Məhkəmə qərarları › İş №2(056)-117/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-117/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-117/2024 06.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçının Cavabdeh qarşı «Cavabdehə satılmış mala görə verilməli olan pul öhdəliyinin icrasının ondan tələb edilməsinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 555 manat satılmış mala görə borc məbləğinin, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pulun, həmçinin MPM-nin 121.1ci maddəsinə əsasən göstərilən hüquqi yardıma görə ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslnadırmışdır ki, o, Sabirabad rayonu Yuxarı Axtaçı kəndində yerləşən həyətyanı sahəsində fərdi təsərrüfatla məşğul olaraq nar məhsulu yetişdirmişdir. Cavabdehlə aralarında həmkəndli kimi münasibətləri olmuşdur. Cavabdeh alver etmək məqsədilə ondan və digər şəxslərdən nar məhsulu almışdır. Belə ki, cavabdeh ondan 2021-ci ilin oktyabr ayında nisyə olaraq hər bir yeşiyi 5 manat olmaqla 111 yeşik nar məhsulu almışdır. Cavabdehin 555 manat borcu yaranmış və həmin pulu 3-5 gün ərzində qaytarmağı söz vermişdir. 555 manat pulu hal-hazıradək cavabdehdən almaq mümkün olmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə ödəmənin vaxtını uzatmış və ona maddi ziyan vurmuşdur. Bu barədə polis şöbəsində araşdırma aparılmış və cavabdeh üzərində olan borcunu yanvar ayının axrınadək ödəyəcəyinə söz versə də, verdiyi sözə əməl etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən və iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Mirzə Eyvazdan nar alan zaman o da, Eyvazın həyətində olmuşdur. Belə ki, o özü də, Eyvazdan nar alıb satmaqla məşğul olmuşdur. Həmin tarixdə o, Eyvazın həyətində nar alan zaman Mirzə də, seçmə iri narları yığaraq Eyvazdan almışdır. Sonradan ona məlum olmuşdur ki, Mirzə Eyvazdan aldığı malın pulunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, Mirzənin Eyvazdan aldığı narları ağcdan həmin gün o yığmışdır. Mirzə hər birinin qiyməti 5 manat olmaqla 111 yeşik nar almışdır. Sonradan eşitmişdir ki, Mirzə Eyvazdan aldığı məhsulun pulunu vermir. İş materiallarında olan Ödəniş qəbzindən görünür ki, İddiaçı iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh İddiaçı borclu olmasını etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı sonradan ödəmək şərti ilə hər birinin dəyəri 5 manat olan 111 yeşik nar məhsulunu almışdır. Lakin, alıcı alqı-satqı predmeti olan nar məhsulunu alsa da, onun dəyərini tam olaraq müəyyən edilmiş müddətdə satıcıya ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh isə məhkəmə iclasına gəlməmiş iddia tələbinə dair öz etiraz və mülahizələrini bildirməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbini işin faktiki hallarına uyğun gəldiyi üçün mötəbər hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda tərəflər arasında münasibətlər nisyə alqı-satqı müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmişdir ki,öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi kimi təqdim etdiyi sübutlarını mötəbər hesab edir. Məhkəmə həmçinin MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbləri əsas hissədə tam təmin edildiyi üçün, iddianın ödənilmiş dövlət rüsumu əvəzi olan 30 manat və hüquqi xidmətə görə çəkilmiş xərci əvəzi 50 manat pulun cavabdehdən tutulması hissəsi də təmin olunmalıdır. MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-nın 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən vəkil Səxavət Məmmədliyə iddia ərizəsinin tərtib edilməsi ilə əlaqədar 50 manat ödəniş edilmişdir. Həmçinin ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 AZN dövlət rüsumu və 50 manat hüquqi xidmət haqqının əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh satılmış mala görə 555 manat, dövlət rüsumu əvəzində 30 manat və 50 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olmaqla, cəmi 635 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241-244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh satılmış mala görə 555 manat, dövlət rüsumu əvəzində 30 manat və ödənilmiş 50 manat hüquqi yardım üçün xidmət haqqı olmaqla, cəmi 635 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar