Məhkəmə qərarları › İş №2(055)-519/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-519/2023

07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-519/2023 07.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1555,20 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və evinə quraşdırılmış qaz sayğacının sərfiyyatına uyğun ödənişlər edərək təbii qazdan istifadə edir. Cavabdeh “Azəriqaz” X4 X8 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri 20 oktyabr 2022-ci il tarixdə yaşadığı evə nəql edilən qaz xəttinə quraşdırılmış qaz sayğacına növbəti dövlət yoxlaması adı ilə baxış keçirmiş və qaz sayğacını yeni qaz sayğacı ilə əvəz etmişlər. Həmin vaxt 20 oktyabr 2022ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin aktda sayğacda hər hansı nöqsan olması göstərilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, həmin aktda əvvəlki aktdan fərqli olaraq sayğacda nöqsan olması qeyd edilmiş və həmin akt əsasında da ona itirilmiş təbii qazın bərpasına görə 1555,20 manat borc hesablanmışdır. Evinə quraşdırılmış qaz sayğacı 20 oktyabr 2022-ci il tarixdə açılıb aparılmasına baxmayaraq, onda nöqsanın olması barədə 10 aprel 2023-cü il tarixdə akt tərtib edilmişdir. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər. O, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına yazılmış 1555,20 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 izahatında göstərdi ki, ünvan 1 ünvanında İddiaçı və onun ailə üzvləri yaşayır. İddiaçı yaşadığı evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və sayğac yoxlanılması üçün açılaraq “Azəriqaz” X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən köhnə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş, faktla bağlı “Azəriqaz” X4 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə İddiaçı Saatlı XS-nin abonent bazasındakı **********00200 nömrəli abonent koduna (abonent saldosuna) 1555,20 manat borc əlavə edilmişdir. Həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 20 oktyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi növbəti dövlət yoxlaması, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı Saatlı şəhəri, M.Müşviq küçəsində yerləşən evində quraşdırılan köhnə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmiş və dəymiş maddi ziyan hesablanması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 aprel 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin mart ayında akta əsasən 1555,20 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********00200, ünvan: ünvan 2ə 10 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 12960m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-1 hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 12960m3 qaz sərfiyyatı yəni, 1555,20 manat borc əlavə edilmişdir. İddiaçı evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün iddiaçı “Azəriqaz” İstehsalat Birliyi təbii qazın talanması ilə əlaqədar cavabdeh İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilmişdir. Belə ki, iddiaçı qaz sayğacı ilə təbii qazdan istifadə edərək sayğacın sərfiyyat göstəricisinə uyğun ödənişlər etmişdir. Odur ki, itirilmiş qazın dəyəri kimi hesablanmış 12960m3 təbii qaz sərfiyyatı və ya 1555,20 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından, iddiaçıdan həmin ziyanın alınması üçün «Qazdan istifadə qaydalarının pozulması haqqında» 10 aprel 2023cü il tarixli, ******* saylı akt əsaslı hesab edilə bilməz. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi etirazının əsası kimi istinad etdiyi halları (köhnə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasında iddiaçının təqsirli olmasını və həmin halın nəticəsində iddiaçının təbii qazdan qanunsuz istifadə etməsini) təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin də, 10 aprel 2023-cü il tarixli, ******* saylı aktın və itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 12960m3 təbii qaz sərfiyyatı və ya 1555,20 manat borcun əsaslı olmasını məhkəmədə sübut edə bilməmişdir. İddiaçı isə ona hesablanmış ziyanın əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və qeyd olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı aktı özüözlüyündə etibarsız olduğundan abonent İddiaçı həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Ona görə də, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 10 aprel 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********00200 ) əlavə edilmiş borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rusumu ödənilir. Həmin qanunun 9.1 və 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə iddianın qiymətinə uyğun 35,55 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı aktı ləğv edilsin, həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********00200) əlavə edilmiş borc silinsin. 35 (otuz beş) manat 55 (əlli beş) qəpik dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar