Məhkəmə qərarları › İş №2(055)-90/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-90/2024

22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-90/2024 22.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli 313538 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1129,70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, yaşadığı Saatlı rayonu Soltanabad kəndində yerləşən fərdi yaşayış evində “Smartkart” tipli elektrik sayğacı vasitəsi ilə X1 edir. 21 noyabr 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı ünvana gələrək heç bir məlumat vermədən elektrik sayğacına baxış keçirərək çıxıb getmişlər. Bundan sonra, ona məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən 21 noyabr 2023-cü il tarixli akta əsasən ona 1129,70 manat məbləğində cərimə yazılmışdır. Həmin aktda göstərilmişdir ki, guya o, sonuncu dirəkdə kabelin üst örtüyünü pozaraq kənar xətt qoşmuş və sayğacdan kənar X1 etmişdir. O elektrik sayğacına hər hansı bir müdaxilə etməmiş və kənar xətt çəkməmişdir. Əgər kənar xətt çəkilmişdirsə, bunu kimin etməsindən xəbəri yoxdur. İstifadə etdiyi elektrik enerjisinə görə vaxtlı-vaxtında ödənişlər etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın 21 noyabr 2023cü il tarixli 313538 saylı aktı və həmin akta əsasən hesablanmış borc əsassızdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli 313538 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1129,70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 21 noyabr 2023-cü il tarixli, 313538 saylı aktdan görünür ki, X1 qaydalarına uyğun olaraq İddiaçı mənzilinə quraşdırılmış “PAUD Smartkart” tipli elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, abonent sonuncu dirəkdən kabelin üst izolyasiyasını pozaraq kənar xətt qoşaraq sayğacdan kənar X1 etmişdir. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı (abonent kodu: **********00739) itirilmiş enerji dəyəri kimi ümumilikdə 1129,70 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı 25 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə sübutlarını - 21 noyabr 2023-cü il tarixli 313538 saylı aktı, abonent saldosunu və İddiaçı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən aparılmış videoçəkilişi əks etdirən DVD diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisindən sayğacdan kənar qanunsuz elektrik xətti vasitəsi ilə istifadə etdiyi üçün X1 qaydalarının pozulmasında məsuliyyət daşıyır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının izahatından başqa, iddia tələbinin əsasında duran aktın və həmin akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu, iddiaçının sayğacdan kənar elektrik xəttindən istifadə etmədiyini təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının izahatı isə özüözlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkilişdə göründüyü kimi, iddiaçıya məxsus evdə elektrik dirəyindən sayğaca gələn kabeldən əlavə elektrik xətti çəkilərək istifadə olunur. Ampermaşa vasitəsi ilə sayğacdan axan yük ölçülmüş və sayğacdan axan yükün 0,7 amper, sayğacdan kənar xətdən axan yükün isə 22,3 amper olduğu müəyyən edilmişdir. İddiaçı izahatında sayğaca əlavə xətt qoşmadığını, kim isə əlavə xətt çəkmişdirsə, bundan xəbəri olmadığını və sayğaca heç bir müdaxilə etmədiyini bildirsə də, videoçəkilişdən görünür ki, iddiaçı həm sayğac vasitəsi ilə, həm də sayğacdan kənar xətdən istifadə etməklə X1 etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli 313538 saylı akt və həmin akta əsasən iddiaçının abonent hesabına əlavə edilmiş borc əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 noyabr 2023-cü il tarixli 313538 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********00739) əlavə edilmiş borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli 313538 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1129,70 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar