Məhkəmə qərarları › İş №2(056)-2236/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2236/2024

18.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2236/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2018-cü il tarixli, 121099 saylı akt əsasında hesablanmış 1252,23 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, akt tərtib edildiyi zaman sayğac mexaniki olaraq dayanmışdır. Sayğacın mexaniki olaraq dayanması onun təqsiri deyildirı. Sayğacın istifadə müddətinin keçməsi, təbii, ekoloji təsirlər nəticəsində baş vermişdir ki, sayğac dayanmışdır. Burada hər hansı müdaxilədən bəhs edilmir və heç bir müdaxilə izi, əlamətləri də yoxdur. Digər tərəfdən bu hal aşkar edilən kimi baxış keçirilərək sayğac dəyişdirilmişdir. Onun təqsiri olmadığı halda əlavə olaraq 1252,23 manat ödəməyi barədə qərar qəbul edilməsini əsassız və qanunsuz hesab edir. Ailəsi tərəfindən 1252,23 manat məbləğində elektrik enerjisi istehlak edilməsi üçün 7-8 il müddət lazımdır. Nəzərdə tutulan vaxtda sayğaca qulluq edilməli və dəyişdirilməlidir. Həmçinin bildirir ki, nəzarətçi tərəfindən sayğaca mütəmadi baxış keçirilərək müvafiq məlumatlar əsasında ona bildiriş verilmişdir. Akit onun yanında tərtib edilməmiş və imza etmək üçün ona təqdim edilməmişdir. Hal şahidləri əvəzinə aktda cavabdeh təşkilatın nümayəndələri imza etmişlər. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, iddiaçı onun əridir. Akt 2018-ci ildə onların evində baş vermiş yanğın hadisəsindən sonra tərtib edilmişdir. Onların sayğacın dayanması ilə əlaqələri olmamışdır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2018-ci il tarixli akta əsasən sayğacın mexaniki olaraq dayanması faktı aşkarlanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Güdəcühür kəndində yerləşən **********00798 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə, xx.xx.2018-cü il tarixli, 121099 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 1252,23 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2018-cü il tarixli, 121099 saylı akta əsasən enerji itkisinə görə borc 120 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2018-cü il tarixli, 121099 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Güdəcühür kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 1252,23 manat borc məbləğindən 1132,23 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 120 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2018-cü il tarixli, 121099 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1252,23 manat borc məbləğindən 1132,23 manat Sabirabad rayonunun Güdəcühür kəndində yerləşən evə aid **********00798 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 120 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar