Məhkəmə qərarları › İş №2(056)-2108/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2108/2024

01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2108/2024 01.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt üzrə hesablanmış 1036,80 manat borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olsada orada yaşamır, uzun illərdir ailəsilə birlikdə Bakı şəhərində yaşayır. Qaz sayğacı onun adına qeyd edilmişdir. Onun iştirakı olmadan Cavabdeh əməkdaşları ona xəbər etmədən onun ünvan 1 ünvanındakı olan evində quraşdırılan sayğaca baxış keçirtmişlər və baxış zamanı sayğacın çıxış plastmas borusu deşilmiş və yararsız olması müəyyən edilmişdir. Həmin gün Cavabdeh əməkdaşları ona demişlər ki, onun 1036,80 manat qaza borcu vardır. 31 avqust 2022-ci il tarixli, ******* saylı aktı əldə edərkən ona məlum olmuşdur ki, ona 1036,80 manat borc hesablanmışdır. Bu barədə iddia ərizəsinə abonentin saldosunu əlavə etmişdir. Hesab edir ki, həmin akt əsassızdır. O və ailə üzvləri bu günə kimi sayğaca heç bir müdaxilə etməmişlər və qaz pulunu vaxtı-vaxtında ödəmişlər. Aktda əsassız qeyd olunmuş sərfiyyat ağlabatan deyil. Göstərdiklərini nəzərə alaraq, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında göstərdi ki, İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş, sonra isə Cavabdeh X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-02917-1 nömrəli rəyi tərtib edilmişdir. Həmin rəyə əsasən G-4 markalı ******* saylı sayğaca ümumi baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Dəymiş ziyanın həcmi 8640 m3 hesablanmışdır. Eyni zamanda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən hesablanmış borc 1036,80 manat təşkil etmişdir. Həmin borc iddiaçıya aid abonentin saldosunda qeyd edilmişdir. Hesablanmış borc Cavabdehnə ödənilməlidir. Ona görə də göstərdiklərini nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 avqust 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli məktuba əsasən MSK 29/1710-02917-1 nömrəli rəyə görə ******* saylı sayğaca baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin avqust ayında 1036,80 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 31 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, 31 avqust 2022-ci il tarixli, ******* saylı akta əsasən (isteklahçı İddiaçı, abonent kodu: **********10100, ünvan: Sabirabad şəhəir, H.Əliyev prospekti) dəymiş ziyan ümumilikdə 8640 m3 qaz sərfiyyatı hesablanmışdır. Cavabdeh X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-02917-1 nömrəli rəyi tərtib edilmişdir. Həmin rəyə əsasən G-4 markalı ******* saylı sayğaca ümumi baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Məhkəmə iddiaçının və cavadehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı abonent saldosuna Cavabdeh işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 1036,80 manat borc əlavə edilmişdir. İddiaçı evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün Cavabdeh təbii qazın talanması ilə əlaqədar İddiaçı cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, İddiaçı təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Buradan da görünür ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilmişdir. İtirilmiş qazın dəyəri kimi hesablanmış 8640 m3 təbii qaz sərfiyyatı və ya 1036,80 manat borc (ziyan) üzrə məsuliyyəti iddiaçının daşıması sübut olunmadığından, iddiaçıdan həmin ziyanın alınması üçün «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 avqust 2022-ci il tarixli, ******* saylı akt əsaslı hesab edilə bilməz. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Sayğaca baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsində iddiaçının təqsirli olmasını və həmin halın nəticəsində iddiaçının təbii qazdan qanunsuz istifadə etməsini təsdiq edən mötəbər sübutu məhkəmə tədqiqi zamanı Cavabdeh məhkəməyə təqdim etməmişdir. Həmçinin də, 31 avqust 2022-ci il tarixli, ******* saylı aktın və itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 8640 m3 təbii qaz sərfiyyatı və ya 1036,80 manat borcun əsaslı olması barədə sübutunu Cavabdeh məhkəməyə təqdim etməmişdir. İddiaçı isə ona hesablanmış borcun əsassız olduğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara və hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli, ******* saylı aktı özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Ona görə də, Cavabdeh 31 avqust 2022-ci il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********10100) əlavə edilmiş borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2022-ci il tarixli, ******* saylı aktı ləğv edilsin və həmin akta əsasən İddiaçı hesabına (abonent kodu: **********10100) əlavə edilmiş borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar