Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2093/2025 13.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 000220 saylı aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1325,28 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Axtaçı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Şirvan RTS-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. Lakin onun tərəfindən kənar xətt qoşması barədə yazılanlar aburddur. Belə ki, sayğacda nasazlıqlar olduğuna görə kənddə olan işıq nəzarətçisi gəlib baxmış və özü müvəqqəti enerji verilməsini bərpa etmişdir. Onun və ya ailəsinin tərəfindən sayğaca hər hansı müdaxilə olmasını sübut edən sənəd onlara təqdim edilməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və 1325,28 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimə edilmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, həmin cərimənin saldosunu istədikdə saldonu ona təqdim etməkdən imtina etmişlər və yalnız kompyuter üzrə sistemdə həmin cərimə məbləği görsənmişdir. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, orada ona məhkəməyə müraciət etməsini bildirmişlər. Əlavə olaraq bildirir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisindən sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, onun əlavə xəttədən istifadə ilə bağlı heç bir təqsiri yoxdur. İddia ərizəsində qeyd etdiyi kimi, sayğacda problem olmuş, cavabdeh təşkilatın əməkdaşı müvəqqəti işıqdan istifadə etməsini təmin etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2024-cü il tarixdə abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və NİM 000220 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Axtaçı kəndində yerləşən **********00459 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, NİM 000220 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 1325,28 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, NİM 000220 saylı akta əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 132 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, NİM 000220 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Axtaçı kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 1325,28 manat borc məbləğindən 1193,28 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 132 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin 1325,28 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1325,28 manat borc məbləğindən 1193,28 manat Sabirabad rayonunun Axtaçı kəndində yerləşən evə aid **********00459 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 132 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2093/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2093/2025
13.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver