Məhkəmə qərarları › İş №2(056)-116/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-116/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-116/2024 04.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X14 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh satılmış mala görə 475 manatın, MPM-nin 121.1-ci maddəsinə əsasən göstərilən hüquqi yardma görə ödənilmiş 50 manatın və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Yuxarı Axtaçı kəndində yerləşən həyətyanı sahəsində fərdi təsərrüfatla məşğul olaraq nar məhsulu yetişdirir. Cavabdehla o, həmkəndlidir. Cavabdeh alver məqsədi ilə ondan və digər şəxslərdən nar məhsulu almışdır. Belə ki, 2021-ci ilin oktyabr ayında cavabdeh ondan nisyə olaraq hər bir yeşiyi 5 manatdan 95 yeşik nar məhsulu almış, onun tərəfindən ödəniləcək cəmi məbləğ 475 manat təşkil etmişdir. Cavabdeh həmin pulu 3-5 gün ərzində verəcəyini vəd etmişdi. Lakin bu günə kimi həmin pulu cavabdehdən alması qeyri-mümkün olmuşdur. Cavabdeh öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığı üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həqiqətən də o, iddiaçı həmkəndlidir. 2021-ci ildə onun Bakı şəhərindən tanışı olan Ağakərim adlı şəxs yanına gəlib nar alıb satmaq istədiyini, nar satan şəxslərin evini göstərməsini xahiş etmiş, o da hazırki iddiaçının və həmçinin bir neçə həmkəndlisinin evini göstərmişdir. Ağakərim özü narı yığdırıb aparmışdır. Apardığı məhsuldan 1-2 maşın çürük olduğuna görə Ağakərim ziyana uğramışdır. Buna görə Ağakərim həm iddiaçının, həm də bir neçə həmkəndlisinin pullarını ödəyə bilməmişdir. Ona görə iddiaçı da tələsməsin, Ağakərim hamının pulunu yaxın vaxtda düzəldib verəcəkdir. Cavabdeh izahatına münasibətdə İddiaçı bildirdi ki, cavabdeh yalan danışır. O, Ağakərim adlı şəxs tanımır. Narı Mirzə dərdirib aparmış və verilməli pulu da onunla Mirzə müəyyənləşdirmişdir. Hətta məhkəməyə müraciət ediləndən sonra Mirzə onun anası ilə danışmış, məhkəməyə müraciət etməyə ehtiyac olmadığını, iddianı geri götürməsini, pulunu qısa vaxtda ödəcəyini bildirmişdir. Əlavə olaraq bildirir ki, o, bununla bağlı polis orqanına da digər kənd sakinləri kimi şikayət etmiş, həmin zaman onun soyadı Məmmədov olmuş, sonradan soyadını dəyişdirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Yuxarı Axtaçı kənd sakinləri X9, X10, X12, X15, X11, X5, X13, X17 və X1 sakini Mrzə adlı şəxsə nar məhsulu satdıqlarını, Mirzənin vədinə əməl etmədiyini, pullarını qaytarmadığını bildirib polis orqanına şikayət etmişlər. İzahatı alınan Mirzə izahatında Ağakərim adlı şəxslərin Rusiya Federasiyasına satmaq üçün kənddən nar məhsulu yığmağa başladığını, buna görə o, Ağakərimə köməklik etdiyini, aldıqları nar məhsullarının 10 tırının pulunun verildiyini, qalan 2 tır məhsul ziyan olduğu üçün həmin məhsulun pulunu verə bilmədiklərini göstərmişdir. Həmin şəxslər ondan borcunu tələb etdikdə borclarını tezliklərə qaytaracağına söz vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlarla və işin halları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh nisyə olaraq 475 manat dəyərində nar məhsulu satmış, cavabdeh həmin müqavilə ödənişi qısa müddətdə həyata keçirməyi öhdəsinə götürmüş, lakin o, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdehin izahatının məzmununa münasibətdə qeyd edir ki, cavabdeh nar məhsulunu Ağakərim adlı şəxsə iddiaçının şəxsən satdığını bildirmiş olsa da, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında o, Ağakərim adlı şəxslə birlikdə nar məhsulu aldıqlarını, borcun tezliklə qaytarılacağına özünün söz verdiyini bildirmiş, iddiaçı isə Ağakərim adlı şəxsi tanımadığını, məhsulu şəxsən Mirzəyə satdığını bildirmişdir. Belə olan halda məhsulun Ağakərim tərəfindən satın alındığını və pulun həmin şəxs tərəfindən ödənilməli olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan borc məbləği hissəsində əsaslı hesab edilməli və tam təmin edilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə ödnilməmiş 475 (dörd yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun və 50 manat hüquqi yardım haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh satılmış mala görə ödənilməmiş 475 manat, hüquqi yardıma görə ödənilmiş 50 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 555 (beş yüz əlli beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar