Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-214/2024 16.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «iki uşaq üçün aliment məbləğinin artırılması, bir uşaq üçün aliment tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «iki uşaq üçün aliment məbləğinin artırılması, bir uşaq üçün aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli 2(056)-401/2011 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin dəyişdirilərək (artırılaraq) xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 xeyrinə Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin alınaraq ona verilməsi, eyni zamanda xx.xx.2014-cü il təvəllüdlü X4 xeyrinə Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli 2(056)- 401/2011 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan xx.xx.2008-ci il tarixli, 169 saylı nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 onun yanında qalmasının müəyyən edilməsi, onların xeyrinə hər ay hər uşağa görə 30 manatdan az olmamaqla, Cavabdeh aylıq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra onlar barışmış və ər-arvad kimi birlikdə yaşamış və xx.xx.2014-cü il tarixdə bir övladı - X7 anadan olmuşdur. Hazırda yenidən münasibətləri pozulmuş, onlar ayrılmış, uşaqlar onun yanında qalmışlar. Məhkəmənin qətnaməsi ilə 2011-ci ildə müəyyən edilən alimentin miqdarı hazırda qənaətedici deyil. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib, əlavə olaraq cavabdehin tez-tez iş yerini dəyişməsi, qazancının qeyri-müntəzəm dəyişən olması baxımından alimentin cavabdehin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması bəzən mümkün olmadığını və ya çətinlik törətdiyini nəzərə alaraq alimentin həcminin hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından aydın olur ki, Sabirabad rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli 2(056)- 401/2011 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Sabirabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış xx.xx.2008-ci il tarixli, 169 saylı nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X3 ataları Cavabdeh alınaraq anaları İddiaçı himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 30 manatdan az olmamaqla, Cavabdeh aylıq qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ-416879 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2014-cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh hazırda qazancı (gəliri) müəyyən dövrlərdə qeyrimüntəzəm, dəyişən və ya az həcmdə olduğu üçün alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı və çətinlik törətdiyi səbəbindən, bununla da nəticədə bu kimi yaranmış hal uşağın marağını əhəmiyyətli dərəcədə pozduğu üçün Sabirabad rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli 2(056)- 401/2011 saylı qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin hər ay hər uşağa görə 30 manatdan az olmamaqla, Cavabdeh aylıq qazancı və digər gəlirlərinin 1/3 hissəsi kimi deyil, məhz sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (bir yüz) manat, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit məbləğində aliment tutulması daha məqsədəuyğun olardı. Məhkəmə eyni zamanda qeyd edir ki, alimentin artırılmış məbləğinin tutulması qəbul ediləcək qətnamənin qanuni qüvvəsini aldığı tarixdən müəyyən edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8.12-ci bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin iddia tələbinin xx.xx.2014-cü il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması hissəsini qismən əsaslı hesab edir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin həcmini müəyyən edərkən, uşağın və iddiaçının mənafeylərini, onların hazırkı təminat səviyyələrini, eyni zamanda cavabdehin gəlirləri barədə məlumatın olmamasını və bununla da cavabdehin ehtimal olunan məhdud maddi vəziyyətini, respublikada 2024-cü il üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 100 manat məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından daha məqsədəuyğun olardı. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)-401/2011 saylı qətnaməsi əsasında hər ay hər uşağa görə 30 manatdan az olmamaq şərti ilə qazancın (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında tutulan alimentin həcmi artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment vəsaiti hər ay Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin bu qaydada hesablanması qətnamənin qanuni qüvvəsini aldığı gündən hesablansın. xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) AZN sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Qətnamə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsində dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(056)-214/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-214/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver