Məhkəmə qərarları › İş №2(055)-412/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-412/2023

07.04.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-412/2023 07.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2022-ci il tarixdə mediatorun iştirakı ilə Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və sazişin məcburi icrasının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 28 dekabr 2022-ci il tarixli barışıq sazişin 3cü bəndində əsasən Maraqlı şəxs ilə birgə nikahlarından 07 iyul 2008-ci ildə anadan olmuş X3, 19 noyabr 2013-cü ildə anadan olmuş X4 və 09 iyul 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay cəmi 400 manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəməyə razılaşmışdır. Bundan bir müddət sonra cavabdeh sazişin şərtlərini pozaraq aliment ödəməkdən yayınmışdır. Qeyd edilən barışıq sazişində göstərilir ki, saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Ona görə də, 28 dekabr 2022-ci il tarixdə mediatorun iştirakı ilə Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və sazişin məcburi icrasının həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə teleqram ünvanlayaraq himayəsində üç azyaşlı uşağı olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Ərizəçi xahişini nəzərə alaraq işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə, X7 xx.xx.2013-cü ildə, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. Həmin uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 28 dekabr 2022-ci il tarixli barışıq sazişin 3-cü bəndindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 07 iyul 2008-ci ildə anadan olmuş X3, 19 noyabr 2013-cü ildə anadan olmuş X4 və 09 iyul 2019cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay cəmi 400 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəməyə razılaşmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında aliment ödənilməsi ilə bağlı barışıq sazişi imzalanmışdır. Saziş əsasında Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 07 iyul 2008-ci ildə anadan olmuş X3, 19 noyabr 2013-cü ildə anadan olmuş X4 və 09 iyul 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay cəmi 400 manat sabit pul məbləğində alimenti Ərizəçi xeyrinə ödəməyə razılaşmışdır. Lakin barışıq sazişi imzalandığı andan saziş müəyyən səbəblərdən icra edilmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində barışıq sazişi icra edilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 28 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 28 dekabr 2022-ci il tarixdə mediatorun iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış “Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından 07 iyul 2008-ci ildə anadan olmuş X3, 19 noyabr 2013-cü ildə anadan olmuş X4 və 09 iyul 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs tərəfindən hər ay cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə ödənilməsi” barədə barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar