Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-368/2023 21.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi və vəkili X17 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı mərhum əri X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak barədə Cavabdeh notariusu X9 tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli, 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı iclası zamanı İddiaçı nümayəndəsi və vəkili X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı X11 ilə 18 mart 1981-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikah dövründə, yəni 10 dekabr 2013-cü il tarixdə iddiaçının əri X4 adına **********94-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak qeydə alınmışdır. İddiaçının əri X11 04 mart 2015-ci ildə vəfat etmişdir. 24 oktyabr 2018-ci il tarixdə Cavabdeh notariusu X9 iddiaçının əri, mərhum X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı mərhum X3 miras qalmış əmlak kimi qəbul edərək iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və iddiaçı həmin şəhadətnamə əsasında dövlət reyesterindən çıxarış almışdır. İddiaçı və onun mərhum əri X4 birgə nikah dövründə, yəni 10 dekabr 2013-cü il tarixdə mərhum X4 adına **********94-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak iddiaçı və onun mərhum ərinin birgə nikahı dövründə əldə edilmişdir. Buna görə də qeyd edilən Notariat Kontorunun notariusunun birgə nikah dövründə əldə olunan əmlakın bütövlükdə iddiaçının əri mərhum X3 qalmış miras əmlak kimi qəbul etməsi ilə razılaşmırlar. Odur ki, mərhum X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakın ½ hissəsinə iddiaçının payı müəyyən etdikdən sonra, həmin əmlakın qalan ½ hissəsi miras əmlak kimi qəbul edilməli və bundan sonra həmin hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Göstərilən mülki iş üzrə cavabdeh Saatlı rayon Notariat Ofisinin notariusu X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı arasında 18 mart 1981-ci ildə qeydə alınmış 9 saylı nikah qeydi vardır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən seriya RX ******* saylı çıxarışdan görünür ki, Saatlı rayon Qara Nuru kəndində 0.26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında X8 məxsusdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 04 mart 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan 24 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən seriya RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində Saatlı rayon Qara Nuru kəndində 0.26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası X2 mülkiyyətindədir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə görə vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında mərhum X8 məxsus olmuş, sonuncu tərəfindən həmin qeyri-yaşayış binası (şadlıq sarayı) X11 ilə X7 arasında 164640 manat məbləğində 17 mart 2014-cü il tarixdə bağlanmış Saatlı rayon DNK tərəfindən təsdiq edilmiş 3M-01/17 reyestr nömrəli Kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş, Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(106)60/2022 saylı qərardadına əsasən Saatlı rayon Notariat ofisinin 26 yanvar 2022ci il tarixli, 8İ-198 saylı icra qeydi üzrə borclu Saatlı rayon Sarıcalar kənd sakini İddiaçı məxsus Saatlı rayon Qara Nuru kəndində yerləşən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291,9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (şadlıq sarayının) üzərinə həbs qoyulmaqla hərrac vasitəsi ilə satılması və likvid qiymətinin müəyyən edilməsi qərara alınmış, ipoteka predmetinin ilkin satış qiyməti 385000, təkrar satış qiyməti 327250 manat qiymətləndirilmiş, 27 yanvar 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında qeyri-yaşayış binası ipoteka saxlayan və əldə etmək hüququna malik olan X2 etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən 245437,50 manat ödənilməklə əldə edilmişdir. X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ əldə etmişdir. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarına görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Göründüyü kimi, iddiaçının mərhum əri Fikrət Əliyevlə birgə nikah dövründə əldə etdiyini və bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etdiyi Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulduğundan və artıq ipoteka saxlayan Əlizaman Rəhimov tərəfindən alınmaqla sonuncu tərəfindən əmlaka dair mülkiyyət hüququ əldə edilmiş, eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün mübahisə açılmasından ötrü müəyyənləşdirilmiş 2 aylıq müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə olan halda qeyd olunanlara əsasəsn məhkəmə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-368/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-368/2023
21.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver