Məhkəmə qərarları › İş №2(056)-1997/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1997/2025

13.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1997/2025 13.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 324542 saylı aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1086 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Moranlı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Şirvan RTS-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. Lakin onun tərəfindən kənar xətt qoşması barədə yazılanlar absurddur. Belə ki, sayğacda nasazlıqlar olduğuna görə kənddə olan işıq nəzarətçisi gəlib baxmış və özü müvəqqəti enerji verilməsini bərpa etmişdir. Onun və ya ailəsinin tərəfindən sayğaca hər hansı müdaxilə olmasını sübut edən sənəd onlara təqdim edilməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və 1086 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimə edilmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, həmin cərimənin saldosunu istədikdə saldonu ona təqdim etməkdən imtina etmişlər və yalnız kompyuter üzrə sistemdə həmin cərimə məbləği görsənmişdir. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, orada ona məhkəməyə müraciət etməsini bildirmişlər. Əlavə olaraq bildirir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisinin sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtıvaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, onun əlavə xəttədən istifadə ilə bağlı heç bir təqsiri yoxdur. O, evdə olmaya-olmaya akt tərtib edilmişdir. Özü yaşlı qadındır. Sayğacdan anlayışı yoxdur. Həmçinin xəstədir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki, İddiaçı yaşadığı ünvan **********00123 saylı kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlır Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş "X3 Qaydaları”na əsasən xx.xx.2024-cü il tarixda iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisinden istifadə etdiyi aşkar olunmuşdur. Buna əsasən də EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə həmin tarixli, 324456 saylı akta əsasən 822,89 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa olunmuşdur. Lakin, iddiaçı iddia ərizəsində akt məbləğini düzgün qeyd etməmiş, o, debitor borcla akt məbləğini toplayaraq 1086 manat akt məbləğinin silinməsini tələb etmişdir. Məlum edir ki, İddiaçı yaşadığı ünvanda hal-hazırda akt üzrə hesablanmış borc məbləğindən 822,89 manat və istifadə olunmuş elektrik enerjisi üzrə isə 247,11 manat, ümumilikdə 1070 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2024-cü il tarixdə abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və R 324542 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Moranlı kəndində yerləşən **********00123 saylı abonent hesabına X3 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, R 324542 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 822,89 manat borc hesablanmışdır. “X3 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, R 324542 saylı akta əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 82 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R 324542 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Moranlı kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 822,89 manat borc məbləğindən 740,89 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R 324542 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 822,89 manat borc məbləğindən 740,89 manat Sabirabad rayonunun Moranlı kəndində yerləşən evə aid **********00123 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar