Məhkəmə qərarları › İş №2(055)-819/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-819/2025

02.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-819/2025 02.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı protokolun ləğv edilməsi və həmin protokola əsasən hesablanmış 560 manat borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Daha sonra iddiaçı X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı protokola əsasən abonent hesabına hesablanmış 560 manat borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, hal-hazırda Saatlı rayonunun Kamallı kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində ailə üzvləriylə birlikdə yaşayır və atası Sabir Mahmudovun adına olan sayğacla elektrik enerjisindən istifadə edir. Ona yeni məlum olmuşdur ki, 20 noyabr 2019-cu il tarixli, ******* saylı protokola əsasən mərhum atası Sabir Mahmudova məişət abonenti kimi cərimə yazılmışdır. O, bu barədə maraqlanmaq üçün "xxxx" ASC-nin rayon şöbəsinə müraciət etmişdir. "xxxx" ASC-nin rayon şöbəsindən əvvəlcə ona təqdim etmək istəməsələr də, sonradan ona protokolun surəti təqdim edilmişdir. Protokolla tanış olduqdan sonra məlum olmuşdur ki, protokol qanunsuz və əsassızdır. Bildirir ki, atası Sabir Mahmudov 26 fevral 2013-cü il tarixdə vəfat etmiş və onun adına 2019-cu il tarixdə abonent kimi elektrik sayğacına müdaxilə halı qeyd edilərək cərimə yazılmışdır. Bundan başqa Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətindən kənara çıxılmaqla ondan pul tutulur və Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları protokolu tərtib edərkən ona məlumat verilməmiş, iştirakı təmin edilməmiş, protokola onun tərəfindən imza edilməmiş və protokolun surəti ona təqdim edilməmişdir. Odur ki, göstərdiyi halların nəzərə alınaraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, ******* saylı protokolundan görünür ki, istehlakçı (abonent) İddiaçı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın dövlət möhürünün və alt qapağın möhürünün üzərində olmadığı aşkar edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı (X3) hər ay işlətdiyi elektrik enerjisinə uyğun olaraq ödənişlər etmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsinin 13 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X3 21 fevral 2013-cü ildə vəfat etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.17-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmədə iddiaçının izahatı, mübahisələndirilən akt, abunə haqqında dövriyyə və işin araşdırılan halları ilə müəyyən olundu ki, iddiaçı evinə quraşdırılan elektrik sayğacı vasitəsi ilə ödənişlər edərək elektrik enerjisindən istifadə edir və bu barədə sayğacın mütəmadi olaraq sərfiyyat qeyd etməsi məhkəmədə öz təsdiqini tapmışdır. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhz iddiaçı tərəfindən sayğaca müdaxilə olunaraq elektrik enerjisindən qanunsuz istifadə edilməsi faktını təsdiq edən mötəbər subut məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə elektrik enerjisindən qanunsuz istifadə etməməsini sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, ******* saylı protokoluna əsasən X1 abonent hesabına (abonent kodu: **********00518) əlavə edilmiş 560 (beş yüz altımış) manat borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, ******* saylı protokoluna əsasən X1 abonent hesabına (abonent kodu: **********00518) əlavə edilmiş 560 (beş yüz altımış) manat borc silinsin. İddianın verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar