Məhkəmə qərarları › İş №2(056)-1294/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1294/2025

07.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1294/2025 07.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın etibarsız hesab edilməsi və AKT əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “AKT-ın etibarsız hesab edilməsi və AKT əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli ******* saylı AKT-nın etibarsız hesab edilməsi və AKT əsasında hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə orada yaşayır. Qaz sayğacı onun adına qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin əməkdaşları onun evinə gələrək sayğacın yoxlanılmasını bildirmişlər və sayğaca baxış keçirmişlər. Baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi üçün yararsız olması müəyyən edilmişdir. Sonradan Cavabdeh ASC-nin əməkdaşları onun evinə gələrək 777.60 manat borcu olmasını bildirmişlər. O, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktı əldə edərkən məlum olmuşdur ki, göstərdiyi nöqsanlar aşkar olunmuşdur. Halbuki o, bu günə kimi sayğaca heç bir müdaxilə etməmişdir. Vaxtı-vaxtında istifadə etdikləri qazın dəyərini ödəmişlər. Onun ümumiyyətlə sayğacdan anlayışı yoxdur. Aktın tərtib edilməsində rəsmi və şifahi dəvət olunmamışdır. Aktdan da görünür ki, imzası yoxdur. Həmin evdə yaşayan şəxslərin sayından da görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı absurddur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən Sabirabad rayonunun Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə xidmət göstərən qaz sayğacına baxış zamanı sayğacda “Alarm 1” rejimi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli AKTa əsasən Sabirabad rayonunun Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə xidmət göstərən qaz sayğacında yaranmış qüsurla bağlı itirilmiş qazın həcmi 6480 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 777,60 manat borc hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı hazırda xx.xx.2023-cü il tarixli ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Ona görə də iddia tələbi, aktın etibarsız hesab edilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Digər tərəfdən, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X2 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X1 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarına və yuxarıda istinad olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, sayğacda “Alarm 1” rejiminin aşkar olunmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan və bununla da iddiaçının öz öhdəliklərinə görə təqsirli pozuntusu müəyyən olunmadığı halda cavabdeh təşkilat tərəfindən iddiaçıya qaz itkisinə görə 777,60 manat məbləğində borc əsassız hesablanmışdır. Ona görə də qaz itkisinə görə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydada istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* nömrəli AKT əsasında hesablanmış 777,60 manat məbləğində borc Sabirabad rayonunun Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə aid abunə hesabından (abonent kodu **********03210) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar