Məhkəmə qərarları › İş №2(056)-1531/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1531/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1531/2023 07.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2h Zakir oğlunun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh taxılyığan kombayna görə 2500 manat məbləğində ödənilməmiş borcun və 45 manat dövlət rüsumunun, cəmi 2545 manat məbləğində pulun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, kreditor “Aqroservis“ ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/02505 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS DOMİNATOR-130 markalı taxılyığan kombaynı ona istifadəyə verilmişdir. “Aqroservis“ ASC ilə borclu arasında bağlanmış 09/02505 nömrəli müqaviləyə əsasən 5000 manat öhdəlikdən 2500 manat ödəniş edərək 2500 manat borclu qalmışdır. Borclunun Cəmiyyətə hal-hazırda 2500 manat borcu vardır. Lakin, borclu vaxtında iddiaçıya olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günədək müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, kreditor məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2h Zakir oğlu iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 09/02505 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS DOMİNATOR-130 markalı taxılyığan kombaynı Cavabdeh istifadəyə verilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/02505 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS DOMİNATOR-130 markalı taxılyığan kombaynın 5000 manat dəyərindən 2500 manat ödəməklə taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Hazırda cavabdehin iddiaçı təşkilata ödənilməmiş 2500 manat məbləğində borcu vardır. İddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddianın tam təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş iddia tələbinə dair öz etiraz və mülhaizəsini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli operativ lizinq müqaviləsidən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş dövlət rüsumunun dəyəri olan 45 manat cavabdehdn alınaraq iddiaçıya ödənilməlidir. . Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC-yə məxsus CLAAS DOMİNATOR-130 markalı taxılyığan kombaynın icarəyə verilməsinə dair 09/02505 saylı xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş qalan borc hesabına 2500 manat və ödənilmiş dövlət rüsumu hesabına 45 manat, cəmi 2545 (iki min beş qırx beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ASC-nin hesabına ödənilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-yə məxsus CLAAS DOMİNATOR-130 markalı taxılyığan kombaynın icarəyə verilməsinə dair 09/02505 saylı xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş qalan borc hesabına 2500 manat və ödənilmiş dövlət rüsumu hesabına 45 manat, cəmi 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar