləri onun iştirakı ilə Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən evinə gələn qaz xətti üzərində quraşdırılmış smart tipli qaz sayğaca baxış keçirərkən bildirmişlər ki, sayğacın şüşəsinin üzərində cızıq izləri vardır, ona görə sayğac açılıb laboratoriyaya təqdim ediləcək, əvəzində evinə gələn qaz xətti üzərində yeni qaz sayğacı quraşdıracaqlar. Həmin vaxt qaz idarəsinin əməkdaşlarına bildirmişdir ki, aşkar etdikləri hal ilə bağlı onun heç bir təqsiri yoxdur. Lakin sonradan məlum oldu ki, “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli əməkdaşları onun iştirakı olmadan barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 iyul 2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Həmin aktla bağlı o, “Azəriqaz” X4 xidmət sahəsi üzrə satış müdiri Nicat Əliyevin qəbulunda olmuş və həmin şəxs ona bildirmişdir ki, sayğacında aşkar edilən müdaxilə halı ilə bağlı onun heç bir təqsiri yoxdur, akt qanunsuz tərtib edilmişdir. Amma buna baxmayaraq həmin tərtib edilmiş aktın ləğv edilməsi onun səlahiyyətində deyil, o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bundan sonra o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyul 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına yazılmış ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərdi ki, sayğac açılıb aparılarkən qaz idarəsinin işçiləri onun tərəfdən sayğaca müdaxilə olunması barədə heç bir xəbərdarlıq etməmişlər, o da sayğacın çıxarılması barədə 13 mart 2022-ci il tarixli akta ona görə imza etmişdir. Əgər ona bununla bağlı məlumat versə idilər, o, həmin akta imza etməzdi. Bundan əlavə barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 iyul 2022-ci il tarixli, ******* saylı akt iştirakı olmadan yazılmış, qaz idarəsinin işçiləri tərəfindən akt yazılmazdan əvvəl evinə gəlib işlədicilərə baxış keçirilməmişdir. Amma aktda qeyd olunub ki, guya o, akta imza etməkdən imtina etmişdir. Əslində isə o, həmin aktın mövcudluğundan 2023-cü ilin yanvar ayının əvəllərində telefonuna mesaj gələndən sonra xəbər tutmuşdur. Həmçinin də kartına ödəniş etməyinə baxmayaraq sayğac qazı buraxmadığı üçün dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinin qaynar xəttinə və Saatlı xidmət sahəsinin Əhmədbəyli kəndi üzrə sayğaclara nəzarət edən əməkdaşına məlumat vermişdir. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X8 izahatında göstərdi ki, Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində İddiaçı və onun ailə üzvləri yaşayır. İddiaçı yaşadığı evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və sayğac yoxlanılması üçün açılaraq laboratoriyaya göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən köhnə sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izi aşkar olunmuş, xətaların normadan artıq olması, sayğacın 100% nisbi xəta ilə işlədiyi məlum olmuş, faktla bağlı “Azəriqaz” X5 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyul 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə İddiaçı Saatlı XS-nin abonent bazasındakı **********02600 nömrəli abonent koduna (abonent saldosuna) 1036,80 manat borc əlavə edilmişdir. Həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar ilə bağlı onun qəbuluna çox insanlar gəlir. İddiaçı da onun qəbulunda olarkən “Azəriqaz” İstehsalat Birliyinin sözü gedən akta qarşı etirazı olduğu təqdirdə rayon məhkəməsinə müraciət etmək hüququnun olmasını izah etmişdir. 22 iyul 2022-ci il tarixli, ******* saylı aktda da qeyd olunub ki, sayğacın element yuvasında kənar təsir izləri müvcuddur. Bu da sayğacda olan batareyanın çıxarılması, sayğacdan qazın keçməsinə baxmayaraq sayğacın sərfiyatı hesablamaması şübhəsini yaradır. Bu halı da dəqiq müəyyən etmək üçün sayğac çıxarılaraq laboratoriyaya göndərilməlidir. 22 iyul 2022-ci il tarixli, ******* saylı aktı laboratoriya rəyi əsasında idarədə iddiaçının iştirakı olmadan və iddiaçının yaşadığı evdə işlədicilərə baxış keçirilmədən tərtib etmiş və həmin aktda iddiaçının aktı imzalamaqdan imtina etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, “Azəriqaz” X4 xidmət sahəsinin əməkdaşıdır və Əhmədbəyli kəndi üzrə sayğaclara nəzarət edir. İddiaçı bir neçə dəfə idarəyə müraciət edərək evinə quraşdırılmış qaz sayğacında problem olduğunu, karta pul yüklədiyi halda sayğacın qaz keçirmədiyi barədə məlumat vermiş, o, “Azəriqaz” X4 xidmət sahəsinin digər əməkdaşları ilə iddiaçının yaşadığı evə gedərək sayğaca baxış keçirmişdir. Həmin sayğacın klapanları və boruları düzgün istiqamətdə durmadığı üçün işləməmiş və buna görə sayğac qaz keçirməmişdir. Onlar həmin boruları və klapanı işlək vəziyyətə gətirmişlər və sayğacdakı heç nəyə müdaxilə etməmişlər. Bundan əlavə bir neçə dəfə iddiaçının məlumatı əsasında onun evinə quraşdırılmış sayğaca baxış keçirmiş və sayğacda olan problemlər aradan qaldırılmış, bu zaman sayğacda hər hansı kənar müdaxilə, həmçinin element yuvasının əzilməsi, didilməsi kimi hallar müşahidə edilməmişdir. Sayğacın element yuvası aşkar görülən bir yer olduğu üçün əgər onda hər hansı problem olardısa, bunu dərhal görmək olardı. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 13 mart 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi element yuvasının didilməsi, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 22 iyul 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən evində quraşdırılan köhnə sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izi aşkar olunmuş, xətaların normadan artıq olması, sayğacın 100% nisbi xəta ilə işlədiyi məlum olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 yanvar 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 1036,80 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********02600, ünvan: Saatlı rayonu Əhmədbəyli kəndi) mövcud qaz işlədicilərinə görə 22 iyul 2022-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 8640m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 6-2-ci maddəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Həmin qanunun 13-cü maddəsinin 8-1 hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə iclası zamanı iddiaçının izahatı və şahid X1 ifadəsi ilə müəyyən olundu ki, iddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərək həmin sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izi olması, xətaların normadan artıq olması və sayğacın 100% nisbi xəta ilə işlədiyinin məlum olması və həmin nöqsanlara görə iddiaçıya borc hesablanması barədə 22 iyul 2022-ci il tarixli, ******* saylı akt iddiaçının iştirakı olmadan tərtib edilmiş, həmçinin iştirakçının xəbəri olmadan onun aktı imzalamaqdan imtina etməsi ilə bağlı qeyd olmuşdur. Həmçinin sayğac laboratoriyada müayinədən keçirilən zaman iddiaçının iştirakı təmin olunmamışdır. Buradan da görünür ki, iddiaçının barəsində akt tərtib edilən zaman onun hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmçinin məhkəmə iclası zamanı işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 8640m3 qaz sərfiyyatı yəni, 1036,80 manat borc əlavə edilmişdir. İddiaçı evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün iddiaçı “Azəriqaz” İstehsalat Birliyi təbii qazın talanması ilə əlaqədar cavabdeh İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilmişdir. Belə ki, iddiaçı qaz sayğacı ilə təbii qazdan istifadə edərək sayğacın sərfiyyat göstəricisinə uyğun ödənişlər etmişdir. Odur ki, itirilmiş qazın dəyəri kimi hesablanmış 8640m3 təbii qaz sərfiyyatı və ya 1036,80 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından, iddiaçıdan həmin ziyanın alınması üçün «Qazdan istifadə qaydalarının pozulması haqqında» 22 iyul 2022-ci il tarixli, ******* saylı akt əsaslı hesab edilə bilməz. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi etirazının əsası kimi istinad etdiyi halları (köhnə sayğacın element yuvasının qapağının ətrafında kənar təsir izi olmasında, xətaların normadan artıq olması və sayğacın 100% nisbi xəta ilə işləməsində iddiaçının təqsirli olmasını və həmin halın nəticəsində iddiaçının təbii qazdan qanunsuz istifadə etməsini) təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin də, 22 iyul 2022-ci il tarixli, ******* saylı aktın və itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 8640m3 təbii qaz sərfiyyatı və ya 1036,80 manat borcun əsaslı olmasını məhkəmədə sübut edə bilməmişdir. İddiaçı isə ona hesablanmış ziyanın əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və qeyd olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyul 2022-ci il tarixli, ******* saylı aktı özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Ona görə də, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 22 iyul 2022-ci il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********02600 ) əlavə edilmiş borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rusumu ödənilir. Həmin qanunun 9.1 və 9.1.5-ci maddələrinə əsaəsən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə iddianın qiymətinə uyğun 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 iyul 2022-ci il tarixli, ******* saylı aktı ləğv edilsin, həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********02600) əlavə edilmiş borc silinsin. 30 (otuz) manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-196/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-196/2023
07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver