Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-577/2024 05.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1206,10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, Saatlı rayonu Soltanabad kəndində yerləşən fərdi yaşayış evində sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. 23 fevral 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı ünvana gələrək elektrik sayğacına baxış keçirərək çıxıb getmişlər. Bundan sonra, işıq pulunu ödəyərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akta əsasən ona 1206,10 manat məbləğində borc yazıldığını bilmişdir. Həmin aktda guya onun evinin sayğacdan kənar xətt vasitəsi ilə qidalandığını aşkar etdiklərini qeyd etmişlər. O, həmişə elektrik enerjisindən istifadə üçün pulu vaxtlı-vaxtında ödəyir və indiyədək elektrik enerjisindən istifadə ilə bağlı heç bir nöqsana yol verməmişdir. Yalnız həyətdə su nasosunu işlətmək üçün bir neçə gün sayğacdan kənar xətdən istifadə etmişdir. Həmçinin qeyd olunan akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, həmin aktdan onun məlumatı olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akt və həmin akta əsasən ona hesablanmış borc qanunsuzdur. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı aktdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq İddiaçı adına olan **********23 seriya nömrəli elektrik sayğacına baxış keçirilən zaman abonentin evinin sayğacdan kənar xətt vasitəsi ilə qidalandırıldığı aşkar edilmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, ampermaşa vasitəsi ilə ölçü aparılmış, axan yük 1=24 A, kabelin en kəsiyi 2x10 mm, 50x0,22=11 kvt/saat, faktiki qoyulan güc 11kvt/saat müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, İddiaçı adına **********3 saylı kodla qeydiyyata alınmış fərdi yaşayış evində itirilmiş enerji dəyəri kimi cəmi 1206,30 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı 10 may 2024-cü il tarixli məktubundan görünür ki, cavabdehin nümayəndəsi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinin əsassız olduğunu, iddiaçıya məxsus yaşayış evində quraşdırılmış sayğacın uçot dəstlərinə baxış keçirilərkən abonentin birbaşa kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyinin aşkar olunduğunu, buna görə də abonentə akt tərtib olunduğunu, 1206,10 manat dəyərində itirilmiş elektrik enerjisinin bərpa olunduğunu bildirmiş və iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Həmçinin İddiaçı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən aparılmış videoçəkilişi əks etdirən DVD diski məhkəməyə təqdim etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin akt komissiyasının sədrinin əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə 23 fevral 2024-cü il tarixli tələblərindən görünür ki, İddiaçı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman abonentin evinin sayğacdan kənar xətt vasitəsi ilə qidalandırıldığı aşkar edilmiş və abonentə 109 gün müddətinə 1206,10 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 032361 saylı vəsiqənin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışı, 014558 saylı vəsiqənin surəti və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı müharibə veteranıdır və hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcə əlildir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı elektrik şöbəsinin işçiləri tərəfindən 23 fevral 2024-cü il tarixdə baxış keçirilən zaman abonentin evinin sayğacdan kənar xətt vasitəsi ilə qidalandırıldığı aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akt tərtib edilmişdir. İtirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin akt komissiyası tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli akta əsasən 109 gün müddətinə ümumilikdə 1206,10 manat itirilmiş enerji dəyəri hesablanmışdır və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıdan tələb olunaraq iddiaçının abonent dövriyyəsinə əlavə olunmuşdur. İddiaçı 23 fevral 2024-cü il tarixli NDM038706 saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını bildirmiş və abonent hesabına əlavə edilmiş borcun slinməsini tələb etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi DVD diskə baxış keçirilmiş və videoçəkilişdən göründüyü kimi, iddiaçıya məxsus evə quraşdırılmış **********23 seriya nömrəli elektrik sayğacına baxış keçirilmiş, sayğacdan kənar çəkilmiş xəttin mövcud olduğu, abonentin sayğacdan kənar xətdən istifadə etdiyi, lakin həmin vaxt kənar xəttin kəsilmiş vəziyyətdə sayğacdan ayrıldığı müəyyən edilmişdir. Videoçəkilişdən görünür ki, iddiaçı həm sayğac vasitəsi ilə, həm də sayğacdankənar xətdən istifadə etməklə elektrik enerjisindən istifadə etmişdir. Həmçinin İddiaçı məhkəmə iclasında verdiyi izahatında maddi imkanı yaxşı olmadığından həyətə quraşdırdığı su motorundan istifadə etmək üçün sayğacdan kənar xətdən istifadə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə cavabdehin təqdim etdiyi DVD diski İddiaçı sayğacdankənar xətdən istifadə etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edərək və iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi barədə göstərdiklərini nəzərə alaraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akt əsaslıdır. Digər tərəfdən də məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı aktın əsaslı olması sübut edilsə də, itirilmiş enerji dəyərinin 1206,10 manat olması məhkəmədə qismən təsdiqini tapmışdır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı evinin sayğacdan kənar xətt vasitəsi ilə qidalandırılmasına görə itirilmiş enerji dəyərinin neçə gün müddətinə və ya nə qədər pul məbləği ilə hesablanmasına dair tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Belə olan halda itirilmiş enerji dəyərinə görə hesabat müddəti kimi hesablanmış 109 günün ən çoxu 30 gün müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə, növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi elektrik sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akt əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı tələb edilən itirilmiş enerji dəyəri kimi 1206,10 manat pulun yalnız bir aya görə hesablanmış (1206,10 manat : 109 gün=11,06 manat, 11,06 manat x 30 gün=331,95 manat) 331,95 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülkiprosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akta əsasən İddiaçı barəsində itirilmiş enerji dəyəri kimi hesablanmış 1206,10 manat borc 331,95 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rusumu ödənilir. Həmin qanunun 9.1 və 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iş üzrə iddianın qiymətinə uyğun 32,06 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 23 fevral 2024-cü il tarixli NDM038706 saylı akt əsasında İddiaçı abonent saldosuna (abonent kodu: **********3) itirilmiş enerji dəyəri kimi hesablanmış 1206,10 manat borc 331,95 manatadək azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 32 (otuz iki) manat 06 (altı) qəpik dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-577/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-577/2024
05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver