Məhkəmə qərarları › İş №2(055)-87/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-87/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-87/2024 31.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin müdafiəsi və 1000 manat mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun barəsində dedikləri şərəfinin və ləyaqətinin ləkələnməsi ilə bağlı olduğundan həmin məlumatların təkzib edilməsi, ona dəymiş mənəvi zərərin əvəzində 1000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, iki oğlu 05 iyul 2023-cü il tarixdə ərizə ilə Şirinbəyli kənd bələdiyyəsinə müraciət edərək onlara torpaq sahəsi ayrılmasını xahiş etmişlər. Buna görə o, 11 iyul 2023-cü il tarixdə Bakı şəhərində olarkən Saatlı rayonu Şirinbəyli kənd bələdiyyəsinin sədri-Cavabdeh mobil telefon vasitəsi ilə zəng edərək oğlanlarına torpaq sahəsi verilib-verilməməsi ilə maraqlanmışdır. Lakin Cavabdeh ilə danışarkən söhbət əsnasında ona “oğraş, köpək oğlu”, “sənin kimi alçaq adamlar var” kimi söyüşlər və nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini təhqir etmiş, nəticədə o, mənəvi iztirab keçirmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh onun barəsində dedikləri şərəfinin və ləyaqətinin ləkələnməsi ilə bağlı olduğundan həmin məlumatların təkzib edilməsi, ona dəymiş mənəvi zərərin əvəzində 1000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı qəsdən gecə saat 11-də ona zəng edərək səsini yazmış, onu qəsdən əsəbiləşdirmişdir. İddiaçı ona “atam sizi saxlayıb, sizi qudurdub” kimi sözlər işlətmiş, o isə iddiaçıya heç bir söyüş söyməmiş, sadəcə “yalançının atasına lənət” demişdir. O, iddiaçıya ayrı heç nə deməmiş, ona qarşı nalayiq ifadələr işlətməmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında baxış keçirilmiş “CD” diskdən görünür ki, Cavabdeh İddiaçı ilə telefon danışığı zamanı iddiaçıya qarşı “oğraş”, “oğraş köpəkoğlu”, “alçaq” kimi sözlər işlədərək onu söymüşdür. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ilə telefon danışığı zamanı iddiaçının barəsində “oğraş”, “oğraş köpəkoğlu”, “alçaq” kimi sözlər işlədərək onu söymüş, bununla da cavabdeh iddiaçının ləyaqətini ləkələyən ifadələr işlətmişdir. Cavabdeh məhkəmə iclası zamanı audioyazıdakı səsin ona məxsus olduğunu, lakin iddiaçını söymədiyini bildirsə də, həmin audioyazı dinlənilərkən cavabdehin həqiqətən də iddiaçını söyməsi öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya qarşı nalayiq ifadələr işlətməsi nəticəsində iddiaçı mənəvi sarsıntılara məruz qaldığından Cavabdeh ləyaqətin müdafiəsi, məlumatların təkzib olunması və mənəvi zərər tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən məlumatlar Cavabdeh tərəfindən təkzib edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı barəsində ləyaqətini ləkələyən yuxarıda qeyd olunan məlumatları telefon danışığı zamanı işlətdiyindən həmin məlumatlar cavabdeh tərəfindən eyni qaydada, yəni telefon danışığı vasitəsi ilə təkzib olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarı ilə həmçinin bəlli olur ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Cavabdeh İddiaçı ləyaqətini ləkələyən ifadələr işlətdiyindən iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin İddiaçı ona dəymiş mənəvi zərəri 1000 manat pul ilə dəyərləndirərək Cavabdeh tələb etməsinə baxmayaraq, məhkəmə həmin məlumatların yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi sarsıntıların dərəcəsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 13-cü maddəsinə görə bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçı barəsində telefon danışığı zamanı işlətdiyi məlumatlar iddiaçının ləyaqətini ləkələyən məlumatlar olduğundan Cavabdeh tərəfindən eyni qaydada, yəni telefon danışığı vasitəsi ilə təkzib edilməli, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 200 manat alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində telefon danışığı zamanı işlətdiyi məlumatlar iddiaçının ləyaqətini ləkələyən məlumatlar olduğundan Cavabdeh tərəfindən eyni qaydada, yəni telefon danışığı vasitəsi ilə təkzib edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar