Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-10/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın ləğv edilməsi və AKT əsasında hesablanmış borcun silinməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı «aktın ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Salyan X14 İdarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktın ləğv edilməsi və dəymiş 4850 manat ziyanın Cavabdeh İB-nin Salyan X14 İdarəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılan zaman İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh İB-nin Salyan X14 İdarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və onun əsasında hesablanmış **********00900 abonent kodu üzrə “Abonentin saldosu” adlı cədvəldə göstərilən 10056,96 manat borcun silinməsi, dəymiş 4850 manat ziyanın Cavabdeh İB-nin Salyan X14 İdarəsindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, icraatda olan 2(056)-257/2023 saylı mülki iş üzrə tələbində Cavabdeh Salyan X14 idarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktın ləğv edilməsi və dəymiş 4850 manat ziyanın Cavabdeh Salyan X14 idarəsi tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını Sabirabad rayon Məhkəməsindən xahiş etmişdir. Sonradan isə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 2(056)-257/2023 saylı mülki iş üzrə Cavabdeh Salyan X14 idarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022- ci il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi; xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamənin ləğv edilməsi və onun əsasında hesablanmış **********00900 abonent kodu üzrə “Abonentin saldosu” adlı cədvəldə göstərilən 10056,96 (on min əlli altı manat doxsan altı qəpik) manat borcun silinməsi, dəymiş 4850 manat ziyanın Cavabdeh Salyan X14 İdarəsindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, Azəriqaz İBN-nin məsul şəxsləri xx.xx.2022-ci il tarixdə yaşadığı evə basqın edərək onun daş hasarına ziyan vurmuşlar, həyətində olan kanalizasiyanın beton konstruksiyasını uçurdaraq və həmin quyuya düşmüşlər. Guya ki, abonent tərəfindən sayğacdan kənar qaz xətti istifadə edilir. Cavabdeh İB-nin əməkdaşları dağıtdıqları kanalizasiyadan çıxandan sonra həyətindən çıxıb getmişlər. Həmin vaxt heç bir akt tərtib etməmişlər. Yalnız səhəri günü xx.xx.2022-ci il tarixdə Azərqaz İB-nin əməkdaşları yaşadığı evə gələrək onu soruşmuşlar, həmin vaxtı anası X7 həyətdə olmuş və onu evdən çağırmışdır. O da onlardan soruşmuşdur ki, nə olub, onlar bildirmişlər ki, bəs dünən qanun pozuntusu ilə əlaqədar olaraq akt tərtib etməli olmuşlar, yadlarından çıxıb bu günü Cavabdeh Salyan X14 idarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Qənimət müəllim tərəfindən təstiq edilən aktı ona imzalatdırmağa gəlmişlər. O və anası onlara bu aktın qanunsuz və etibarsız olduğunu bildirmişlər və hər ikisi qol çəkməkdən imtina etmişlər. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanın 79-cu maddəsinə əsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. İkinci bir tərəfdən Cavabdeh Salyan X14 idarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktı ölmüş bir şəxs barəsində tərtib etmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Cavabdeh tərəfindən qanunvericiliyə zidd olaraq xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Həmin tələbnamədə 83808 m3 dəymiş ziyan kimi hesablanmışdır. Daha sonra həmin tələbnaməyə əsasən cavabdeh tərəfindən **********00900 abonent kodu üzrə “Abonentin saldosu” adlı cədvəldə 10056,96 (on min əlli altı manat doxsan altı qəpik) manat borc hesablanmışdır. Belə ki, 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti“ Neftqazemalıtədqiqatlahiyə” inistitunun və SOCAR-nın təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyyələrə əsasən 1.4.1 bəndində abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur. X8 Salyan X14 İdarəsinin rəisi Azər Musayev tərəfindən hazırlanan qaydada isə bu 360 günlə əvəz olunub nəticədə tətbiq olunan qeyri qanuni tələbnamədə cərimə dörd qat qədər şişirdilmişdir Cavabdeh tərəfindən saxtakarlıq edilərək mübahisələndirilən Akt tərtib edilmiş və vəzifə səlahiyyətindən sui istifadə edərək əsassız borc sənədləri tərtib etmişlər. Belə olan halda birmənalı olaraq Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanın 79-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, 2017-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti“ Neftqazemalıtədqiqatlahiyə” inistitunun və SOCAR-ın təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyyələrinin 1.4.1-ci bəndində əsasən Azəriqaz” X12 X14 idarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı tərtib edilmiş Akt etibarsız hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edir ki, Cavabdeh Salyan X14 idarəsi tərəfindən mərhum atası X10 barəsində təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamənin ləğv edilməsi və onun əsasında hesablanmış **********00900 abonent kodu üzrə “Abonentin saldosu” adlı cədvəldə göstərilən 10056,96 (on min əlli altı manat doxsan altı qəpik) manat borcun silinməsi, dəymiş 4850 manat ziyanın Cavabdeh Salyan X14 İdarəsindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X11 iddiaçının subyektiv hüquqa malik olmadığını, tələbinin isə əsassız olduğunu, belə ki, aktın aşkar edilmiş pozuntu ilə əlaqədar tərtib edildiyini, qanunsuz qaz xəttinə qoşulma olduğu üçün 1 illik dövrə uyğun qaz itrkisi xərcinin hesablandığını bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. İiş materiallarından görünür ki, təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Fərhad Hüseynov adına tərtib edilmiş AKTa əsasən ünvan 1 ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacına baxış zamanı qeyri-qanuni qazdan istifadə etməsi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli AKTa əsasən ünvan 1 ünvanında yerləşən evə xidmət göstərən qaz sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş qazın həcmi cəmi 83808 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 10056,96 manat borc hesablanmışdır. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 653737 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2013-cü ildə ağciyər xərçəngi səbəbindən Sabirabad şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında 2013-cü ilin dekabr ayının 09-cu günündə 200 nömrə ilə qeyd edilmişdir. Cavabdeh İB Salyan RQİİ-nin İdarə rəisi Azər Musayev tərəfindən Sabirabad rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14-0-9/2-20/2023 saylı «Tədbir görülməsi barədə» məktubdan görünür ki, Cavabdeh İB-nin və Salyan RQİİ-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu, M.Mirağaoğlu küçəsində yaşayan abonentlərin fərdi yaşayış evlərinin qaz təsərrüfatına baxış keçirilən zaman Salyan RQİİ-nin AGİS bazasında abonent qeydiyyatında olan Fərhad Hüseynova məxsus M.Mirağaoğlu küçəsi ev 29 A ünvanında yerləşən evin qaz təsərrüfatına abonentin oğlu İddiaçı iştirakı ilə baxış keçirilən zaman evdə sayğacdan kənar xətt vasitəsilə fərdi yaşayış evində istismarda :lan 1 ədəd qeyristandart su qızdırıcısında, 2 ədəd dəmir sobada, 2 ədəd PQ-4 qaz cihazında və 1 ədəd qənaətli su qızdırıcısında qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. Aşkar olunmuş qazdan qanunsuz istifadə faktı ilə bağlı “Təbii X6 pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş, foto və video çəkilişlər aparılmışdır. İddiaçı aktı imza etməkdən imtina etmişdir. Sabirabad rayonu, M.Mirağaoğlu küçəsi ev 29 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə nəticəsində Cavabdeh İB-nin Salyan RQİİ-nə ümumilikdə 10056,96 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın hesabatı fərdi yaşayış evində istismarda olan 1 ədəd qeyri-standart su qızdırıcısının, 2 ədəd dəmir sobanın, 2 ədəd PQ-4 qaz cihazının və 1 ədəd qənaətli su qızdırıcısının maksimal saatlıq qaz sərfi, işləmə rejimi nəzərə alınmaqla aparılmışdır. Salyan RQİİ-nin AGİS bazasında abonent qeydiyyatında olan Fərhad Hüseynova məxsus fərdi yaşayış evində aylar üzrə istifadə olunmuş qaz sərfinə baxış keçirdikdə qeyd olunan evdə uzun müddətdir ki, sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə ounması öz təsdiqini tapır. Belə ki, 2021-ci il ərzində qeyd olunan evdə qaz sayğacı vasitəsilə 354,90 manat məbləğində qazdan istifadə edildiyi halda 2022-ci ilin dekabr ayında (sayğacdan kənar xətt aşkar edilib ləğv olunduqdan sonra) 283,15 manat qaz sərfi qeydə alınmışdır. Məlumat üçün bildirilmişdir ki, Salyan RQİİ-nin AGİS bazasında abonent qeydiyyatında olan Fərhad Hüseynov vəfat etdiyi üçün həyat yoldaşı Namilə Hüseynova ilə “Qaz paylayıcısı iə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.Göstərilənlərlə bağlı qanunamüvafiq tədbirlərin görülməsini və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qazdan qanunsuz istifadə nəticəsində Cavabdeh İB-nin Salyan RQİİ-nə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. X15 sahəsi ilə X10 arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli X9-54-00429/22 saylı müqavilədən görünür ki, ünvan 3 ünvanına dair Azəriqaz İB ilə Hüseynova Namilə arasında müqavilə bağlanmış, müqaviləyə əsasən “Paylayıcı” müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin etməyi, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Abonentin saldosundan görünür ki, Fərhad Hüseynov adına **********00900 abonent hesabına təbii qazdan istifadəyə görə 100721 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Cavabdeh İB Salyan RQİİ-nin İdarə rəisi Azər Musayev tərəfindən Sabirabad rayon Prokurorluğuna ünvanlanmış tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-9/2-98/2023 saylı «məlumatların təqdim olunması barədə» məktubundan görünür ki, Sabirabad rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 35-xid-23 nömrəli məktubunun icrası olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən abonent Fərhad Hüseynovun adına qeydə alınmış fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə ZENNER markalı G4T mexaniki tipli **********3 nömrəli qaz sayğacı quraşdırlmışdır və hazırda istismardadır. xx.xx.2022-ci il tarixdə Fəhad Hüseynovun həyat yoldaşı Namilə Hüseynova ilə XS- 54-00429/22 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə” müqavilə bağlanmışdır. Sabirabad rayon M.Mirağaoğlu küçəsində yaşayan abonentlərin qaz təsərrüfatına nəzarət Sabirabad rayonu üzrə “Təbii qazın qəbulu və satışı xidməti”nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri X5 həvalə edilmişdir. ünvan 5 ünvanında yerləşən abonent Fərhad Hüseynovun adına qeydə alınmış fərdi yaşayış evinin qaz təsərrüfatına CavabdehİB-nin İşçi qrupunun nümayəndələri Zamin Dünyamalıyev, Sadiq Şahverdiyev, Məzahim Dolanzadə və Salyan RQİİnin Sabirabad rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi Fərid Ağayev tərəfindən baxış keçirilmiş və sayğacdan kənar xətt vasitəsilə qazdan qanunsuz istifadə edilməsi aşkar olunmuşdur. Bu barədə “Təbii X6 pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən abonentin mənzilində istismarda olan qaz işlədicilərindən PQ-4 - 2 ədəd, maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSSQ (katyol) maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSQ maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, Dəmir soba -2 ədəd maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə hesabat aparılmış və ümumilikdə 83808 m3 miqdarında (10056,96 manat dəyərində) itirilmiş qazın olması barədə qərar qəbul edilmişdir. Aşkar olunmuş sayğacdan kənar qaz xətti ilə qazdan qanunsuz istifadə olunması ilə bağlı foto və videoçəkiliş aparılmışdır. Sayğacdan kənar qanunsuz çəkilmiş qaz xətti gözlə müşahidə edilə bilən yerdən çəkilmədiyi üçün həmin qaz xətti vasitəsilə hansı tarixdən qazdan istifadə olunmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/9944 saylı «məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə» məlumatdan görünür ki, 2(056)-257/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə tərəfinizdən təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Mərkəzdə aparılan məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 noyabr tarixli 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə 1 nömrəli əlavədə göstərilən siyahı əsasında müəyyən edilmişdir. Siyahıya əsasən məhkəmə mühəndis-texniki ekspertizası növünə tikinti-texniki obyektlərin, əmək təhlükəsizliyinin, yanğın və texnoloji partlayışların və dəmiryol- texniki hadisələrin tədqiqi ixtisasları daxil edilmişdir. Məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir: -yaşayış evlərinin paylar üzrə real bölgüsünün texniki cəhətdən mümkünlüyünün (payın ayrılması) müəyyən edilməsi;-yaşayış evinin bütünlükdə və ya onun ayrı-ayrı hissələrinin qiymətlərinin (dəyərlərinin) müəyyən edilməsi;həyətyanı torpaq sahələrindən isifadə olunması qaydalarının müəyyən edilməsi;-qarajların, bağ sahələrindəki tikililərin və qurğuların inşasının və ona sərf olunmuş tikinti materiallarının dəyərlərinin müəyyən olunması;-yaşayış evlərinin mərtəbələrarası örtük panelləri konstruksiyalarından suyun sızma səbəbləri, konstruktiv elementləri bərpa etmək üçün lazım olan təmir işlərinin dəyərinin müəyyən olunması;-yaşayış evlərində və mənzillərdə gizli nöqsanların (nəmlik, rütubət, kif və s.) əmələ gəlmə səbəblərinin müəyyən olunması;mənzillərdə əlavə tikinti işləri aparılması nəticəsində həmin mənzillərdən təcrid mənzillər yaradılmasının mümkünlüyü. Qərardadda qoyulmuş sualların, o cümlədən kanalizasiya quyusunun beton konstruksiyasının məhv olmasının səbəbinin müəyyən edilməsi tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Cavabdeh İB Salyan RQİİ-nin İdarə rəisi Azər Musayev tərəfindən Sabirabad rayon Prokurorluğuna ünvanlanmış qanunsuz qaz xəttinə qoşulmaqla bağlı talama üzrə müraciəti əsasında aparılmış araşdırmaya dair material Sabirabad Rayon Prokurorluğundan əldə edilmiş, həmin material tədqiq edilmiş, materialda olan İddiaçı, Cavabdeh İB-nin Təmir tikinti idarəsinin qəza-bərpa sahəsinin 1 saylı qəza təmir bərpa xidmətinin 10-cu dərəcəli ustası X1, Cavabdeh İB Bakı Regional Qazın satışı departamentinin SƏTƏM və KN şöbəsinin əməyinin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 13-cü dərəcəli böyük mühəndisi X2 izahatlarının surətləri hazırki mülki iş materiallarına əlavə edilmişdir. Məhkəməyə həmçinin qanunsuz qoşulmanı özündə ehtiva edən xəttin fotoşəkilləri və uçurulması iddia edilən hissələrə dair fotoşəkillər təqdim edilmiş, məhkəmə həmin fotoşəkilləri də tədqiq etmişdir. Məhkəmə ilk növbədə iddiaçının subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı da subyektiv hüququ 3 elementin mövcudluğu ilə əlaqələndirmiş, müəyyənləşdirilmiş 3 elementdən ikinci və üçüncüsünün birincinin mövcudluğu ilə əlaqədar olmasını müəyyən etmişdir ki, 1-ci element də öz hərəkətlərinə hüquqi ixtiyarı təşkil edir. Cavabdehin nümayəndəsinin iddiaçının subyektiv hüquqa malik olmamasına dair mövqeyi üzrə bildirilməlidir ki, “Elektron Məhkəmə” İnbformasiya Sistemində bu barədə araşdırma aparılarkən müəyyən edilmişdir ki, iddiaçı digər 5 nəfərdən ibarət ailə üzvləri ilə birgə Fərhad Hüseynovun varisi olaraq müəyyən edilmiş, onlara vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən etmək üçün tələb edilən 3 element- öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququna malik olması müəyyən edildiyindən cavabdehin iddiaçının subyektiv hüquqa malik olmadığı barədə bildirmiş olduğu mövqe əsassız hesab edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin təbii X6 pozulması haqqında xx.xx.2022-ci il tarixli aktının etibarsız hesab edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-ci bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı aktın etibarsızlığını tələb edərkən vəfat etmiş atasının adına akt tərtib edilməsinə, aktın həmin gün deyil, səhəri günü tərtib edilib onlara təqdim edilməsinə, onun və anasının həmin aktı imza etməməsinə əsaslanmışdır. Lakin yuxarıda qeyd edilən “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndələrindən də aydın olur ki, istinad olunan Qaydalar qazlaşdırılmış obyektin mülkiyyətçisinin dəyişilməsi halı ilə bağlı müvafiq tənzimləmələr həyata keçirsə də mülkiyyətçi öldüyü halda həyata keçirilməli prosedur barədə tənzimləmə həyata keçirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, istinad edilən Qaydaların qazlaşdırılmış obyektin mülkiyyətçisinin dəyişilməsi halı ilə bağlı müvafiq tənzimləmələrin hazırki mübahisəyə tətbiq edilməsi iş üzrə hər hansı ziddiyyət yaranmasına səbəb ola bilməz. Bu halda Qaydalarda mülkiyyətçi dəyişildiyi halda yeni mülkiyyətçinin (istifadəçi) yeni müqavilə bağlanması üçün qaz paylacısına müraciət etmək vəzifəsinin öz əksini tapmış olması halı nəzərə alınmalıdır. İş üzrə araşdırma aparılarkən də müəyyən edilmişdir ki, iddiaçının atası 2013-cü ildə vəfat etmiş, 2014-cü ildə iddiaçı digər vərəsələrlə birgə vərəsəlik haqqında şəhadətnamə əldə etmiş, lakin qaz paylacısına mülkiyyətçinin dəyişilməsi, bununla əlaqədar yeni müqavilənin bağlanması üçün müraciət etməmişdir. Belə olan halda iddiaçının mərhum atasının adına akt tərtib edilməsinə görə aktın etibarsız hesab edilməsi barədə dəlili əsaslı hesab edilə bilməz. Bundan başqa, iddiaçı aktın həmin günü deyil, səhəri günü tərtib edilməsinə istinad etmiş, lakin bu barədə hər hansı sübuta əsaslana bilməmiş, məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının aktın etibarsız hesab edilməsi ilə əlaqədar sonuncu dəlili olan aktın nə onun tərəfindən, nə də anası tərəfindən imzalanmamasına münasibətdə isə qeyd edilməlidir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5- 2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd edilən bəndin tələblərinə uyğun akt tədqiq edildikdə görünür ki, akt tərtib edilərkən İddiaçı aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd aparılmışdır. Həmçinin yol verilmiş pozuntu ilə əlaqədar foto çəkiliş həyata keçirilmiş, həmin foto məhkəməyə təqdim edilmişdir. Belə olan halda iddiaçının son dəlili də aktın etibarsızlığı üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin ilk hissəsi olan aktın etibarsız hesab edilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və onun əsasında hesablanmış **********00900 abonent kodu üzrə “Abonentin saldosu” adlı cədvəldə göstərilən 10056,96 manat borcun silinməsi üzrə məhkəmə qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-1-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə tələbin bu hissəsi üzrə ilk növbədə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, göründüyü kimi tələbnamə aşkar edilmiş pozuntu ilə əlaqədar tərtib edilmiş akt əsasında tərtib edilmişdir. Akt ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda həmin tələbnamənin də ləğv edilməsindən söhbət gedə bilməz. Lakin tələbin bu hissəsinin bir parçası olan **********00900 abonent kodu üzrə “Abonentin saldosu” adlı cədvəldə göstərilən 10056,96 manat borcun silinməsinə münasibətdə isə qeyd edir ki, iş materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, borc məbləği qanunsuz qaz xəttinə qoşulma halı baş vermiş evdə istifadə edilən qaz cihazlarının isitifadə müddəti günlük 24 saatdan olmaqla 360 günlük dövr üçün nəzərə alınmış və akt üzrə borc da göstərilən bu dövrə uyğun müəyyən edilmişdir. Yuxarıda qeyd edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-1, 6.5-2 və 6.5-3-cü bəndlərinin tələblərindən göründüyü kimi, qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, həmçinin məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmalı olduğu halda qaz paylayıcı olan cavabdeh Qaydaların göstərilən tələblərini nəzərə almamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özü də borcun 90 gün müddətinə hesablanmalı olduğunu iddia ərizəsində göstərməsinə baxmayaraq, tələbində həmin borcun tam silinməsini xahiş etsə də,.iddia tələbi bu hissədə qismən təmin edilməli, X6 yuxarıda göstərilən bəndlərinin tələbləri nəzərə alınmaqla məişət abonenti üçün hesablanmış borc məbləği azaldılmalı, yəni pozuntunun qış mövsümü ərzində aşkar edilməsi, pozuntu üzrə borcun 1 (bir) ilə görə deyil, 3 (üç) aylıq müddətə görə və 24 (iyirmi dörd) saata görə deyil, 12 (on iki) saata görə hesablanmalı olması halı nəzərə alınaraq borc məbləği 1257.12 (10056,96:12=838,08 (bir ay); 838,08x3=2514,24 (üç ay); 2514,24:24x12=1257,12 (12 saat) ) manat müəyyən edilməlidir. İddiaçının tələbinin sonuncu hissəsi olan onun kanalizasiya və daş hasarının cavabdehin əməkdaşları tərəfindən zərər vurulmasına görə 4850 manat maddi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. İddiaçı isə bu hissədə tələbinin əsasını təşkil edən hər hansı sübutu (zərərin mövcud olması və vurulmuş zərərin cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində yaranması barədə) məhkəməyə təqdim etməmiş, Sabirabad Rayon Prokurorluğunda icraatda olan materialdakı izahatlardan edilmiş çıxarışlarla da bu fakt təsdiqini tapmamışdır. Bununla belə iddiaçının vəsatəti əsasında iş üzrə məhkəmə tikinti-texniki ekpsertizası təyin edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmişdir. Bundan sonra məhkəməyə hər hansı vəsatət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının bu tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Məhkəmə tələbin bu hissəsi üzrə hesab edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə tələbinin bu hissəsini sübut edə bilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli ******* nömrəli AKT əsasında ünvan 1 ünvanında yerləşən evə aid abunə hesabına (abonent kodu **********00900) hesablanmış borc məbləği azaldılaraq 1257.12 (bir min iki yüz əlli yeddi manat on iki qəpik) müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-10/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-10/2024
27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver