Məhkəmə qərarları › İş №2(056)-2206/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2206/2025

08.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2206/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abunə haqqında məlumat vərəqəsindən görünür ki, abonent İddiaçı xx.xx.2018-ci il tarixli, 096450 saylı akt əsasında 347,60 manat, xx.xx.2019-cu il tarixli, 127485 saylı akt əsasında 226,16 manat, xx.xx.2020-ci il tarixli, 183761 saylı akt əsasında 293,86 manat, xx.xx.2020-ci il tarixli, 203286 saylı akt əsasında 464,97 manat, xx.xx.2021-ci il tarixli, 209086 saylı akt əsasında 104,39 manat, xx.xx.2022-ci il tarixli, 266744 saylı akt əsasında 173,76 manat və xx.xx.2023-cü il tarixli, 308905 saylı akt əsasında hesablanmış 7,68 manat cərimə borcu hesablanmışdır.

2. xx.xx.2023-cü il tarixli, 308905 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, sayğac ödəniş kartını qəbul etmir, abonnetə müvəqqəti enerji verilmişdir.

3. xx.xx.2020-ci il tarixli, 203286 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur.

4. xx.xx.2021-ci il tarixli, 209086 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur.

5. xx.xx.2022-ci il tarixli, 266744 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur.

6. xx.xx.2020-ci il tarixli, 183761 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur.

7. xx.xx.2018-ci il tarixli, 096450 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur.

8. xx.xx.2019-cu il tarixli, 127485 saylı aktın surətindən görünür ki, yaşayış evinin sayğac uçot dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar olunmuşdur.

8. Sabirabad rayon İcra Hakimiyyəti Həşimxanlı kənd inzibati ərzasi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-19/2-496/2025 saylı arayışdan görünür ki, Məmmədova X1 rayonu, Qaratuğay kəndində yaşayır İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 096450 saylı, xx.xx.2019-cu il tarixli, 127485 saylı, xx.xx.2020-ci il tarixli, 183761 saylı, xx.xx.2020-ci il tarixli, 203286 saylı, xx.xx.2021-ci il tarixli, 209086 saylı, xx.xx.2022-ci il tarixli, 266744 saylı və xx.xx.2023-cü il tarixli, 308905 saylı aktlar əsasında hesablanmış 861,15 (səkkiz yüz altımış bir manat, on beş qəpik) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, Sabirabad rayonu, Qaratuğay kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Belə ki, onun sayğacında problem yarandığı üçün kəndinə baxan Cavabdeh-nin Sabirabad rayon əməkdaşlarına bu barədə bildirdi. Onlar da gəlib özləri sayğacı elektrik xəttindən ayıraraq birbaşa evinə gələn xəttə birbaşa qoşmuşlar. Sayğac təmir olunanadək belə istifadə etmişdir. Daha sonra isə istifadə etdiyi elektrik enerjisi sərfiyyatına ödəniş etdikdə onun 2481 manat borcu olması müəyyən edilmişdir. Bu barədə xəbər aldıqda barəsində ondan xəbərsiz xx.xx.2018-ci il tarixli, 096450 saylı, xx.xx.2019-cu il tarixli, 127485 saylı, xx.xx.2020-ci il tarixli, 183761 saylı, xx.xx.2020-ci il tarixli, 203286 saylı, xx.xx.2021-ci il tarixli, 209086 saylı, xx.xx.2022-ci il tarixli, 266744 saylı və xx.xx.2023-cü il tarixli, 308905 saylı aktlar tərtib etmişlər. Bu aktlar qanunsuz və özbaşına tərtib edilmişdir. Aktlar isə kənar xətt olması göstərilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən istehlakçının avadanlığı hər rüb yəni 3 aydan bir yoxlanılmalıdır. Bu hal isə məndə baş verməmişdir. Əsassız olaraq cərimələnmişdir. Ona görə də, hüquqları açıq-aşkar pozulmuşdur. Bundan başqa olmayanda gəlib sayğaca baxış keçirtdib cərimə yazmışlar. Qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. Ümumiyyətlə sayğacdan anlayışı yoxdur. Hər ay istifadə etdiyi enerji pulunu vaxtı-vaxtında ödəyir. Aktların tərtib edilməsində nə ona, nə dəki ailə üzvlərinə rəsmi və ya şifahi dəvət olunmamışdır. Aktlardan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olumnuş məbləğin sərfıyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisindən sərfıyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir.

a) iddiaya etiraz

11. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

b) məhkəmə icraat iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasın başqa vaxta keçirilməsini xahiş etmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır;

16. "Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”: Maddə 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir;

18. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1 -ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir; Maddənin 2. istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”: Maddə 9.1. istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; Maddə 10.9. enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar; Maddə 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır;

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

22. İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana işıq təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00309 nömrəli abonent kodu açılmışdır.

23. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 861,15 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən barəsində akt tərtib edilmiş, akt üzrə əsassız borc hesablanmışdır.

24. Məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, məişət abonenti olan İddiaçı adına qeydə alınmış sayğaca cavabdehin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə ayrı-ayrı vaxtlarda baxış keçirmiş və fərdi yaşayış evində abonent tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması halları müəyyən edilmişdir. Qeyd edilən pozuntulara görə aktlar əsasında 861,15 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən məbləğdə hesablanması ağlabatan və inandırıcı deyildir. Belə ki, iddiaçı da həmin halı öz izahatı ilə qismən təsdiq edir. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini müəyyən edərkən hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq enerjidən istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən günün 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri cavabdeh tərəfindən artıq hesablanmış borc məbləği iddiaçının abonent hesabından silinməlidir.

25. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

26. Odur ki, abonentə məxsus sayğaca kənar xəttin aşkar olunması cavabdeh təşkilat tərəfindən sübut edilməmişdir. Cavabdeh tərəf həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir.

27. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Sabirabad rayonu, Qaratuğay kəndi ünvanına (abonent kodu **********00309 olmaqla) xx.xx.2018-ci il tarixli, 096450 saylı, xx.xx.2019-cu il tarixli, 127485 saylı, xx.xx.2020-ci il tarixli, 183761 saylı, xx.xx.2020-ci il tarixli, 203286 saylı, xx.xx.2021-ci il tarixli, 209086 saylı, xx.xx.2022-ci il tarixli, 266744 saylı və xx.xx.2023-cü il tarixli, 308905 saylı aktlar əsasında hesablanmış 861,15 manat məbləğ azaldılaraq 86,11 manat müəyyən edilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı məxsus Sabirabad rayonu, Qaratuğay kəndi ünvanına (abonent kodu **********00309 olmaqla) xx.xx.2018-ci il tarixli, 096450 saylı, xx.xx.2019-cu il tarixli, 127485 saylı, xx.xx.2020-ci il tarixli, 183761 saylı, xx.xx.2020-ci il tarixli, 203286 saylı, xx.xx.2021-ci il tarixli, 209086 saylı, xx.xx.2022-ci il tarixli, 266744 saylı və xx.xx.2023-cü il tarixli, 308905 saylı aktlar əsasında hesablanmış 861,15 manat məbləğ azaldılaraq 86,11 manat müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar