Məhkəmə qərarları › İş №2(055)-42/2022

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-42/2022

19.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-42/2022 19.01.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan Saatlı rayon Dəllər kəndində yerləşən fərdi yaşayış evindən 1000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X5 izahatında göstərdi ki, Cavabdeh onun qardaşının arvadı olmuşdur. Cavabdehin hazırda yaşamaq və istifadə hüququ olan Saatlı rayonu Dəllər kəndində yerləşən üç otaqdan ibarət fərdi yaşayış evi iddiaçı-anası İddiaçı məxsusdur. Belə ki, qeyd olunan mənzil mərhum atası X3 adına qeydiyyatda olmuş, atası vəfat etdikdən sonra iddiaçı-anası İddiaçı adına qeydiyyata alınmışdır. Lakin cavabdeh Bəşirova X4 şəhəri H.Əliyev pr, bina 104, mənzil 2-də rəsmi qeydiyyatda olmasına və həmin mənzilin xüsusi mülkiyyətində olmasına baxmayaraq, iddiaçıya məxsus olan və Saatlı rayonu Dəllər kəndində yerləşən üç otaqdan ibarət həmin fərdi yaşayış evinə daxil olduqdan sonra ahıl yaşda olan anası (iddiaçı) ilə dolanmır. Cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqla onu mülkiyyətindən istədiyi kimi istifadə etməyə mane olur və iddiaçının mülkiyyət hüququnu pozur. Cavabdehin istifadə hüququnun tanınması barədə Saatlı Rayon Məhkəməsinin qətnaməsini ədalətsiz hesab edir. Buna görə də cavabdehə simvolik olaraq 1000 manat məbləğ təklif olunur. Kompensasiya məbləğinin artırılmasına razı deyillər. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnaməs qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Dəllər kəndində yerləşən 81 kv.m-lik fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli 04/13290 saylı arayışdan görünür ki, mənzilin xx.xx.2021-ci il tarixə bazar qiyməti 26400 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 223 saylı yaşayış yerindən və ailə tərkibi barədə arayışlardan görünür ki, Cavabdeh və onun dörd nəfər ailə üzvləri (əri və üç nəfər uşaqları) Sabirabad şəhəri H.Əliyev pr, bina 104, mənzil 2-də qeydiyyatda olmaqla yaşayırlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(055)-19/21 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh gəlin köçüb yaşadığı Saatlı rayonunun Dəllər kəndində yerləşən üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, H.Əliyev pr ev 104-də yerləşən 02 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən aslı deyildir. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiyanın məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, təklif kimi çıxış edir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyəçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, kompensasiyanın məbləği müəyyən edilərkən cavabdehin müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilməsi üçün zəruri olan xərclər əsas götürülməlidir. Hazırda təklif olunan kompensasiyanın məbləği cavabdehə ağlabatan müddət ərzində oxşar yaşayış sahəsi ilə təmin edilməyə imkan verən məbləğ hesab oluna bilməz.Digər tərəfdən, cavabdeh də məhkəmə hazırlıq iclasında iştirak edən zaman kompensasiya məbləği ilə razılaşmadığını, Sabirabad şəhəri H.Əliyev pr, bina 104-də adına 2 saylı mənzil qeydə alınsa da, həmin mənzilin qardaşına məxsus olmaqla sonuncunun istifadəsində olduğunu, qalmağa yerinin olmadığını və iddiaçıya məxsus mənzildə yaşamaq istədiyini göstərmişdir.İddiaçı isə kompensasiya məbləğini artırmağa razı deyildir. Belə olan halda iddia təmin edilə bilməz. Məhkəmə həmçinin diqqətə çatdırır ki, iddiaçı tərəfin əsas dəlillərindən biri ondan ibarətdir ki, cavabdehin adına mənzil qeydə alınmışdır və belə olan halda sonuncunun iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququ tanına bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ Saatlı Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(055)-19/21 saylı qətnaməsinə əsasən müəyyən olunmuş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehin adına mənzil olması onun sözügedən yaşayış sahəsindən istifadə hüququnun xitamı üçün əsas ola bilməz. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Odur ki, məhkəmə iddiaçının qeyd olunan dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan Saatlı rayon Dəllər kəndində yerləşən fərdi yaşayış evindən 1000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından iddiaçının kompensasiya məbləğini dəyişməklə yenidən məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan Saatlı rayon Dəllər kəndində yerləşən fərdi yaşayış evindən 1000 (bir min) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar