Məhkəmə qərarları › İş №2(055)-486/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-486/2023

19.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-486/2023 19.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına yazılmış ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Saatlı rayonu Çolpı kəndinə yaşamaqla təbii qazdan istifadə edirlər. Bir gün səhər qaz sayğacının sındığını görmüş, dərhal cavabdeh “Azəriqaz” X4 X9 İdarəsinin Saatlı xidmət sahəsinin “104” zəng xidmətinə, həmçinin polisə məlumat vermiş, lakin onlar tərəfindən hər hansı tədbir görülməmişdir. 10 noyabr 2022-ci il tarixdə Saatlı xidmət sahəsinin işçiləri onun yaşadığı evi təbii qazla təmin edən qaz xəttinə quraşdırılmış qaz sayğacına baxış keçirərək qaz sayğacını açaraq yenisi ilə əvəz etmişlər. Daha sonra “Azəriqaz” X4 X9 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2022-ci il tarixli ******* saylı akt tərtib etmiş və həmin aktda sayğacın LCD ekranının zədəli olduğu, informasiya oxunmaması, sayğacın istismara yararsız olması qeyd olunmuşdur. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmiş, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmişlər, həmçinin qaz sayğacına nəzarət edən şəxs həmin sayğacda qüsur olması ilə bağlı ona heç bir məlumat verməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın hesabladığı 1030,80 manat borc əsassızdır və onun həmin borcu ödəməyə imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına yazılmış ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X5 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və sayğac yoxlanılması üçün açılaraq “Azəriqaz” X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən sayğacın LCD ekranının zədəli olduğu, informasiya oxunmaması aşkar edilmiş, faktla bağlı “Azəriqaz” X4 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə hesablanmış 8640m3 qaz sərfiyyatı və ya 1030,80 manat borc İddiaçı Saatlı XS-nin abonent bazasındakı **********01390 nömrəli abonent koduna (abonent saldosuna) əlavə edilmişdir. İddiaçı qaz sayğacının sınması ilə bağlı “Azəriqaz” X4 RQİİ-nin Saatlı rayon xidmət sahəsinə zəng edərək məlumat verdiyini bildirsə də, araşdırma nəticəsində iddiaçı tərəfindən idarəyə hər hansı bir zəngin daxil olmadığı müəyyən olunmuşdur. Bundan başqa İddiaçı abonent saldosundan görünür ki, o, yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğacdan istifadə etdiyini bildirsə də, 2017-ci ildən həmin sayğac uzun müddət sərfiyyat qeyd etməmişdir. Daha sonra 2020-ci ildə müdaxilə nəticəsində qaz sayğacında yaranmış qüsura görə akt tərtib edilərək iddiaçının abonent saldosuna 216 manat borc əlavə edilmişdir. 2020-ci ildə iddiaçının fərdi yaşayış evinə yeni sayğac quraşdırılmış, iddiaçı 2022-ci ilin noyabr ayına qədər həmin sayğacdan istifadə etmiş, lakin həmin sayğac da uzun müddət sərfiyyat qeyd etməmişdir. 2020-ci ildə quraşdırılan və ekranı sındığı üçün 10 noyabr 2022-ci il tarixdə dəyişdirilən sayğac smart tipli, yəni mexaniki sayğac olmadığı üçün, həmçinin iddiaçının yaşadığı yerdə, yəni Saatlı rayonu Çolpı kəndində uzun müddət qaza nəzarət edən şəxs olmadığından iddiaçının etdiyi ödənişlər əsasında təbii qazdan istifadə etdiyi hesab edilmiş və hazırki sayğacın ekranının iddiaçının göstərdiyi vaxtda və ya daha əvvəl sınmasını müəyyən etmək mümkün olmamışdır. Buradan da görünür ki, iddiaçı daha əvvəl də evinə quraşdırılmış sayğaca müdaxilə etmişdir və sayğac uzun müddət istifadə olunsa da, sərfiyat qeyd etməmişdir. Ona görə də “təbii qazdan istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 10 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Saatlı rayonu Çolpı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılan qaz sayğacının çıxarılma səbəbi sayğacın ekranı sındığı üçün onun dəyişdirilməsi, “Zenner” tipli, “G-4” markalı, **********888 nömrəli yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Saatlı rayonu Çolpı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın LCD ekranının zədəli olduğu, informasiya oxunmaması, sayğacın dəyərinin və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X6 sayğacının yoxlanılması barədə MSK-29/1710-04373-1 saylı aktdan görünür ki, İddiaçı yaşadığı Saatlı rayonu Çolpı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış “Zenner” tipli, “G-4” markalı, **********888 nömrəli sayğacın LCD ekranının zədəli olduğu, informasiya oxunmaması, sayğacın istismara yararsız olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 aprel 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin noyabr ayında akta əsasən 8640m3 qaz sərfiyyatı və ya 1030,80 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Azəriqaz» İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 01 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********01390, ünvan: Saatlı rayonu Çolpı kəndi) mövcud qaz işlədicilərinə görə 30 noyabr 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 8640m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 31 may 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2017-ci ildən təbii qazdan istifadə etsə də, 2017ci ildən 2020-ci ilin avqust ayına qədər sayğac sərfiyyat qeyd etməmiş, 2020-ci ilin avqust ayında İddiaçı abonent hesabına 216 manat borc hesablanmış, bundan sonra da 2022-ci ilin noyabr ayınadək uzun aylarla sayğac qaz sərfiyyatını qeyd etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 10 noyabr 2022-ci il tarixli, ******* saylı akta, «Qazdan istifadə qaydalarının pozulması haqqında» 30 noyabr 2022-ci il tarixli ******* saylı akta, abonentin saldosuna, «Azəriqaz» İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 01 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən müəyyən olunur ki, sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermiş təqsirli hərəkətin törədilməsində məsuliyyəti İddiaçı daşıyır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından başqa, iddia tələbinin əsasında duran aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun (ziyanın) silinməsini təsdiq edə biləcək digər hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Əlavə olaraq məhkəmə həmçinin qeyd edir ki, iddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğacın ekranının sınması ilə bağlı “Azəriqaz” X4 RQİİ-nin Saatlı rayon xidmət sahəsinin “104” zəng xidmətinə məlumat verdiyini bildirsə də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin cavabdeh həmin halın araşdırıldığını, lakin İddiaçı tərəfindən “104” zəng xidmətinə heç bir məlumat daxil olmadığını bildirmişdir. Bundan əlavə məhkəmə iclasında 31 may 2023-cü il tarixli abonent saldosuna baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı Saatlı rayonu Çolpı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğac 2017-ci ildən 2020-ci ilin avqust ayınadək heç bir qaz sərfiyyatı qeyd etməmiş, 2020-ci ilin avqust ayında İddiaçı akt əsasında 216 manat borc hesablanmış, 2020-ci ilin avqust ayında quraşdırılmış yeni sayğac 2022-ci ilin noyabr ayınadək aylarla qaz sərfiyyatı qeyd etməmiş, 2022-ci ilin noyabr ayında İddiaçı akt əsasında 1030,80 manat borc hesablanmışdır. Göstərilənlərdən görünür ki, iddiaçı təbii qazdan istifadə etdiyini bildirdiyi halda onun evinə quraşdırılan hər iki qaz sayğacının uzun müddət qaz sərfiyyatı qeyd etməməsi, həmçinin ona iki dəfə sayğaca müdaxilə etməsi nəticəsində akta görə borc hesablanması iddiaçının qaz sayğacından istifadə edərkən ona heç bir müdaxilə etməməsi ilə bağlı izahatının mötəbərliyini təkzib edir və iddiaçı barəsində tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı aktın əsaslı olmasını göstərir. Buradan da göründüyü kimi iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh tərəf isə 30 noyabr 2022-ci il tarixli ******* saylı aktın əsaslı olması barədə iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi halı (sayğacın LCD ekranının zədəli olduğu, informasiya oxunmaması, sayğacın istismara yararsız olması) və bununla bağlı vurulmuş ziyanı məhkəmədə sübut edə bilmişdir. Həmçinin 31 may 2023-cü il tarixli abonentin saldosunda iddiaçının sayğaca müdaxilə etməsinə görə ona müvafiq aktla 2020-ci ildə 216 manat borc hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına yazılmış ziyanın silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına yazılmış ziyanın silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar