Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1985/2023 15.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh ASC 4 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» X2 X7 İdarəsinə qarşı“AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC 4 nömrəli Regional Sukanal İdarəsi tərəfindən tərtib edilmiş sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 601915 saylı AKT-ın ləğv edilərək AKT üzrə hesablanmış 6192 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin 4 saylı Regional Sukanal İdarəsinin rəisi F.Mirzəyev tərəfindən onun barəsində sudan istifadə qaydaların pozulması haqqında 601915 saylı AKT təsdiq edilmişdir. Qeyd olunan akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 360 gün ərzində 6192 kub metr su sərfiyyatına görə 6192 manat cərimə hesablanmışdır. Qeyd olunan akt qanunsuz və əsassızdır. Aktda qeyd olunmuşdur ki, o, Sabirabad şəhəri, H.Əliyev prospektində 48 ünvanında yerləşən qeyri yaşayış binası üçün 32 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulmuşdur. Onlar vaxtı-vaxtında istifadə etdikləri suyun pulunu ödəmişlər. Buna baxmayaraq onlara əsassız olaraq 6192 manat cərimə yazılmışdır. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, o, “Mələk” şadlıq evini işlədir. Onun fəaliyyəti çox zaman işin olmaması ilə əlaqədar özünün müraciəti əsasında dayandırılır. Əvvəllər qaz idarəsi onlarla eyni binada yerləşmiş, bir çəndən istifadə etdikləri üçün bir sayğac quraşdırılmış və sayğac üzrə yaranmış borc hər ikisi tərəfindən ayda 500 manat şəklində ödənilmişdir. 2022-ci ilin dekabr ayında həmin İdarə yerləşdiyi binanı dəyişmiş, bu zaman Su İdarəsi sayğacı açıb aparmışdır. Bundan sonra o, Su İdarəsinə sayğacla təmin edilməsi üçün müraciət etmiş, lakin söz verilsə də, sayğacla təmin edilməmişdir. O, sayğaca görə 350 manat ödəniş etmiş, ona bu ilin may ayının axırlarında sayğac quraşdırılacağı bildirilmişdir. Keçən ildən bu ilin iyun ayının 7-dək onun fəaliyyəti dayandırılmış vəziyyətdə olmuş, iyun ayında toy mərasimi olacağı ilə əlaqədar fəaliyyətini 7 iyunda bərpa etdirmiş, 18 iyunda su gətişdirib hovuza vurmuşlar ki, toy mərasimi zamanı istifadə edilə bilinsin. Lakin su vurulduqdan sonra hovuzda palçıqlıq yaranmış, toy mərasimində həmin sudan istifadə edə bilməmişlər. O, iyunun 19-dək su xəttinə qanunsuz qoşulma etməmişdir. X8 hər ay, həmçinin idarənin işçisi Səid Ağayev də gəlib xəttə baxış keçirib getmişlər və heç vaxt qanunsuz qoşulma aşkar etməmişlər. 19 iyunda o, su xəttinə qoşulma etmiş, həmin gün də İdarənin əməkdaşları gəlib qanunsuz qoşulmanı ləğv edib blomblayıb akt tərtib edərək getmişlər. Sonradan ona məlum olmuşdur ki, ona bir illik dövr üzrə borc hesablayıblar. Bu qanunsuzdur. Halbuki, onun fəaliyyəti ilin əksər vaxtı dayandırılmış vəziyyətdə olur. Qoşulma etdiyi gün aşkarlanıb ləğv edilmişdir. İdarə əməkdaşları özləri də ona etiraf etmişlər ki, akt bir illik dövrə görə yazılmaqla səhvə yol verilmişdir. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC 4 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı su xəttinə qanunsuz müdaxilə etdiyi üçün borc bir illik dövr üçün hesablanıb. Borudan 1 ay ərzində 3440 kub metr su sərfiyyatı olur. Həmin rəqəm bir illik dövrə 5 saat hesabı ilə vurulur və borc məbləği müəyyən edilir. Qanunsuz qoşulma mövcud olduğu üçün 1 illik dövrə görə borcun hesablanması düzgündür. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki iş materiallarından görünür ki, sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 601915 nömrəli AKT-a əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərən su sayğacına baxış zamanı 32 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulma müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli 601915 nömrəli AKTa əsasən Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən qeyri yaşayış binasına xidmət göstərən su sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş suyun həcmi 6192 m3 müəyyən edilmiş və nəticədə su itkisinə görə 6192 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqsünas Kamal Babayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından və 4 saylı Regional Sukanal İdarəsindən daxil olmuş məlumat əsasında toplanmış 145-C-23 nömrəli materialdan görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, İddiaçı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su resurslarını talaması nəticəsində 6192 manat ziyan vurması faktı öz təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 189-1-1-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda əksini tapmış X5 izahatının məzmunundan görünür ki, o, 2020-ci ilin oktyabr ayından Cavabdeh ASC-də xidmət edir. 19 iyun 2023-cü il tarixdə 4 saylı Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən onlara Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən qeyri-əhali tipli abonent İddiaçı məxsus “Mələk” şadlıq sarayında su resurslarından qanunsuz istifadə edilməsi ilə bağlı məlumat verilmiş, meteoroloq Alıyev Ramil və çilingər Zeynalov Kamran ilə birlikdə həmin ünvana getmiş, bu zaman vətəndaşın sayğaca gələn D=32-mmlik su boru xəttinə əlavə rezin boru bağlayaraq suyu öz çəninə istiqamətləndirdiyini, daha sonra həmin sudan öz şadlıq sarayında istifadə etdiyini aşkar etmişlər. Baxış zamanı ünvanda su sayğacı olmamış, bununla bağlı 601915 nömrəli akt tərtib edilərək rəhbərliyə məlumat verilmişdir. Daha sonra vətəndaş İddiaçı 1 illik hesabat dövrü götürülməklə 6192 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin ünvanda əvvəl X9 sahəsinin inzibati binası yerləşmiş, hər iki obyekt üçün bir sayğac olmuşdur. X10 7-8 ay əvvəl həmin ünvandan köçdükdə sayğacı da özləri ilə aparmışdır. Vətəndaşın həmin xəttdən nə vaxtdan istifadə etməsini bilmir. İddiaçı baxış zamanı həmin xətti yarım saat əvvəl qoşduğunu bildirmişdir. Su qıtlığı ilə əlaqədar Sabirabad rayonu ərazisində abonentlərə gün ərzində adətən 2 saat su verilir və həmin xətti aşkar etdikləri vaxt su verilişi olmamışdır. Adıçəkilən qərarda əksini tapmış İddiaçı izahatının məzmunundan görünür ki, o, 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən sahibkarlıq obyektini özü idarə edir. Həmin sahibkarlıq obyekti Esmira Məhərrəmova adlı rayon sakininə məxsus olsa da, sonuncunun etibarnaməsi əsasında obyekti idarə edir və özünə məxsus ********** nömrəli VÖEN vardır. Bundan əlavə, şadlıq sarayının yaında Esmiranın anası Natalya Məhərrəmovaya məxsus qeyri-yaşayış obyekti də vardır. Həmin sahibkarlıq obyektlərinin cəmi bir su xətti vardır və bütün obyektlərə su həyətdəki çən vasitəsi ilə gedir. 2019-cu ildə Natalyaya məxsus qeyri-yaşayış binası icarə müqaviləsi əsasında X9 Sahəsinin istifadəsinə verilmiş, idarənin icarəyə götürdüyü binanın su çəni balaca olduğu üçün qarşılıqlı razılıq əsasında su xəttinə Qaz İdarəsinin sayğacı qoyulmuşdur. Həmin tarixdən etibarən həmin sayğacdan birlikdə istifadə etmişlər. Hər il Qaz İstismar İdarəsi Su idarəsinə 500 manat ödəniş etmiş, elektrik enerjisinin pulunu isə özləri ödəmişdir. Bundan əlavə, şadlıq sarayının kənarında, yerin altında 80 tonluq su çəni olmuş və mütəmadi Kür çayından maşın vasitəsilə suyu gətirib ora doldurub istifadə etmişdir. Keçən ilin dekabrın 28-də X10 həmin ünvandan köçürülmüş və sonradan onların sayğacı xəbəri olmadan aktsız şəkildə götürülüb aparılmışdır. Qaz İdarəsi köçüb getdikdən sonra 2022-ci ilin dekabr ayının 29-da kommersiya qurumlarına nəzarət edən Abbas Məlikov adlı nəzarətçiyə sayğac qoyulması üçün zəng etmişdir. Esmiranın atası Oqtay müəllimin yanında Abbasdan bu işə onların baxıbbaxmadığını soruşmuş, Abbas da özlərinin baxdığını demişdir. Sonradan Pənah adlı şəxs sayğacın ödənişinin 350 manat olduğunu bildirmiş, onunla razılaşaraq 200 manat pulu həmin vaxt Pənaha əlbəəl vermişdir. Abbas da həmin vaxt orada olmuşdur. 2 gün sonra Pənah və Abbas yenə gələrək qalan pulu istəmişlər. Həmin vaxt Oqtay müəllimin yanında yenidən Pənaha 150 manat pul vermişdir. Lakin sonradan dəfələrlə müraciət etsə də, Pənah gətirib sayğacı qoymamış, bu gün-sabah gətirəcəm deyə bəhanələr etmişdir. Təxminən bir neçə ay sonra sayğacı Abbasa verdiyini, onun gətirib quraşdıracağını demiş, lakin Abbas da onu aldatmış və sayğacı gətirib quraşdırmamışdır. May ayının 27-də sayğac borusunun qarşısına motor qoydurmuşdur ki, sayğac qoşulandan sonra suyu çənə vurmaq mümkün olsun. 19 iyun tarixində isə şadlıq sarayında toy təyin edilmiş, toy gününün əvvəlində güclü sel olduğu üçün yerin altıdakı hovuzdakı su bulanıq olmuşdur. Hovuzdan suyu vura bilmədiyi üçün saat 11 radələrində motoru qoşmuşdur ki, çən boşalmasın. Saat 12-1 radələrində həyətdə maşınların dayandığını görmüş, sonradan həmin şəxslərin 4 saylı Regional Sukanal İdarəsinin işçiləri olduğunu anlamışdır. Həmin şəxslər video və şəkil çəkib getmiş, 20 iyun tarixində gələrək ona 6192 manat cərimə yazıldığını bildirmişlər. Adıçəkilən qərarda əksini tapmış X4 izahatının məzmunundan görünür ki, o, 2021-ci il tarixdən 2023-cü ilin iyul ayının əvvəllərinə kimi Cavabdeh ASC-də çalışmış və qeyri-əhali tipli abonentlərə nəzarət etmişdir. Qeyri-əhaliyə nəzarət ona həvalə edilməsə də, faktiki olaraq o, baxmışdır. Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən sahibkarlıq obyektini idarə edən İddiaçı tanımış, onunla ədavəti olmamışdır. Həmin ərazidə Əntiqə xanımın idarə etdiyi obyektlərə su həyətdə olan böyük çəndən verilmiş, əvvəllər həmin yerə gələn su xəttinə mexaniki sayğac quraşdırılmışdır. Lakin İddiaçı mütəmadi qardaşı oğlunun su maşını ilə su gətirib çənə dolduğub istifadə etmişdir. Təxminən 2019-cu il tarixdə orada olan qeyri-yaşayış binası icarə müqaviləsi əsasında X9 sahəsinin istifadəsinə verilmiş, mexaniki su sayğacı istismar müddətini başa vurduğu üçün Qaz İdarəsinin özü su borusuna bir ədəd smart kart tipli sayğac quraşdırmışdır. Keçən ilin dekabr ayının sonlarında X10 həmin ünvandan çıxmış və su xəttinə qoşulmuş smart kart tipli sayğacı onun xəbəri olmadan götürüb aparmışlar. Dekabr ayının sonkarlnda dəqiq xatırlamadığı tarixdə idarədə olarkən abonent şöbəsinin rəisi Pənah Mirzəyev ondan əraziyə getmələrini istəmiş, yolda olarkən Əntiqə xanımın obyektinə getməyi bildimişdir. Obyektə çatanda Pənah Əntiqə xanıma zəng etmiş və sonun Oqtay müəllimlə gəlmişdir. Pənah həmin vaxt Əntiqə xanımdan sayğacın dəyəri olan 350 manat pulu istəmiş, sayğacı bir ay ərzində gətirib quraşdıracağını bildirmişdir. Lakin Əntiqədə həmin vaxt pul tam şəkildə olmamış, pulun bir hissəsini Pənaha vermişdir. Həmin hadisədən bir neçə gün sonra onun maşını ilə yenə oraya getmişlər və Pənah ona Əntiqə xanımın pulu götürmək üçün onu çağırdığını bildirmişdir. Daha sonra pənah gedib pulu götürüb gəlmiş, özü isə içəri daxil olmayaraq maşında gözləmişdir. Həmin tarixdən sonra Pənah ünvana sayğac quraşdırmamışdır. Mütəmadi olaraq Əntiqə xanım ondan sayğacı nə zaman quraşdıracaqlarını soruşmuş, Pənah da gətirib quraşdıracağını bildirmişdir. Sonuncu dəfə Pənaha may ayında zəng etmiş və həmin vaxt da sonuncu məsələni həll edəcəyini bildirmişdir. Əntiqə mütəmadi sayğacı gözləmiş, lakin su xəttindən istifadə etməmişdir. Özü mütəmadi baxış keçirərkən sayğacdan kənar istifadə aşkar etməmişdir. 19 iyun 2023-cü il tarixdə Əntiqə xanım ona zəng edərək 4 saylı Regional Sukanal İdarəsindən gəlib ona cərimə yazdıqlarını bildirmiş, suyu elə yenicə qoşduğunu, bu zaman idarənin əməkdaşlarının gəldiyini demişdir. Lakin təxminən 1 həftə əvvəl də həmin su xəttinə baxmış və kənar istifadə aşkar etməmişdir. Rayon ərazisində abonentlərə gün ərzində 2 saat su verilir. Qərarda əksini tapmış 21 iyul 2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, baxış yeri Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən rayon sakini İddiaçı istifadəsində olan sahibkarlıq obyektləridir. Su təchizatı şəbəkəsindən gələn su boru xətti yerin altından rezin boru vasitəsilə çəkilmişdir və uzunluğu təxminən 3 metrdir. Borunun uc hissəsində açıb bağlamaq üçün istifadə edilən kran qoyulmuşdur və diametri 32 mm-dir. Borunun qarşısında dəmir qurğu, həmin qurğunun yuxarı hissəsində 1 ədəd su çəni, qurğunun aşağı hissəsində isə su motoru yerləşir. Motorun sol tərəfindəki ağ rəngli plastmas borununaşağı hissəsi kəsilmişdir. Baxış iştirakçısı Abbas Məlikov 2019-cu il tarixə kimi plastmas borunun kəsilmiş uc hissəsində mexaniki su sayğacının olduğunu, X9 sahəsi obyekti icarəyə götürdükdən sonra mexaniki su sayğacını özlərinə məxsus smart kart tipli sayğac ilə əvəz etdiklərini, keçən ilin dekabr ayında isə sayğacı boru ilə birlikdə kəsib apardıqlarını, həmin tarixdən bəri ünvanda su sayğacı olmadığını və su xəttindən kənar istifadə edilmədiyini bildirdi. Abbas Məlikovdan sonuncu dəfə həmin su xəttinə hansı tarixdə baxış keçirdiyi soruşulduqda, qeyri-qanuni istifadənin aşkar edildiyi tarixdən 1 həftə əvvəl həmin ünvanda olduğunu və hər hansı qeyri-qanuni istifadə aşkar etmədiyini bildirdi. Sabirabad rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqsünas Kamal Babayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında İddiaçı əməlində cinayət tərkibinin olmaması, onun su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su resurslarından qeyri-qanuni istifadə etməsi nəticəsində 6192 manat ziyan vurması faktının öz təsdiqini tapmaması barədə qənaətini onunla əsaslandırmışdır ki, materiala əlavə edilmiş sənədlərlə İddiaçı məxsus sahibkarlıq obyektində 32 mm-lik su borusundan 360 gün ərzində, günlük 5 saat qeyri-qanuni istifadə edilməsi nəticəsində 6192 manat ziyan vurulması qeyd edilsə də, İddiaçı həmin su xəttindən cəmi 1 saat kimi qısa müddət ərzində istifadə etdiyini, hadisədən əvvəl həmin su xəttindən istifadə etmədiyini bildirmişdir. Həmin xüsusat qeyri-əhali obyektlərə nəzarət edən Abbas Məlikovun izahatı ilə də təsdiq olunmuş, sonuncu təxminən 1 həftə əvvəl həmin ünvana baxış keçirdikdə və əvvəlki dövrlərdə İddiaçı su xəttlərindən qeyri-qanuni istifadə etmədiyini bildirmişdir. Habelə, itirilmiş suyun həcmi kimi günlük su resurslarından 5 saat ərzində istifadə edildiyi qeyd edilsə də, araşdırma zamanı izhatları alınmış Cavabdeh ASC-nin bütün əməkdaşları Sabirabad rayonu ərazisində abonentlərə günlük cəmi 2 saat su verildiyii bildirmiş, göstərilənlər itirilmiş suyun həcminin həddən artıq yüksək olduğunu, o cümlədən vurulmuş ziyanın düzgün hesablanmadığını sübut etmişdir. Bundan əlavə, alınmış izahatlarla həmin ünvanda 2019-cu il tarixdən 2022-ci ilin dekabr ayına kimi X9 sahəsinin smart kart tipli su sayğacının quraşdırılması və həmin sayğacdan istifadə edilməsi müəyyən edilmiş, ntiqə Səmədova həmin xüsusatı izahatında təsdiq edərək, əlavə olaraq şadlıq sarayının yanındakı su hovuzuna kanal suyu dolduraraq istifadə etdiyini, nadir hallarda su təchizatı şəbəkəsindən istifadə etdiyini bildirmişdir. Göstərilən xüsusat habelə Oqtay Məhərrəmov və Abbas Məlikovun izahatları ilə də təsdiq edilmişdir. Eyni zamanda, materiala əlavə edilmiş abonent haqqında məlumatlardan göründüyü kimi, 2012-ci il tarixdən etibarən İddiaçı ən çox su resurslarından istifadə etdiyi il 2014-cü il olaraq müəyyən edilmiş, həmin dövrdə illik istifadə cəmi 400 manat olmuşdur. Göründüyü kimi, itirilmiş suyun həcmi həddindən artıq yüksək hesablanmışdır. Bundan əlavə Sabirabad rayon Prokurorluğundan sorğu nəticəsində əladə edilmiş 145- C-23 nömrəli 4 saylı Regional Sukanal İdarəsindən daxil olmuş məlumat əsasında toplanmış materialda olan 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi İddiaçı fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmış, xx.xx.2023-cü ildə fəaliyyəti bərpa edilmiş, xx.xx.2023-cü ildən xx.xx.2038-ci il kimi yenidən fəaliyyəti dayandırılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixində Azərsu» ASC 4 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən rayon sakini İddiaçı istifadəsində olan “Mələk” şadlıq sarayına baxış keçirmiş, qeyd edilən obyektin su xəttinə qanunsuz qoşulması faktının müəyyən olunması əsası ilə akt tərtib etmiş, daha sonra qeyd edilən obyekt sahibi olan hazırki iddiaçı barəsində su resurslarının talanması faktı ilə Sabirabad rayon prokurorluğuna müraciət edilmiş, araşdırma zamanı ASC-nin əməkdaşı Abbas Məlikov da qanunsuz qoşulma faktından 1 həftə əvvəl su xəttinə baxış keçirdiyini, qanunsuz qoşulma faktını aşkar etmədiyini göstərmişdir. Araşdırmanı həyata keçirən müstəntiq də həm göstərilən əməkdaşın izahatına, həm də materiala əlavə edlimiş yuxarıda adları çəkilən sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı əməlində su resursunun talanması faktı mövcud olmamış, həmçinin İddiaçı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla su resurslarını talaması nəticəsində 6192 manat ziyan vurması faktı öz təsdiqini tapmadığı əsası ilə cinayət işinin başlanmasının rədd edilməsini qərara almış, materialların qarşılıqlı müqayisəsini aparmaqla İddiaçı ən çox 2014-cü ildə su resurlarından istifadə etməklə, istifadəsinin dəyərinin 400 manat təşkil etdiyini müəyyən etmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Həmçinin müəyyən edilmişdir ki, sahibkarlıq obyekti 2022-ci ilin dekabr ayından X10nin sayğacı aparması nəticəsində sayğacsız qalmış, iddiaçı obyektin sayğacla təmin edilməsi üçün Cavabdeh ASC-nin əməkdaşları ilə danışıqlar aparmış, hətta sayğaca görə 350 manat Pənah Mirzəyevə 350 manat ödəniş etmiş, lakin bundan sonra da dəfələrlə müraciət etməsinə baxmayaraq, obyekt su sayğacı ilə təmin edilməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 31.5-ci maddəsinə əsasən, su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kim, istehlakçının suölçən cihazla təmin edilməsi, quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin vəzifəsidir və həmin cihazın yerinin dəyişdirilməsi su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılmalıdır. Lakin işdən də göründüyü kimi, X10 mövcud olmuş sayğacı apararkən su təchizatı müəssisəsinin əməkdaşlarının iştirakı olmamış, lakin əməkdaşlar bu barədə sonradan məlumatlı olmuş, lakin hər hansı tədbir görməmişlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5ci maddəsinə əsasən, suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. İşdən də göründüyü kimi, istehlakçı şifahi formada su təchizatı müəssisəsinin əməkdaşından sayğacla təmin edilmənin onların səlahiyyətində olub-olmadığını soruşmuş, onların səlahiyyətində olmasını öyrəndikdən sonra ona müraciət etmə forması izahat edilmədən sayğacı dəyərinin ödənilməsi tələb edilmiş, istehlakçı həmin tələb edilən dəyəri ödəmiş, lakin suölçən cihazla qanunsuz qoşulma faktı aşkar edilənə kimi təmin edilməmişdir ki, qurulma anından da göstəricinin hesablanıb dəyərinin ödənilməsi təmin edilmiş olsun. Hətta rədd materialından da görünür ki, sayğaca görə pul vəsaitinin alınıb aldatmaya yol verilməsinə görə ASC-nin əməkdaşları Abbas Məlikov və Pənah Mirzəyevin əməllərində dələduzluq cinayətinin tərkibinin araşdırılıb hüquqi qiymət verilməsi üçün material ayrılmaqla Sabirabad RPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə ilk öncə aktın ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmasının nəticəsində də müəyyən edildi ki, iddiaçı su xəttinə qanunsuz qoşulma halına yol vermiş, bu fakt 4 saylı Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş, iddiaçı özü də qanunsuz qoşulma halına yol verdiyini etiraf etmişdir. Belə olan halda aktın qanunsuz şəkildə tərtib edilməsindən söhbət gedə bilməz. Həmçinin akt tərtib edilərkən hər hansı qanun pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, idia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. İddia tələbinin akt əsasında hesablanmış 6192 manat borcun silinməsi hissəsinə münasibətdə isə məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. İşdən göründüyü kimi isə, 19 iyun 2023-cü il tarixli akt tərtib edildikdən qısa müddət sonra, 21 iyul 2023-cü il tarixində yerində baxış keçirilməsi haqqında protokol tərtib edilərkən də ASC-nin əməkdaşı Abbas Məlikov qanunsuz qoulmanın aşkar edildiyi tarixdən bir həftə əvvəl su xəttinə baxış keçirdiyini, qanunsuz qoşulma faktının həmin vaxtı mövcud olmadığını bildirmişdir. Lakin belə bir halın mövcudluğuna baxmayaraq, göstərilən normanın tələblərinə istinadən 1 illik müddətə itirilmiş suyun həcmi iddiaçıya borc şəkilndə hesablanmışdır. Qanunsuz qoşulmanın vaxtını müəyyən etməyin bir əsasını da iddiaçının fəaliyyətinin dayandırılmış və bərpa olunmuş müddətləri nəzərə alınmalı olması təşkil etmişdir ki, bu hal itirilmiş suyun həcmi hesablanarkən araşdırılmamış və formal olaraq bir illik müddət hesablanmaq həmin məbləğ iddiaçıya borc olaraq yazılmışdır. Halbuki, iş materiallarından və məhkəmə araşdırmasının nəticəsindən göründüyü kimi, iddiaçı üçün bir illik dövr üzrə borc hesablanmış olsa da, iddiaçının fəaliyyəti xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi aktiv vəziyyətdə olmuş, bundan əvvəlki və sonrakı dövrə isə fəaliyyəti dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qanunsuz qoşulma nəticəsində itirilmiş suyun həcmi iddiaçının fəaliyyətinin aktiv olduğu xx.xx.2023-cü il tarixdən qoşulma faktının aşkar edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesablanmalı, qalan məbləğ iddiaçının abonent hesabından silinməli, yəni xx.xx.2023-cü il tarixdən qoşulma faktının aşkar edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesablanıb müəyyən edilməli olan məbləğin həcminə gəldikdə isə iddiaçının özünün izahatında göstərmiş olduğu X10 ilə birgə istifadə dövründə illik 500 manat ödəniş edilməsi halı nəzərə alınmalı, həmin məbləği aylıq ödənişin məbləğinin müəyyən edilməsi üçün 12-yə bölünməli (500:12=41,7), aylıq ödənişin 41,7 manat təşkil etməsi müəyyən edildikdən sonra günlük ödənişin müəyyən edilməsi üçün göstərilən məbləğ 30-a bölünməli (41,7:30=1,39), iddiaçının fəaliyyətinin aktiv olduğu dövrdən qanunsuz qoşulma faktının aşkar edildiyi günə qədər olan 12 günlük müddət isə əldə edilən günlük məbləğə vurulmalı (1,39x12=16,68) və 12 günə görə itirilmiş suyun həcmi 16,68 manat müəyyən edilməli və xx.xx.2023-cü il tarixli, 601915 saylı Akt üzrə hesablanmış 6192 manat borc azaldılaraq 16,68 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən qeyri-yaşayış binasına xx.xx.2023-cü il tarixli 601915 nömrəli AKT-a əsasən itirilmiş suyun bərpası üçün hesablanmış 6192 manat məbləğində borc azaldılaraq 16,68 manat müəyyən edilsin və qalan məbləğ abunə hesabından (abonent kodu 680066) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1985/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1985/2023
15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver