Məhkəmə qərarları › İş №2(055)-594/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-594/2023

04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-594/2023 04.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 aprel 2023-cü il tarixli 031922 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 720 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, hal-hazırda Saatlı rayonunun Qarayevkənd kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və elektrik enerjisindən istifadə edir. O, istifadə etdiyi elektrik sayğacının qeyd etdiyi sərfiyyat əsasında vaxtlı-vaxtında ödənişlər edir və bunu təsdiq edən abonent saldosunu da iddia ərizəsinə əlavə etmişdir. 2023-cü ilin aprel ayının 15-də fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən naqillərdə qısa qapanma olmuş, buna görə də evdə istifadə etdikləri elektrik avadanlıqları yanmışdır. O, bu barədə yaşadığı kəndin montyoruna xəbər vermiş, montyor gələrək nasazlığı aradan qaldırmış, müvəqqəti istifadə etmək üçün sayğacdan kənar elektrik xətti çəkmiş və sayğacın yenisi ilə əvəz ediləcəyini bildirmiş, onlar da sayğacın yanmasından qorxaraq bir neçə gün həmin kənar xətdən istifadə etmişlər. 19 aprel 2023cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı ünvana gələrək elektrik sayğacına baxış keçirmişlər, lakin heç bir akt tərtib etməmiş, hər hansı qanun pozuntusu ilə bağlı ona məlumat verməmiş, yaxın vaxtlarda köhnə mexaniki sayğacı yeni smart tipli elektrik sayğacı ilə əvəz edəcəklərini bildirmişlər. Lakin sayğac yenisi ilə əvəz olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 19 aprel 2023-cü il tarixli 031922 saylı akt tərtib edilərək ona 720 manat cərimə hesablanmışdır. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. O, yaşadığı evdə quraşdırılmış elektrik sayğacına əsasən ödənişlər edərək istifadə etmiş, sayğaca hər hansı bir müdaxilə edilməmiş, elektrik naqillərində baş vermiş qısa qapanmaya görə sayğacın yanmasından qorxaraq montyorun çəkdiyi sayğacdan kənar xətdən istifadə etmiş, ona sayğacın yenisi ilə əvəz olunacağı deyilsə də, sayğac yenisi ilə əvəz olunmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 aprel 2023-cü il tarixli 031922 saylı akt ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 19 aprel 2023-cü il tarixli 031922 saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Saatlı rayonu Qarayevkənd kəndində yerləşən evində quraşdırılan elektrik sayğacına baxış keçirilən zaman sayğacın çıxış xəttinin dayaqdan birbaşa şəbəkəyə qoşularaq sayğacın sxemdən kənarlaşdırılmasının aşkar olunması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının sərfiyyat göstəricinə uyğun olaraq ödənişlər etmişdir. Həmçinin abonent İddiaçı (abonent kodu: **********00040) itirilmiş enerji dəyəri kimi 29 aprel 2023-cü il tarixdə 720,72 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, iddiaçının Saatlı rayonu Qarayevkənd kəndində evinə quraşdırılan elektrik sayğacı vasitəsi ilə ödənişlər edərək elektrik enerjisindən istifadə etməsi və bu barədə sayğacın mütəmadi olaraq sərfiyyat qeyd etməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməsi faktını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmiş, 19 aprel 2023-cü il tarixli 031922 saylı aktın və həmin akta əsasən hesablanmış borcun əsaslı olması isə məhkəmədə öz təsdiqini tapmamışdır. İddiaçı isə elektrik enerjisindən qanunsuz istifadə etməməsini və 19 aprel 2023-cü il tarixli 031922 saylı aktın əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 aprel 2023-cü il tarixli 031922 saylı akt ləğv edilməli və həmin akta əsasən İddiaçı (abonent kodu: **********00040) abonent hesabına əlavə edilmiş borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 aprel 2023-cü il tarixli 031922 saylı akt ləğv edilsin və həmin akta əsasən İddiaçı (abonent kodu: **********00040) abonent hesabına əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar